Ana Sayfa > Karusel / Gündəm > Səttar Möhbalıyev: “Azərbaycan Prezidentinin bu mesajı erməniləri isterikaya saldı – Biz bütün torpaqlarımıza qayıdacağıq!”

Səttar Möhbalıyev: “Azərbaycan Prezidentinin bu mesajı erməniləri isterikaya saldı – Biz bütün torpaqlarımıza qayıdacağıq!”


16-07-2021, 12:53. Yazar: sevinc1
Səttar Möhbalıyev: “Azərbaycan Prezidentinin bu mesajı erməniləri isterikaya saldı – Biz bütün torpaqlarımıza qayıdacağıq!”


“Bu gün torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə şəhid olmuş əsgər və zabitlərimizin ailələrinin, müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi, onlara göstərilən diqqət və qayğının artırılması Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin prioritet istiqamətlərindən biridir.” Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev deyib.

Millət vəkili bildirib ki, Vətən müharibəsində əldə olunmuş şanlı Qələbə ilə Azərbaycan öz tarixində ən böyük zəfərə imza atıb və bu tarixi Zəfər Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin, sağlamlıqlarını itirmiş qazilərimizin və düşməni doğma torpaqlarımızdan qovub çıxarmış bütün qəhrəman döyüşçülərimizin şücaəti sayəsində əldə olunub: “Dövlətimiz Vətən müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə dərin ehtiramla diqqət və qayğı göstərir. İlk növbədə etiraf olunmalıdır ki, hazırda Azərbaycanda bu sahədə həyata keçirilən dövlət siyasəti öz unikallığı ilə seçilir. Çünki heç bir başqa dövlətdə müharibə və hərbi münaqişələrdə həlak olmuş hərbiçilərin ailə üzvlərinə, qazilərə ölkəmizdə olduğu qədər qayğı göstərilmir. Birmənalı olaraq demək lazımdır ki, bu sahədə Azərbaycanda aparılan siyasət ən humanist, ən ədalətli və vicdanlı siyasətdir. Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri dövlət tərəfindən qayğı ilə əhatə olunur. Öz sağlamlığını itirmiş, yaralanmış qazilər bütün dövlət orqanları tərəfindən daim qayğı ilə əhatə olunurlar. Son illər ərzində bu sahədə çox böyük işlər görülmüşdür. 10 min şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin olunub və bu proses davam edir. 2020-ci ildə Azərbaycan bu istiqamətdə ən böyük göstəricilərə nail olub - 1572 şəhid ailəsi və Qarabağ qazisi evlərlə, mənzillərlə təmin olunub. Bu il 3 minədək şəhid ailəsi, müharibə əlili evlərlə, mənzillərlə təmin ediləcək. O cümlədən iyulun 14-də möhtərəm Prezidentimizin iştirakı ilə Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə növbəti dəfə yeni inşa olunmuş yaşayış kompleksində mənzillər təqdim olundu. Xocasəndə inşa olunmuş 810 mənzilli yaşayış kompleksi 15 ədəd doqquzmərtəbəli binadan ibarətdir ki, burada da 300 şəhid ailəsi və müharibə əlili mənzillə təmin olundular. Həmçinin uzun illərdir ki, Qarabağ qaziləri fərdi avtomobillərlə də təmin olunurlar və indiyədək ümumilikdə bu kateqoriyaya aid olan insanlara 7200 avtomobil verilib.”

Həmçinin Səttar Möhbalıyev qeyd edib ki, Qarabağ qazilərinin və şəhidlərimizin ailə üzvlərinin məşğulluq məsələlərinin həlli də daim dövlətin diqqət mərkəzindədir və bu yönümdə özəl sektorun da aktivliyi təqdirəlayiq haldır: “Bu gün şəhid ailələrinin və qazilərimizin məşğulluq məsələlərinin həlli məqsədilə Azərbaycanda xüsusi layihələr hazırlanıb həyata keçirilir. Dövlət səviyyəsində özünüməşğulluq proqramları icra olunur. Hər il bu proqrama qoşulmaq istəyənlərin sayı artır və bu vətəndaşlara dövlət tərəfindən vasitələr təqdim olunur. O cümlədən bu il də 16 min insanın özünüməşğulluq proqramına cəlb olunacağı, dövlət tərəfindən onlara vasitələr veriləcəyi və vətəndaşların öz gələcək maddi imkanlarını artıq özlərinin təmin edəcəkləri nəzərdə tutulub. Qeyd edək ki, özünüməşğulluq proqramına cəlb olunan 16 min nəfər arasında artıq 5 mindən çox şəhid ailələrinin üzvləri və müharibə əlilləri vardır. Xüsusilə vurğulamaq lazımdır ki, bu gün şəhid ailələri və qazilərimizin məşğulluq məsələlərinin həllində özəl sektor fəal iştirak edir və bu, son dərəcə təqdirəlayiq haldır. Məlumdur ki, dövlətimiz hər zaman özəl sektorun inkişafı, sahibkarlıqla məşğul olanların normal fəaliyyəti üçün böyük işlər görüb. İndi də sahibkarlar öz sosial məsuliyyətlərini nümayiş etdirirlər.”

Daha sonra Səttar Möhbalıyev iyulun 14-də Prezident İlham Əliyevin Xocasən qəsəbəsində şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşü zamanı etdiyi çıxışında son dərəcə mühüm və bütün Azərbaycan xalqı üçün qürurverici məqamlara toxunduğunu vurğulayaraq bunları deyib: “Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin iyulun 14-də Xocasən qəsəbəsində şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşü zamanı dediyi sözlər əminəm ki, hər bir azərbaycanlının qəlbini bir daha fərəh və qürurla doldurdu: “Zəngəzur tarixi torpağımızdır və oraya qayıdacağıq.” Əlbəttə ki, bu mesajın erməniləri və onların havadarlarını növbəti dəfə isterikaya sala biləcəyinin ehtimalı çox böyükdür. Bilirik ki, bu gün artıq Zəngəzur dəhlizinin açılması istiqamətində işlər aparılır. Artıq Şərqi Zəngəzur iqtisadi zonası yaradılıb. Əlbəttə ki, əgər Şərqi Zəngəzur varsa, deməli Qərbi Zəngəzur da var. Dövlət başçısının dediyi kimi, Şərqi Zəngəzur da, Qərbi Zəngəzur da bizim tarixi torpağımızdır, bizim dədə-baba torpağımızdır. Biz oraya qayıtmalıyıq, qayıdacağıq və qayıdırıq. Heç kim bizi dayandıra bilməz. Bütün kommunikasiyalar açılandan sonra Azərbaycan əhalisi öz dədə-baba torpaqlarına qayıdacaq. Öz çıxışında Ölkə Prezidenti cənab İlham Əliyev bir daha hamının nəzərinə çatdırdı ki, üçtərəfli 10 noyabr Bəyanatında bütün qaçqınların öz doğma torpaqlarına qayıtmaları xüsusi olaraq nəzərdə tutulub. Bizim doğma torpağımız Zəngəzurdur, bizim doğma torpağımız Göyçə mahalıdır, İrəvandır və biz o torpaqlara qayıdacağıq.”

aia.az
Geri dön