Ana Sayfa > Siyasət > Bayram Hacıyev: “14 iyul Azərbaycanın tarixi zəfərlər yoluna qədəm qoyduğu gündür”
Bayram Hacıyev: “14 iyul Azərbaycanın tarixi zəfərlər yoluna qədəm qoyduğu gündür”14-07-2021, 09:30. Yazar: sevinc1 |
![]() Bu gün Ölkə Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan xalqının əldə etdiyi möhtəşəm uğurlar – Qarabağın işğaldan azad edilməsi, ölkənin ərazi bütövlüyünün bərpa olunması, Şuşanın yenidən bərpası, Zəngəzur dəhlizi layihəsinin reallaşdırılması və bütün diğır tarixi nailiyyətlərimiz 1969-cu ildə ulu öndər Heydər Əliyevin respublikada ilk dəfə siyasi hakimiyyətə gəlişi ilə başlanan yolun uğurlu davamıdır. Erməni separatizmi Cənubi Qafqazda məskunlaşdığı ilk gündən daima Azərbaycan torpaqlarını ələ keçirmək barədə düşünüb, bu məqsədlə olmazın cinayətlərə əl atıb. Bu qəsbkarlıq siyasəti Azərbaycan və Ermənistanın SSRİ tərkibində mövcud olduqları dövrdə də davam edib. O cümlədən ötən əsrin 60-cı illərində, ümummilli lider Heydər Əliyev respublikamızda siyasi hakimiyyətə gəlməmişdən əvvəl Ermənistan Azərbaycanla sərhəd olan bəzi əraziləri ələ keçirmək məqsədilə konkret addımlar atırdı. Hətta iş o yerə çatmışdı ki, Erməni rəsmi dairələri və alimləri 1920-ci illərin saxtalaşdırılmış xəritələrini də tərtib edərək ictimaiyyətə təqdim etmişdilər. Artıq SSRİ rəhbərliyi qarşısında ərazi bölgüsünə yenidən baxılmasına dair məsələ qaldırılır, bu mövzu konkret müzakirə obyektinə çevrilirdi. 1967-ci ildə Ermənistan SSR-in millətçi dairələri Azərbaycan SSR-in daxili işlərinə qarışaraq o zamanlar Muxtar Vilayət statusu daşıyan Dağlıq Qarabağın azərbaycanlı əhalinin yaşadığı bölgələrin inkişafı üçün ayrılan vəsaitin bölünüb təsdiq olunmasına hər vəchlə mane olmağa çalışırdılar. Bütün bu müdaxilələr, məkrli planlar nəticəsiz qalmırdı. Belə ki, 1969-cu ilin may ayında mərkəzi SSRİ hökumətinin təzyiqi ilə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti Ermənistan SSR-lə sərhəd rayonlarının ərazilərindən 2 min hektardan çox torpağın Ermənistan SSR-ə verilməsi haqqında 1938-ci il mayın 5-də qəbul etdiyi qərarı təsdiq etdi. Yalnız ümummilli lider Heydər Əliyevin respublikada hakimiyyətə gəlişi bu faciəvi qərarın icrasını əngəllədi. 1969-cu il iyulun 14-də Azərbaycan SSR-in rəhbəri seçilən ulu öndər dərhal bu problemi ön plana çəkdi və qərarın icrasını dayandırdı. Bütün həyatı boyunca atdığı hər bir addımında, verdiyi hər bir qərarında ilk növbədə Azərbaycan xalqının mənafeyini düşünən Heydər Əliyev nə qədər təhlükəli olsa da, təzyiqləri rədd edərək bu dəfə də prinsipial mövqe göstərdi, erməni millətçilərinin qarşısını qətiyyətlə aldı. Moskvadakı bəzi qüvvələrin və Ermənistan rəhbərlərinin cəhdlərinə baxmayaraq, Heydər Əliyev həmin qərarın həyata keçirilməsinə imkan vermədi. ![]() Növbəti dəfə ermənilər 1970-ci illərdə Dağlıq Qarabağ məsələsini yenidən ortaya atmışdılar. Belə ki, 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edilərkən Ermənistan SSR rəhbərliyi erməni millətçilərinin təhriki ilə yenidən Dağlıq Qarabağın Azərbaycandan ayrılaraq Ermənistan SSR-ə birləşdirilməsi ilə bağlı Moskvaya müraciət etmişdi. Hətta 1977-ci il noyabrın 23-də keçmiş SSRİ Nazirlər Soveti Rəyasət Heyətinin iclasında Ermənistan SSR rəhbərliyinin təkidi ilə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsi müzakirə olunmuş və bununla bağlı təklif irəli sürülmüşdü. Lakin bu dəfə də ulu öndər Heydər Əliyevin cəsarətli və tədbirli müdaxiləsi ermənilərin bu cəhdlərinin qarşısını aldı. Həmin vəziyyətdə Ermənilərin fitnələrinə cavab olaraq Heydər Əliyevin tapşırığı ilə elmi arayış hazırlandı və sonra bu sənəd Azərbaycan KP MK Siyasi Bürosunda müzakirə edilərək Ermənistan SSR rəhbərliyinin iddialarının əsassız olması haqqında qərar qəbul edildi. Daha sonra həmin qərar keçmiş SSRİ rəhbəri L.Brejnevə təqdim olundu. Heydər Əliyevin atdığı qəti addımlar nəticəsində ermənilərin bu niyyəti də puç oldu. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın taleyində oynadığı misilsiz rolu ilə ən əlamətdar günlərdən biri kimi xatırlanır. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış dövrüdür. Ulu öndərin hakimiyyəti illərində həyata keçirilən daxili siyasət sayəsində Azərbaycanda milli özünüdərk, milli özünəqayıdış, vətənpərvərliyin gücləndirilməsi baxımından əhəmiyyətli addımlar atılıb. Ümummilli lider Heydər Əliyev Azərbaycanı bu günkü tarixi qələbələrinə çatdıran və bundan sonra daha böyük zəfərlərə doğru aparacaq şərəfli bir yolun başlanğıcını qoyub. Dünya şöhrətli siyasi xadim müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Buna görə də ümummilli liderimiz Heydər Əliyevin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrünün hər anı Azərbaycan üçün ən yüksək dəyərə malikdir. 1969-cu ilin 14 iyul günü isə Azərbaycanın tarixi zəfərlər yoluna qədəm qoyduğu gündür. Bayram Hacıyev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Gəncə şəhər komitəsinin sədri AİA.Az Geri dön |