Ana Sayfa > Siyasət > Ənənələri qoruyan Azərbaycan mətbuatı
Ənənələri qoruyan Azərbaycan mətbuatı15-07-2021, 17:20. Yazar: sevinc1 |
![]() Bünövrəsi 1875-ci ilin 22 iyulunda "Əkinçi" qəzetinin ilk nömrəsinin nəşri ilə qoyulan milli mətbuatının keçdiyi tarixi yol xalqımızın şərəf salnaməsidir. Milli oyanışın yeni mərhələsini təmsil edən "Əkinçi" qəzetinin başlanğıcını qoyduğu bu yol neçə-neçə mətbu və ədəbi məktəbin formalaşma prosesinə təkan verdi, xalqın maariflənməsinə, milli-azadlıq hərəkatının güclənməsinə birbaşa öz güclü təsirini göstərdi. Tarixin müxtəlif ictimai-siyasi mərhələlərində bərkiyib formalaşmış Azərbaycan mətbuatı xalqa, cəmiyyətə, insana xidmət borcunu şərəflə yerinə yetirdi. Həsən bəy Zərdabi "Əkinçi"ni nəşr etdirməklə, Azərbaycan demokratik mətbuatının bünövrəsini qoydu. H.Zərdabi nəşr etdirdiyi qəzetin adını "Əkinçi" qoysa da, orada qabaqcıl mütərəqqi ideyalar təbliğ olunurdu. Ən başlıca, xalqımızın ana dilində qəzet oxuması çox əlamətdar bir hadisə idi. "Əkinçi" özündən sonra "Ziya", "Kəşkül", "Kaspi", “Azərbaycan” qəzetlərinin, "Molla Nəsrəddin" jurnalının meydana çıxmasına yol açdı. Qeyd edək ki, ictimai fikir və mətbuat tariximizdə Mirzə Fətəli Axundov, Nəcəf bəy Vəzirov, Əbdürrəhman bəy Haqverdiyev, Həsən bəy Zərdabi, Abdulla Şaiq, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli kimi şəxsiyyətlərin yeri və rolu əvəzsizdir. Onların ideya və baxışları sırf azərbaycançılıq məfkurəsi ilə yoğrulmuşdu, xalqı, milləti maariflənməyə, milli-mənəvi dəyərlərə yiyələnməklə bəşəri yüksəlişə və inkişafa səsləyirdi. Məhz bu səs-sədanın gücü ilə XIX əsrin ikinci yarısından başlayaraq XX yüzillikdə xalqımızın ictimai-siyasi və mədəni həyatında ölçüyə sığmayan inkişaf baş verdi. Xalqımız maarifləndi, savadlandı, onu cilovlayan müstəmləkə zəncirindən azad olmaq üçün mücadilə yoluna çıxdı. Müsəlman Şərqində ilk müstəqil demokratik dövlətini quran xalqımız bu dövrün zəngin mətbuat tarixini də yaratdı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə dərc olunan nəşrlərdə milli şüura və ictimai fikrə təsir edən çoxlu sayda məqalələr işıq üzü gördü. Dövlət müstəqilliyini bərpa edən Azərbaycanda müasir kütləvi informasiya vasitələrinin formalaşması və inkişafı isə əsasən 1993-cü ilin iyun ayından sonrakı dövrə təsadüf etdi. Bu mərhələdən etibarən Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi mütərəqqi islahatlar nəticəsində ölkədə söz və mətbuat azadlıqlarına Konstitusiya təminatı yaradıldı, demokratik ruhlu media qanunvericiliyi qəbul olundu. 1998-ci il 6 avqust tarixdə imzalanmış "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərman əsasında 1966-cı ildən mövcud olan və senzura fəaliyyəti həyata keçirən Nazirlər Kabineti yanında Dövlət Sirlərini Mühafizə edən Baş İdarənin ləğvi Azərbaycan milli mətbuatını ilk dəfə olaraq hökumət nəzarətindən tamamilə azad etdi. Azərbaycan Respublikasının Konstitusiyası, 1999-cu ilin dekabrında qəbul olunmuş və sonrakı illərdə beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində təkmilləşdirilmiş "Kütləvi informasiya vasitələri haqqında" Qanun, 2005-ci ildə qəbul edilmiş "İnformasiya əldə etmək haqqında" Qanun söz və mətbuat azadlığına, mətbuatın və jurnalistlərin müstəqil fəaliyyətinə tam təminat verdi. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev 2002-ci ildə, Prezident İlham Əliyev isə 2010, 2013, 2017 və 2018-ci illərdə kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi sahəsindəki xidmətlərinə görə “Jurnalistlərin dostu” mükafatına layiq görülüblər. Bu gün bizim milli mətbuatımız 146 il ərzində öz yüksəliş və inkişaf mərhələsinə gəlib çıxıb. Bu gün ölkəmizdə yüzlərlə mətbuat orqanı qəzet və jurnal fəaliyyət göstərir. Şübhə yoxdur ki, milli mətbuatımız illər keçdikcə daha da büllurlaşacaq, saflaşacaq və qəhrəmanlıq rəmzinə çevrilmiş mətbuat işçilərimiz daim xalqımızın marariflənməsi, dünya ictimaiyyətinin Azərbaycan reallıqlarını tam dərk etməsi istiqamətində fəaliyyətlərini daha da inkişaf etdirərək davam etdirəcəklər. Necə ki, 44 günlük Vətən müharibəsində və sonrasında jurnalistlərimizi öz həyatlarını təhlükəyə ataraq ictimaiyyəti reallıqlarla tanış edirdilər, bundan sonra da bu belə olacaq. Rüfət Əhmədov YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin sədri aia.az Geri dön |