Ana Sayfa > Gündəm > Hafiz Kərimov: “Heydər Əliyev dühası Azərbaycanı bütün dünyaya tanıtdı”

Hafiz Kərimov: “Heydər Əliyev dühası Azərbaycanı bütün dünyaya tanıtdı”


14-07-2021, 10:30. Yazar: sevinc1
Hafiz Kərimov: “Heydər Əliyev dühası Azərbaycanı bütün dünyaya tanıtdı”

Ötən əsrin 1969-1982-ci illərində Azərbaycana rəhbərlik etdiyi dövrdə ulu öndər Heydər Əliyevin fəaliyyətinin mühüm əhəmiyyət daşıyan istiqamətlərindən biri də xalqın milli ruhunun oyadılması olmuşdur. Xüsusən də o dövrdə Ermənistan SSR hökumətinin var gücü ilə Azərbaycandan ayıraraq özünə birləşdirməyə can atdığı Dağlıq Qarabağda milli özünüdərk ideologiyasının təşəkkülü və inkişafı yönümündə ümummilli lider önəmli addımlar atır, misilsiz fəaliyyət göstərirdi.

Qədim Qarabağın tarixini, mədəniyyətini, incəsənətini, iqtisadi inkişafını hamıdan daha yaxşı bilən Heydər Əliyev bu məsələyə çox həssaslıqla yanaşmışdır. Azərbaycanın qədim mədəniyyət mərkəzi kimi Şuşanın tarixi keçmişini gözəl bilən və yüksək dəyərləndirən Heydər Əliyev bu şəhərin inkişafına çox böyük qayğı göstərirdi. Ümummilli lider Şuşaya zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi baxırdı. Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədilə 1970-ci illərin ikinci yarısında bir neçə xüsusi qərar qəbul edildi. Həmin il qərarlara uyğun olaraq şəhərin keçmişdə tikilmiş binaları, tarixi abidələri bərpa edildi, yeni çoxmərtəbəli yaşayış binaları, böyük mehmanxana kompleksləri, ayrı-ayrı inzibati binalar tikildi. Bununla yanaşı, Şuşanın statusu qaldırılaraq ümumittifaq səviyyəli kurort şəhərinə çevrildi. Həmin qərarların yerinə yetirilməsinin böyük tarixi əhəmiyyəti var idi. Şəhərdə azərbaycanlılar üçün əlavə iş yerləri açılır, həyat səviyyəsi yaxşılaşır, Azərbaycanlıların milli ruhu güclənirdi. Ölkənin müxtəlif yerlərindən Şuşaya istirahətə gələnlər eyni zamanda Azərbaycanın tarixi, mədəniyyəti və incəsənəti ilə yaxından tanış olurdular.

Bu gün Ölkə Prezidenti cənab İlham Əliyev Qarabağın dağlıq və aran hissələrinin iqtisadiyyatlarının birləşdirilməsi məqsədilə yeni iqtisadi rayonların yaradılması barədə müdrik tarixi qərar qəbul edib. Qeyd etmək lazımdır ki, ulu öndər Heydər Əliyev hələ ötən əsrin 60-70-ci illərində bu istiqamətdə vacib addımlar atmışdı. Səbəb isə bu idi ki, erməni millətçiləri Dağlıq Qarabağın Azərbaycanın digər rayonları ilə guya iqtisadi və təsərrüfat əlaqələrinin olmadığını, əhalinin ümumi sayında ermənilərin çoxluğunu əsas gətirərək vilayətin Ermənistana birləşdirilməsini tələb edirdilər. Onların bu niyyətlərinin qarşısını almaqda, Yuxarı Qarabağın Aran Qarabağla və digər rayonlarla əlaqəsini daha da sıxlaşdırmaq, strateji əhəmiyyətli kommunikasiyaların sayını artırmaq böyük rol oynaya bilərdi. Bu məqsədlə Heydər Əliyevi təşəbbüsü ilə Ağdam-Xankəndi dəmiryolu çəkildi və 1979-cu il yanvarın 12-də həmin yol ümummilli liderin iştirakı ilə istifadəyə verildi. Həmin dəmir yolu xətti ilə muxtar vilayətin respublikanın digər rayonları ilə daha sıx iqtisadi əlaqəsi yaradıldı. Bu, Heydər Əliyevin Qarabağın dağlıq və aran hissələrinin, Azərbaycanın digər rayonlarının təsərrüfat və iqtisadi cəhətdən daha çox birləşdirilməsi sahəsində strateji addımı və böyük tarixi xidməti idi.


Əlbəttə ki, ulu öndər Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət nəticəsində 1969-1982-ci illər ərzində göstərdiyi misilsiz fəaliyyət ümumilikdə bütün respublika iqtisadiyyatının inkişafına, güclənməsinə istiqamətlənmişdi. Həmin dövrdə ulu öndərimizin mahiyyətində müstəqilliyə hazırlıq ideyası duran fəaliyyəti sayəsində Azərbaycanda 213 yeni iri sənaye müəssisəsi istismara verilib, dünyanın 65 ölkəsinə 350 adda məhsul ixrac olunub. Həmin illər ərzində Azərbaycanın milli gəlirinin ümumi həcmi 2,5 dəfə artıb. Moskvanın, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin 170 aparıcı elm və təhsil ocağına 10 mindən çox azərbaycanlı oğlan və qız təhsil almağa göndərilib. Bu, ulu öndər Heydər Əliyevin siyasi müdrikliyinin və uzaqgörənliyinin göstəricisi idi. Bütün bunlarla yanaşı, ümummilli lider ölkəyə birinci dəfə rəhbərlik etdiyi dövrdə respublika gənclərinin bilavasitə Bakıda hərbi təhsil alması üçün o zamanlar mümkün olan bütün addımları atıb, SSRİ rəhbərlərinin etirazına baxmayaraq, Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin açılmasına nail olub. Misli görünməmiş cəsarət nümunəsi nümayiş etdirməklə 1978-ci il aprel ayının 2-də doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən ulu öndər Heydər Əliyevin təklifi ilə Konstitusiyanın 73-cü maddəsini aşağıdakı redaksiyada vermək qərara alınıb: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Beləliklə, ulu öndər Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət nəticəsində 1969-cu ilə qədər SSRİ-nin aqrar əyaləti kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu respublikaya, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan diyara çevrildi.

Hafiz Kərimov,
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı
İsmayıllı rayon komitəsinin sədri

AİA.Az

Geri dön