Ana Sayfa > Gündəm > Aqiyə Naxçıvanlı: “Şəhidlər Xiyabanı and yerimizdir!”

Aqiyə Naxçıvanlı: “Şəhidlər Xiyabanı and yerimizdir!”


15-07-2021, 19:17. Yazar: admen
Aqiyə Naxçıvanlı: “Şəhidlər Xiyabanı and yerimizdir!”

Deputat Aqiyə Naxçıvanlı Oğuzda şəhid ailələrini zyarət edib

Növbəti dəfə seçicilərlə görüşə gələn 117 saylı Oğuz-Qəbələ seçki dairəsi üzrə Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı ilk ziyarətini Oğuzun “Şəhidlər Xiyabanı”ndan başlamışdır. Tədbirdə iştirak edən şəhid ailələri və ictimaiyyət nümayəndələri ilə birlikdə Vətən müharibəsində canlarını qurban vermiş qəhrəman oğulların məzarları önünə gül dəstələri qoyulmuş, ruhularına dualar oxunmuşdur.

Aqiyə Naxçıvanlı 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbə əldə etməsindən, 30 il işğal altında olan Vətən torpaqlarının erməni vandallarından qısa müddətdə birdəfəlik azad olunmasından və zəfərlə sona çatan Vətən müharibəsində  Oğuzun qəhrəman oğullarının da rəşadətlə vuruşmasından ətraflı danışmışdır. Tədbirdə olan şəhid valideynləri onların ailə üzvlərinə xüsusi diqqət və qayğı ilə yanaşıldığını, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hökumətinin şəhid ailələrinin sosial problemləri ilə bilavasitə yaxından maraqlanmasını və həlli üçün konkret tapşırıqlar verməsini minnətdarlıqla qeyd etmiş, şəhidlərimizin uyuduğu Xiyabanın, onların xatirəsinə ucaldılmış abidələrin əsaslı şəkildə təmir edilməsini yüksək diqqətin nümunəsi kimi qəbul etdiklərini söyləmişlər. Qeyd olunmuşdur ki,   artıq İkinci Qarabağ müharibəsində şəhid olanların məzarüstü abidələrinin götürülməsi işləri başa çatdırılıb. Hal-hazırda Şəhidlər Xiyabanının işıqlandırılması, ətraf ərazinin abadlaşdırılması, məzarlığın hasarında suvaq və üzlənmə işləri sürətlə davam etdirilir. Şəhid ailələri və Oğuz sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya milli-mənəvi dəyərlərimizə, qazilərimizə,  şəhidlərimizin ailə üzvlərinə göstərdikləri diqqət və qayğıya görə çox minnətdar olduqlarını bildirmişlər.

Anım mərasimindən sonra Aqiyə Naxçıvanlı şəhid ailələrinin evlərinə gedərək onların problemləri, məişət qayğıları ilə maraqlanmışdır. Şəhid atası Talıb Əliyev deputata yüksək diqqət və qayğıya görə minnətdarlığını bildirmiş, onları heç bir zaman tək qoymadığı üçün təşəkkür etmişdir. O, vətən yolunda bir övlad itirdiyini, lakin artıq yüzlərlə oğul qazandığını, onun ailəsinə hər yerdə hörmət-ehtiramla yanaşıldığını söyləmişdir. Şəhid atası özünün və daha iki oğlunun da Vətən yolunda canından keçməyə hazır olduqlarını qürurla qeyd etmişdir. Daha sonra Talıb Əliyev oğlu Anar Əliyevin şəhadətə çatdıqdan sonra nəşini gətirmək üçün hərbi hospitallardan birində olarkən rastlaşdığı mənzərə barədə fikirlərini söyləmişdir: “Getdiyim hospitalda 31-dən artıq şəhid var idi. Mən bir-bir onlara baxaraq övladımı axtarırdım. İnanın ki, hansının üzünə baxırdımsa çöhrələrində təbəssüm görürdüm, üzləri gülürdü. Məəttəl qalmışdım, hec bir iztirab, qorxu, solğunluq yox idi... Mən onda anladım ki, şəhidlik nədir, Allahın seçilmiş bəndəsi olmaq, şəhadətə yüksəlmək nədir.” Şəhid atası nitqində dəfələrlə Ali Baş Komandan İlham Əliyevə təşəkkürünü bildirdi, ona can sağlığı arzuladı. Onun qətiyyəti sayəsində bu ğun Vətən torpaqlarının azad olunduğunu, oğlu Anar Əliyev də daxil olmaqla heç bir şəhidimizin qanının yerdə qalmadığını vurğuladı.

Daha sonra şəhid Elman Babayevin ailəsində olan Aqiyə Naxçıvanlı şəhidin anası Lalə Həsənovanın, şəhidin həyat yoldaşı və uşaqlarının yaşayışı ilə yaxından tanış olmuşdur. O, şəhid anasına başını dik tutmağı söyləmiş, əmanət qoyub getdiyi övladlarının ataları kimi Vətənə layiqli vətəndaş olmaları üçün birgə nə lazımdırsa edəcəyinə söz vermişdir. Ailənin bir neçə problemi qeyd olunaraq həlli üçün köməklik göstəriləcəyi nəzərə çatdırılmışdır.

Bundan sonra şəhid Elşən Əhmədli və Məhəbbət Paşayevin də ailələrində olan Aqiyə Naxçıvanlı onların övladlarının döyüşlərdə göstərdikləri qəhrəmanlıqların tariximizin səhifələrinə qızıl hərflərlə yazıldığını, yaddaşlardan hec vaxt silinməyəcəyini və gələcək nəsillərin tarix kitablarında xüsusi yer tutacağını bildirmişdir. Deputat məhz bunları nəzərə alaraq Ölkə Prezidentinin Azərbaycan tarixinin yenidən yazılması barədə göstəriş verdiyini qeyd etmişdir. Daha sonra Aqiyə Naxçıvanlı şəhidlərimizin evlərində yaradılmış medallarla dolu olan guşələrə baxış keçirərək, Məhəbbət və Elşənin valideynlərinin övladları haqqında xoş xatirələrini dinləmişdir. Şəhid ailələri ilk gündən onlara olan qayğı və xüsusi diqqətə görə Ölkə Prezidentinə, onun xanımına minnətdarlıqlarını bildirmiş, Vətən üçün bundan sonra da hər şeyə hazır olduqlarını söyləmişlər.
Aqiyə Naxçıvanlının seçicilərlə görüşləri davam edir.

AİA.Az

Geri dön