Ana Sayfa > Media > Azərbaycanın şanlı Qələbəsi beynəlxalq hüququn, ədalətin və Qoşulmama Hərəkatı dəyərlərinin təntənəsidir

Azərbaycanın şanlı Qələbəsi beynəlxalq hüququn, ədalətin və Qoşulmama Hərəkatı dəyərlərinin təntənəsidir


16-07-2021, 14:20. Yazar: sevinc1
Azərbaycanın şanlı Qələbəsi beynəlxalq hüququn, ədalətin və Qoşulmama Hərəkatı dəyərlərinin təntənəsidir


Bu günlərdə Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatının Xarici İşlər nazirlərinin onlayn formatda aralıq konfransı keçirilib və Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin çıxışı təqdim olunub. Dövlətimizin başçısı bu il BMT-dən sonra ikinci ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatının yaradılmasının 60 illiyinin tamam olduğunu bildirdi.

Qeyd etdi ki, Qoşulmama Hərəkatının təməlində sülh, multilateralizm və qlobal həmrəyliyin möhkəmləndirilməsi dayanır. Hərəkat ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, habelə ölkələrin daxili işlərinə qarışmamaq kimi prinsipləri təşviq edir. 10 il əvvəl Azərbaycan da bu hərəkatın üzvü olub və qısa müddət ərzində hərəkat daxilində böyük nüfuz və etimad qazanıb. 2016-cı ildə bütün üzv dövlətlərin yekdil qərarı ilə 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədrlik Azərbaycana həvalə edilib. Hamımız şahidik ki, 2019-cu ilin oktyabrında Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə görüşü uğurla keçirilib. Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışında bildirib ki, Azərbaycan beynəlxalq müstəvidə Qoşulmama Hərəkatı ölkələrinin legitim maraqlarının müdafiəsi, ədalət və beynəlxalq hüququn qorunması naminə əməli addımlar atacaq.

Amma təəssüf ki, keçən ilin sonlarında COVID-19 pandemiyası dünyanı bürüyüb, yeni reallıqlar və çətinliklər yaradıb. Buna baxmayaraq, ölkə daxilində yeni vəziyyətə çevik və adekvat reaksiya verilib. Eyni zamanda, Qoşulmama Hərəkatının sədri kimi də Azərbaycan pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi üçün bir sıra beynəlxalq təşəbbüslərlə çıxış edib. Nəticədə 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupu ölkələrinin Zirvə görüşü keçirilib. Azərabycan Prezidenti Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində koronavirusla mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsini təklif edib. Ümumilikdə həmin təşəbbüs BMT-yə üzv olan 150-dən çox dövlət tərəfindən dəstəklənib və 2020-ci il dekabrın 3-4-də Xüsusi Sessiya baş tutub. Azərbaycan pandemiya ilə mübarizə sahəsində Qoşulmama Hərəkatı ölkələri də daxil olmaqla, 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı edib. Eyni zamanda, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edib ki, bunun da yarısı Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulub.

Dövlət başçısı çıxışında 2020-ci ilin Azərbaycan üçün əlamətdar olduğunu deyib. Bu da ölkəmizin ərazi bütövlüyünün təmin olunması ilə bağlıdır. Prezident qeyd edib ki, 30 ilə yaxın müddətdə Ermənistan ərazimizin təqribən 20 faizini işğal altında saxlayıb, azərbaycanlılara qarşı etnik təmizləmə aparıb. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etsə də, bunlar kağız üzərində qalıb. Ermənistan isə danışıqlar prosesini məqsədli şəkildə məhv etməklə məşğul olub, Azərbaycanı “yeni ərazilər uğrunda yeni müharibə” ilə hədələyib. 2020-ci ildə Ermənistan dövlət sərhədi və keçmiş təmas xətti boyunca üç dəfə hərbi təxribatlara əl atıb, nəticədə hərbçilərimiz və mülki vətəndaşlarımız həlak olub. Nəhayət, ötən ilin sentyabrında Ermənistanın növbəti irimiqyaslı hücumu Azərbaycan Ordusunu əks-hücum əməliyyatına başlamağa məcbur edib. Nəticədə 44 günlük müharibə nəticəsində tam məğlubiyyətə uğrayan Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atıb. Beləliklə, demək olar ki, Azərbaycanın şanlı Qələbəsi beynəlxalq hüququn, ədalətin və Qoşulmama Hərəkatı dəyərlərinin təntənəsidir.

Anar Quliyev,
YAP Göygöl rayon təşkilatının Sarısu kənd tam orta məktəb ərazi ilk partiya təşkilatının sədri
aia.az

Geri dön