Ana Sayfa > Media > Heç zaman unudulmayan mənəvi miras- müqəddəs Qurban bayamı
Heç zaman unudulmayan mənəvi miras- müqəddəs Qurban bayamı14-07-2021, 15:17. Yazar: sevinc1 |
Yaxın günlərdə xalqımız növbəti dəfə rəsmi bayramlarımızdan biri olan müqəddəs Qurban bayramını qeyd edəcək. Ölkəmizdə bu bayram rəsmi olaraq Azərbaycanımız müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən dövlət səviyyəsində bayram kimi qeyd olunur. Qurban bayramının Azərbaycan xalqı və ümumilikdə bütün müsəlman aləmi üçün dəyəri olduqca yüksəkdir. Bu bayram xeyirxahlığın, insanpərvərliyin, bərabərliyin rəmzi olmaqla bərabər, həm də insanları mərhəmətə, həmrəyliyə, qardaşlıq və humanizmə dəvət edən bir bayramdır. Bu əziz gündə müsəlmanlar Allah və din yolunda, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını, mənəvi dəyərlərə bağlılıqlarını nümayiş etdirir, Uca Tanrıya yaxınlığın fərəhini yaşayırlar. Beləliklə, müqəddəs Qurban bayramı əsrlər boyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına və imanlarının kamilləşməsinə xidmət etmişdir. Xüsusi iftixar hissi ilə bildirmək olar ki, Azərbaycan xalqı hətta ən mürəkkəb dövrlərdə belə Qurban bayramını əziz bir bayram kimi nəzərində saxlamış və qeyd etmişdir. [ Ölkəmizdə qeyd olunan hər bir dini bayram Azərbaycanın dini tolerantlığın və multikulturalizmin əsas məkanı olduğunu bir daha sübut edir. Yüz illərdir birgə, dostluq-qardaşlıq mühitində, bir ailə kimi yaşayan xalqımızın hər bir fərdi bu xüsusi günlərdə bir daha birlik-bərabərlik göstərir. Əlbəttə ki, bunda ölkə rəhbərliyinin dini bayramlara münasibətinin də müstəsna rolu var. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bütün dini bayramlara bənzər münasibəti və hörməti göstərir, millətlərin dini inanclarına ən yüksək səviyyədə ehtiram saxlayır. Bunun bir sübutu kimi vurğulamaq olar ki, qısa müddət öncə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının sabiq arxiyepiskopu Aleksandr İşein vəfat edib və O, Birinci Fəxri xiyabanda dəfn olunub. Bu, Azərbaycan tarixində ilk belə haldır ki, din xadimi Fəxri xiyabanda dəfn olunur. Beləliklə, əminliklə demək olar ki, ölkəmizdə ən yüksək səviyyədə-ölkə başçısı səviyyəsində bütün dinlərə və onların nümayəndələrinə xüsusi diqqət və ehtiram göstərilir. Arxiyepiskop Aleksandrla bağlı qeyd ediləcək nüanslar bununla da yekunlaşmır. Belə ki, sabiq Arxiyepiskopun din xadimi kimi səmərəli fəaliyyəti daim yüksək qiymətləndirilmiş və o, 2002-ci ildə “Şöhrət” ordeni, 2012-ci ildə “Dostluq” ordeni və 2015-ci ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmişdir. Ölkəmizdə multikulturalizm və fərqli dini mənsubiyyətə malik vətəndaşlarımızla bağlı vurğulamaq lazım gələn növbəti məsələ, torpaqlarımızın yağı düşmənlərdən təmizlənməsi, ərazi bütövlüyümüzün bərpa edilməsi proseslərində fərqli dinlərə mənsuba olan vətəndaşlarımızın bir an belə tərəddüd etməməsi və Vətən uğrunda canlarından keçməyə hazır olmalarıdır. Belə ki, Azərbaycanın Milli Qəhrəmanı yəhudi əsilli Albert Aqarunov hələ də hər kəsin xatirəsindədir. Onunla yanaşı, Birinci Qarabağ Müharibəsinin rus əsilli şəhidi Yura Kovalyov da unudulmayıb. Daha bir rus əsilli şəhidimiz Vətən Müharibəsinin şəhidi Solnsev Dmitri Aleksandroviç də hər birimizdə böyük hörmət və fəxr hissi yaratmışdı. Əslində bu siyahını uzatmaq və daha bir çox igid oğullarımızın adlarını sadalamaq olar. Amma buna ehtiyac yoxdur. Azərbaycanda müxtəlif vaxtlarda və müxtəlif müstəvilərdə daim fərqli etnik köklərə mənsub vətəndaşlarımız ölkəmizin adının beynəlxalq müstəvilərdə qaldırılmasında iştirak etmiş, ərazi bütövlüyümüz uğrunda canlarından keçmişdir. Beləliklə, milliyətindən, dinindən, inancından asılı olmayaraq hər bir vətəndaşımız vahid Azərbaycan üçün canını verməyə hazırdır. Bu isə ölkədə bütün dinlərə, bütün insanlara qarşı bərabər münasibətin nəticəsidir. Hazırda Vətən müharibəsindən və Vətən uğrunda canından keçmiş şəhidlərimizdən söz açmağımız da əbəs deyil. Belə ki, məlumdur ki, Qurban bayramının əsas mahiyyəti müsəlmanların Allah yolunda hər cür fədakarlığa hazır olduğunun nümayiş olunmasıdır. Bənzər şəkildə vətəndaşlarımız da 44 günlük müharibə dövründə vətən uğrunda canlarından keçməyə hazır olduqlarını ən açıq şəkildə sübut etdilər. Yəqin ki, bunun İslam təfəkkürünün, milli və dini dəyərlərin xalqımızın üstündəki təsirinin bir nəticəsi olduğunu desək yanılmarıq. Eyni zamanda, bunu da qeyd etmək istərdim ki, Azərbaycan xalqının hər bir fərdinin qəlbinə dərin bir yaraya çevrilmiş Qarabağ məsələsinin cəmi 44 gün ərzində, ölkəmizin qeyd-şərtsiz qələbəsi ilə nəticələnməsi illərdir bu uğurda verilən qurbanların qəbul olduğunun göstəricisidir. Sonda daha bir nüansı vurğulamaq istərdim ki, Azərbaycan daim İslam mədəniyyətinin inkişafında xüsusi rol oynayan və islam mədəniyyətinin inkişafına misilsiz töhfələr verən ölkələrdən olmuşdur. Və biz bununla fəxr edirik. Kəmalə Mustafayeva YAP Pirallahı rayon təşkilatı Qadınlar Şurasının sədri AİA.Az Geri dön |