Ana Sayfa > Media > Qarabağ tez bir zamanda regionun ən inkişaf etmiş bölgəsinə çevriləcək
Qarabağ tez bir zamanda regionun ən inkişaf etmiş bölgəsinə çevriləcək12-07-2021, 18:10. Yazar: sevinc1 |
Torpaqlarımızın işğaldan azad edilməsindən indiyədək elə bir gün olmayıb ki, xəyalən o yerləri, hətta oradan da üzü o yana, məcburən qoyub gəldiyimiz Göyçəni, buz bulaqları, meşələri, doğma el-obamı xatırlamayım. Xalqımıza ağır illər yaşadan Ermənistan, nəhayət ki, haqqı olanı aldı – dünyada nə qədər arxası, havadarı olsa da, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti, ordumuzun rəşadəti qarşısında məğlub oldu. Əsgər və zabitlərimizin döyüş ruhunu görən düşmən kapitulyasiyaya imza atmağa məcbur oldu. Bununla da 30 illik yurd həsrəti bitdi və Qarabağa qayıdış başlandı. İyunun 15-də imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsi qardaşlığın rəmzi olmaqla yanaşı, fövqəladə bir hadisə kimi də tarixə düşdü. Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında münasibətlərin keçmişindəki ən gözəl hadisələrdən ilham alaraq, onların ifadə etdiyi dərin mənanı günümüzdə bir daha təsdiq etdi. Bəyannamədə göstərilən müddəalar keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır. Diqqət çəkən hal odur ki, strateji önəm daşıyan işbirliyi sahələrini əhatə edən Şuşa Bəyannaməsində çox önəmli məsələlər öz əksini tapıb: beynəlxalq müstəvidə işbirliyi, siyasi-hərbi münasibətlər, iqtisadi və ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti və s. Sənəddə, həmçinin enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi göstərilib. Vətən müharibəsində qardaşlığın təntənəsini və gücünü bütün dünyaya nümayiş etdirən Azərbaycan və Türkiyə dövlətləri bundan sonra da bir yerdə olacağımızı Şuşa Bəyannaməsi ilə dosta da, düşmənə də bəyan etdi. Dünyaya çatdırıldı ki, Azərbaycan – Türkiyə işbirliyindən bölgəyə, qonşulara yalnız fayda gələcək. Hazırda əməkdaşlığa, beynəlxalq hüquq normalarına, iqtisadi - ticari əlaqələri gücləndirməyə çalışan və hər kəsin keçə biləcəyi bir qapı – Zəngəzur dəhlizi açılmaqdadır... Qeyd edək ki, Zəngəzur dəhlizi Azərbaycan – Ermənistan – Rusiya üçtərəfli Bəyanatında da öz əksini tapmışdı və Şuşa Bəyannaməsi ilə bir daha gündəmə gəldi. Zəngəzur dəhlizində işlərin müxtəlif bəhanələrlə ləngidilməsinə çalışan Ermənistan rəhbərliyi anlamalıdır ki, bu dəhlizin qarşısını almaq mümkün deyil. Çünki ləngimələr, ilk növbədə, Ermənistanın özünə ziyandır. Ermənistan həm kasıb, gəlirsiz, kiçik, perspektivi olmayan, həmçinin işğalçılığı, terroru açıq dövlət siyasəti müstəvisinə gətirmiş və məğlub ölkədir. Üstündə Qarabağ böyüklüyündə cinayət var. Bu cinayətə görə Ermənistan ölkəmizə təzminat ödəməlidir. Ona görə də Zəngəzur dəhlizinin iqtisadi, siyasi və digər qazancları Ermənistana daha çox lazımdır. Azərbaycanla Türkiyə arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin, siyasi iradənin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana gəlişi, bu görüşdə imzalanan müttəfiqlik sənədi bütün dünyaya bəyan etdi ki, Türkiyə Azərbaycanın yanındadır, bu ölkələr bir-birinin təhlükəsizliyi üçün mümkün olan hər şeyi edəcəklər. Bu qardaşlıq əzmi 15 iyunda Şuşa Bəyannaməsi ilə bir daha sübut olundu! Prezident İlham Əliyevin dediyi kimi, Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır: “Bu gün qədim şəhərimiz olan Şuşadan verilən açıqlamalar bütün dünyaya səs salacaq, bunun böyük əks-sədası olacaq. Bu səfərin tarixi əhəmiyyəti bundan sonra uzun illər ərzində dillərdə olacaqdır”. Bəyannamə iki ölkə arasında münasibətləri dərinləşdirməklə yanaşı, Türkiyənin işğaldan azad olunmuş ərazilərdə aparılacaq bərpa – quruculuq işlərində oynayacağı rolun da aydın ifadəçisidir. Bir sözlə, Azərbaycanla Türkiyənin qardaşlıq əlaqələri bütün müstəvilərdə inkişaf edir. İşğaldan azad olunmuş ərazilərin bərpası prosesi sürətlə həyata keçirilir. Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma, təmir - bərpa, habelə minalardan təmizlənmə və s. işlərdə də Azərbaycanla Türkiyə arasında sıx işbirliyi mövcuddur. Hazırda Qarabağda həyat qaynayır. Yollar çəkilir, infrastruktur layihələri həyata keçirilir, aeroport tikilir, “ağıllı kənd”, “ağıllı şəhər” layihələri həyata keçirilir. Ərazilər minalardan təmizlənir, abadlıq-quruculuq işləri böyük vüsətlə davam etdirilir. Qarabağ əvvəlkindən də gözəl, daha müasir olacaq. Otuz ildə düşmənin vurduğu yaralar sağalacaq, viran edilmiş kəndlərin görkəmi bərpa ediləcək, Qarabağ yenə axar-baxarlı, qonaq-qaralı, çal-çağırlı olacaq. Artıq bu işlər böyük sürət götürüb və keyfiyyətlə irəliləyir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ailə üzvləri ilə birgə dəfələrlə Qarabağa səfərləri onu göstərir ki, hazırda dövlət başçımızın xüsusi nəzarət və diqqət etdiyi bir nömrəli vəzifə Qarabağın ağ günlərini görmək, oranın əsil sahiblərinin böyük həvəs və məhəbbətlə o torpaqlara dönüşünə şahidlik etməkdir. Ona görə də əminliklə demək olar ki, Qarabağ tez bir zamanda regionun ən inkişaf etmiş bölgəsinə çevriləcək. Vüqar Hüseynov, YAP Göygöl rayon təşkilatının Gənclər Birliyinin sədr müavini aia.az Geri dön |