Ana Sayfa > Manşet / Ölkə > Suraxanı – Vətən müharibəsi qazilərinin və Şəhid ailələrinin sosial problemlərinin həlli xüsusi diqqət mərkəzindədir
Suraxanı – Vətən müharibəsi qazilərinin və Şəhid ailələrinin sosial problemlərinin həlli xüsusi diqqət mərkəzindədir14-07-2021, 12:16. Yazar: sevinc1 |
![]() Bu gün Suraxanı rayonu gündən-günə gözəlləşən paytaxt Bakımızın ən dinamik inkişaf edən ərazilərindəndir. Rayonda iqtisadi göstəricilər durmadan yüksəlir, yenidənqurma işlərinin vüsəti və əhatə dairəsi getdikcə artır, əhalinin sosial rifah səviyyəsi sürətlə qalxır. Ötən illərdə olduğu kimi, 2021-ci ilin ilk altı ayında da Suraxanı rayonunda geniş abadlıq-quruculuq işləri davam etdirilmiş, rayon iqtisadiyyatının bütün sahələrində dinamik inkişaf müşahidə olunmuşdur. Yerli sakinlərin sözlərinə görə, 2019-cu ilin noyabr ayında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Əziz Əzizovun bu rayona İcra Hakimiyyətinin başçısı təyin olunmasından sonra Suraxanıda bütün sahələrdə xüsusi canlanma müşahidə olunmağa başlamışdır. Yol problemləri mərhələli şəkildə həll edilir Təqdirəlayiq haldır ki, bu gün Suraxanıda rayon ərazisinin abadlaşdırılması, yol infrastrukturunun yenilənməsi, ətraf mühitin yaxşılaşdırılması ilə bağlı məsələlər rayon rəhbərliyi tərəfindən xüsusi olaraq diqqət mərkəzində saxlanılır. Rayonun müxtəlif ərazilərində gediş-gəlişdə çətinliklərə səbəb olan yol problemləri mərhələli şəkildə həll edilərək heç zaman asfalt üzü görməyən küçə və yaşayış sahələrinin asfaltlanması işləri davam etdirilir. O cümlədən sakinlərin rahatlığını təmin etmək məqsədilə Hövsan qəsəbəsində Baxça küçəsində “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun yenidənqurma işləri davam etdirilir. Qəsəbənin yol infrastrukturu baxımından işlək küçələrindən hesab olunan Baxça küçəsinin dəmir yoluna paralel hissəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan təmir-tikinti işləri çərçivəsində 520 m uzunluğu olan yolda 3570 kv.m asfalt-beton örtüyünün salınması işləri aparılır. Qeyd edək ki, rayon ərazisində qəsəbələrarası yolların və məhəllədaxili küçələrin əsaslı şəkildə təmiri və yenidən qurulması mərhələli şəkildə həyata keçirilir. Həmçinin ötən həftə Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində bərpa-cari təmir işlərinə başlanılıb. Uzunluğu 675 m, eni isə 4 m olan avtomobil yolunda 2700 kv.m asfalt örtüyü salınır. Mütəmadi olaraq iş gedən ərazilərə baxış keçirən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov görülən işlərin mövcud vəziyyəti ilə maraqlanır və aidiyyəti üzrə müvafiq tapşırıqlar verir. Şəhidlərimiz – kədərimiz və qürurumuz Bu gün bütün ölkəmizdə olduğu kimi, Suraxanı rayonunda da Vətən müharibəsi qazilərinin və Şəhid ailələrinin sosial problemlərinin həll olunması, onlara mənəvi dəstək göstərilməsi rayon rəhbərliyi tərəfindən xüsusi diqqətdə saxlanılır. Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsi hər zaman dərin ehtiramla yad edilir. Onların ailə üzvləri, həmçinin müharibə zamanı öz sağlamlığını itirmiş qazilərimiz mütəmadi ziyarət edilir, eləcə də Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatında (RİHBA) qəbul olunaraq müraciətləri Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi tərəfindən araşdırılır və aidiyyəti üzrə müvafiq tədbirlər görülür. Növbəti dəfə iyul ayının 7-də RİHBA-nın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, A.Səfərov adına 114 №-li, Q.Qəhrəmanov adına 65 №-li tam orta məktəblərin və V.Bayramov adına körpələr evi-uşaq baxçasının kollektivləri qazilərimiz Əmircan qəsəbə sakinləri Fətullayev Məhəmməd Rövşən oğlunu, Ağalarov Miryəhya Mirəziz oğlunu, Zığ qəsəbə sakini Əlirzayev Fərid Naib oğlunu ziyarət edib, ailələrə ərzaq yardımları göstərilib. Bundan iki gün öncə isə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının müvafiq tapşırıq və tövsiyələrinə əsasən sosial-psixoloji reabilitasiyaya ehtiyacı olan Vətən müharibəsi qazilərinə sosial dəstək tədbirləri çərçivəsində köməklik göstərilməsi və onların mütəmadi diqqətdə saxlanılması məqsədilə RİHBA-nın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Təftiş Komissiyasının sədri Kərim Rzayevin və ictimai fəal, qazi Ülvi Qədirin iştirakı ilə görüş keçirilib. Heç bir şəhid övladı qayğısız qalmayacaq İyunun 29-da Suraxanı rayonu 76 saylı tam orta məktəbdə Vətən müharibəsinin şəhidi leytenant Yusubov Elzar Süleyman oğlunun yadigarı, qız övladı Mələyin 1 yaşının tamam olması münasibətilə ailə üzvləri ilə birlikdə doğum günü qeyd olunaraq, Suraxanı Rayon İcra Hakimiyyəti və məktəb kollektivi tərəfindən şəhidin övladlarına hədiyyələr təqdim edilmişdir. 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək Şəhidlik adlı uca zirvəyə yüksələn igid oğullarımıza allahdan rəhmət diləyən Suraxanı Rayon İcra hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov çıxış edərək səmimi ürək sözlərini və Şəhidimizin övladına arzularını çatdırmış, dövlətimiz, ölkə başçımız, eləcə də rayon rəhbərliyi tərəfindən şəhidimizin doğmalarına göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini qeyd etmişdir. Tədbirdə çıxış edən Suraxanı RİHBA-nın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elmar Hüseynov da xoş arzularını çatdıraraq, rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin, hərbçilərimizin döyüş meydanında göstərdikləri şücaətlə düşmənə layiqli yerini göstərməklə yanaşı, dövlətimizin və ordumuzun gücünün, qüdrətinin də bütün dünyaya bir daha nümayiş olunduğunu qonaqların diqqətinə çatdırdı. Şəhidimizin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə başda ölkə Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya olmaqla rayon rəhbərliyinə təşəkkürlərini bildirmiş, şəhidin xatirəsinin əziz tutulmasını, ailəsinə sahib çıxılmasını, daim yad olunmasını onun timsalında bütün şəhid ailələrinə olan hörmət və ehtiramın, qayğının bariz nümunəsi kimi qiymətləndirmişlər. Bütün bu deyilənlərdən belə qənaətə gəlmək olur ki, bu gün Suraxanı Rayon İcra Hakimiyyətində ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulmuş dövlət əhəmiyyətli vəzifələrin effektiv icrası üçün bütün imkanlar səfərbər olunmuşdur və bu istiqamətdə göstərilən fəaliyyət yüksək səmərəliliyə malikdir. Lakin görülən bu işlərə rəğmən bu gün bəzi informasiya vasitələrində Suraxanı rayonunda gedən prosesləri obyektiv əks etdirməyən, həqiqətlərə uyğun olmayan materialların dərc olunması bizdə böyük təəssüf hissi doğurur. Bu səbəbdən həmkarlarımıza tövsiyyə edərdik ki, istənilən bir mövzuya müraciət edərkən ilk növbədə daxil olan məlumatların dürüstlüyünə, doğruluğuna əmin olsunlar. Yalnız bu halda saytınızda dərc olunan materiallar da obyektiv və qərəzsiz olar. Elburus Bağırov Abbas Abbasov AİA.Az Geri dön |