Ana Sayfa > Gündəm > 14 iyul – Azərbaycan tarixində tərəqqinin əzəli
14 iyul – Azərbaycan tarixində tərəqqinin əzəli14-07-2021, 15:38. Yazar: sevinc1 |
1969-cu ilin iyul ayında, ağır iqtisadi və sosial şəraitdə rəhbərliyə gələn ulu öndər Heydər Əliyev mövcud vəziyyəti düzgün qiymətləndirmiş, siyasətdə, iqtisadiyyatda, sosial və mənəvi sahələrdə əsaslı dəyişikliklər həyata keçirilməsini, iqtisadiyyatın təşkili və inkişafı sahəsində dönüş yaradılmasını bir vəzifə kimi qarşıya qoymuşdu. Qarşıda iqtisadiyyatı dirçəltmək və yenidən qurmaq üçün böyük və son dərəcə mürəkkəb işlər dururdu. Bu sözləri Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov deyib. O bildirib ki, cəmiyyətin bütün tarixi mərhələlərində ən başlıca problem iqtisadiyyatın səmərəli təşkili və idarə edilməsi əsasında insanların maddi və mədəni həyat səviyyəsinin getdikcə yüksəldilməsi olub və olmaqda davam edir. Bu mühüm həyati problemin həllində hər bir tarixi dövrdə müəyyən tədbirlər görülsə də, 70-ci illərin əvvəllərinədək Azərbaycanın iqtisadi və sosial inkişafında lazımi dönüş yaradılmamışdı. Respublika əhalisi qeyd edilən problemlərlə daha ciddi formada qarşılaşaraq bir çox sosial-iqtisadi çətinliklərə məruz qalmış və onun doğruluğu ağır nəticələri çəkməyə məcbur olmuşdu. Təhlil göstərir ki, həmin dövrə kimi Azərbaycanın mövcud iqtisadi potensialından heç də tam və səmərəli istifadə edilməmişdi. Odur ki, bütovlükdə xalq təsərrüfatının inkişafında mühüm irəliləyiş olmamış, sənayedə əsaslı struktur dəyişiklikləri demək olar ki, həyata keçirilməmişdi. Bu da istər-istəməz respublika iqtisadiyyatının ümumi inkişaf səviyyəsinə mənfi təsir göstərmişdi. Belə ki, o dövrün rəhbərliyi idarəetmə üslubunda, ümumiyyətlə xalq təsərrüfatına rəhbərlikdə ciddi qüsurlara, hətta subyektivliyə yol verdiyinə, respublikanın əmək, material və maliyyə resurslarından lazımınca istifadə olunmasını təşkil edə bilmədiyinə görə Azərbaycanın iqtisadi və sosial inkişafı xeyli ləngiməklə, məhsuldar qüvvələrin inkişafına və səmərəli yerləşdirilməsinə şərait yaradılmamışdı. Yeni iş yerlərinin sayı əmək qabiliyyətli adamların sayına nisbətən son dərəcə aşağı idi, az-çox yaradılan sənaye obyektləri isə başlıca olaraq Bakı və Sumqayıt şəhərlərində yerləşdirilirdi. Kiçik və orta şəhərlərdə sənaye obyektləri çox az, onların istehsal gücü isə olduqca aşağı idi. Respublika rəhbərliyi tərəfindən təşəbbüskarlığın zəif olması nəticəsində sənaye məhsulları istehsalı əsasən Abşeron təbii-iqtisadi zonasında cəmləşdirilmişdi ki, bu da kənd yerlərindən, xüsusən kiçik və orta şəhərlərdən işçi qüvvəsinin Bakı şəhərinə axınına səbəb olmuşdu. Bu isə, öz növbəsində, respublikanın bölgələrində iqtisadi və sosial inkişafın qeyri-bərabərliyini dərinləşdirmişdi. “Respublika inkişafında əsl böhran başlanmış və bu böhran getdikcə dərinləşirdi. Belə bir ağır iqtisadi və sosial şəraitdə rəhbərliyə gələn ulu öndər Heydər Əliyev mövcud vəziyyəti düzgün qiymətləndirmiş, siyasətdə, iqtisadiyyatda, sosial və mənəvi sahələrdə əsaslı dəyişikliklər həyata keçirilməsini, iqtisadiyyatın təşkili və inkişafı sahəsində dönüş yaradılmasını bir vəzifə kimi qarşıya qoymuşdu. Qarşıda iqtisadiyyatı dirçəltmək və yenidən qurmaq üçün böyük və son dərəcə mürəkkəb işlər dururdu. Respublikada iqtisadi və sosial tənəzzülün qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının rəhbərliyində mühüm dəyişiklik edildi – 1969-cu ilin iyul ayında Heydər Əlirza oğlu Əliyev Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi seçildi. Respublikanı qısa müddətdə ağır iqtisadi və sosial vəziyyətdən çıxarmaq üçün son dərəcə gərgin və məqsədyönlü iş aparmaq tələb olunurdu. Bunun üçün Azərbaycanda hökm sürən iqtisadi və sosial geriliyin səbəblərini dərindən və hərtərəfli araşdırmaq yolunu əsas və başlıca vəzifə hesab edən ümummilli lider Heydər Əliyev Azərbaycan KP MK-nın 1969-cu ilin avqust ayında keçirilən plenumunda son dərəcə prinsipial mövqedən bütövlükdə xalq təsərrüfatında, xüsusən onun ayrı-ayrı sahələrində vəziyyətin dərin və hərtərəfli təhlilini vermişdi. Respublika rəhbəri Azərbaycan iqtisadiyyatında baş vermiş obyektiv və subyektiv hallara öz münasibətini bildirməklə yanaşı, mövcud iqtisadi və sosial vəziyyətə düzgün siyasi qiymət vermişdi. Yaranmış son dərəcə ağır iqtisadi və sosial vəziyyətdən tezliklə xilas olmaq və yaxın gələcəkdə bu sahədə əsaslı dönüş yaratmaq üçün konkret tədbirlər planı avqust plenumu iştirakçılarına, habelə respublika əhalisinə çatdırılaraq ölkədə səfərbərlik elan edilmişdi. Beləliklə, 1969-cu il iyul və avqust plenumları respublikanın sosial-iqtisadi inkişafını dərindən və hərtərəfli təhlil etdi, real vəziyyəti açıq-aydın xalqa çatdırdı, xalq təsərrüfatına rəhbərlikdəki ciddi və bağışlanmaz nöqsanlara qarşı mübarizənin gücləndirilməsinə, tənəzzülün aradan qaldırılmasına dair cari və perspektiv xarakterli təxirəsalınmaz tədbirlər kompleksi işləyib hazırladı və ardıcıl olaraq onların həyata keçirilməsinə başlandı. Geriliklə əlaqədar mövcud problemlərin vaxtında, düzgün və səmərəli həlli üçün 1970-ci il iyulun 25-də Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi və SSRİ Nazirlər Soveti “Azərbaycan SSR-in xalq təsərrüfatını daha da inkişaf etdirmək tədbirləri haqqında” və “Azərbaycan SSR-in kənd təsərrüfatını inkişaf etdirmək tədbirləri haqqında” mühüm qərarlar qəbul etdilər; həmin qərarlar respublikanın iqtisadi və sosial inkişafında həlledici rol oynadı. Göstərilən qərarlarla əlaqədar respublikada müvəffəqiyyətlə həyata keçirilən məqsədyönlü, sosial-iqtisadi quruculuq işlərinin nəticələrinə görə Azərbaycan 1970-ci ildə Ümumittifaq sosializm yarışının qalibi oldu və keçici Qırmızı bayraqla, Oktyabr inqilabı ordeni ilə təltif edildi. Bütün bu müvəffəqiyyətlər Azərbaycanda 1970-1982-ci illərdə baş vermiş sosial-iqtisadi sıçrayışa nail olmaqla yanaşı, müasir dönəmdə də ölkə iqtisadiyyatının sabit və dinamik inkişafının təmin edilməsində təməl rolunu oynadı”, - deyə V.Novruzov qeyd edib. AİA.Az Geri dön |