Ana Sayfa > Manşet / Təhsil > Azərbaycan Memarlıq və İnşaat Universiteti – erməni vandalizmi barədə sübutlar beynəlxalq seminarda bir daha təqdim olunub
Azərbaycan Memarlıq və İnşaat Universiteti – erməni vandalizmi barədə sübutlar beynəlxalq seminarda bir daha təqdim olunub9-07-2021, 14:45. Yazar: sevinc1 |
Bu gün bütün dünyanı təhdid edən koronavirus pandemiyasının yaratdığı fəsadlar təbii ki, təhsil sahəsinə də sirayət etmişdir. O cümlədən tədrisin distant formata keçirilməsi, imtahanların onlayn rejimdə təşkili də bu fəsadların təzahürlərindəndir. Bununla belə konkret təhsil müəssisəsinə rəhbərlik edən insanların peşəkarlıq səviyyəsindən və bu işləri həyata keçirən kollektiv üzvlərinin məsuliyyətindən asılı olaraq hətta belə çətin şəraitdə də dolğun və səmərəli fəaliyyətini davam etdirən universitetlərimiz heç də az deyil. Məhz bu baxımdan da Azərbaycan Memarlıq və İnşaat Universitetində gedən proseslər bu gün xüsusilə diqqəti cəlb edir. Beynəlxalq təcrübə mübadiləsi diqqət mərkəzində saxlanılır Qeyd etmək lazımdır ki, beynəlxalq əlaqələrin genişləndirilməsi AzMİU rəhbərliyinin hər zaman xüsusi diqqət mərkəzində saxlanılan məsələlərdən olub. Universitet bu gün də öz ənənələrinə sadiq qalaraq bu istiqamətdə işləri uğurla davam etdirir. Belə ki, iyul ayının 7-də Yuri Kondratyuk adına Poltava Milli Texniki Universitetinin rektoru, professor Vladimir Onişenkonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetinin qonağı olub. Qonaqları AzMİU-nun Tədris işləri üzrə prorektoru Akif Qasımov qəbul edib. Görüşdə Beynəlxalq əlaqələr üzrə prorektor Nərgiz Abdullayeva, Xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev, Beynəlxalq proqramlar və layihələr sektorunun müdiri İsa Muradov da iştirak ediblər. Görüş zamanı universitetlər arasında əməkdaşlıq istiqamətləri və perspektivləri müzakirə olunub, birgə kadr hazırlığı, tələbə mübadiləsi və digər mövzularda müzakirələr aparılıb. Poltava Milli Texniki Universiteti ilə əlaqələrin yüksək səviyyədə olduğu bildirilib, hər iki universitetin birgə təşkilatçılığı ilə keçirilən “Tikintidə innovasiyalar” mövzusunda Azərbaycan-Ukrayna IV beynəlxalq elmi konfransı bir daha xatırlanaraq, yüksək qiymətləndirilib. Əlaqələrin daha da gücləndirilməsi üçün nəzəriyyə və təcrübənin birlikdə tətbiq edilməsi, birgə elmi konfranslar, tələbə-müəllim mübadiləsi və elmi tədqiqatlar sahəsində əməkdaşlığın perspektivlərindən, qarşlıqlı əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağından danışılıb. Həmçinin qonaqlar AzMİU-da aparılan islahatlar, tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində Avropa və Türkiyə universitetləri ilə əməkdaşlıq, “Erasmus+” proqramı çərçivəsində həyata keçirilən layihələr, ikili diplom proqramları barədə ətraflı məlumatlandırılıblar. İkitərəfli əməkdaşlığın prioritet istiqamətlərinin müəyyənləşdirilməsinin vacibliyini vurğulanıb. Poltava Milli Texniki Universitetinin rektoru, professor Vladimir Onişenko iki ali məktəb arasındakı əməkdaşlıq əlaqələrinin bundan sonra da inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib. Qarabağ həqiqətləri beynəlxalq seminar iştirakçılarına bir daha təqdim olunub Əlbəttə ki, beynəlxalq əlaqələr təkcə təcrübə mübadiləsi üçün deyil. Bu əlaqələr həm də Azərbaycan həqiqətlərini dünyaya çatdırmağın daha bir yoludur. Təqdirəlayiq haldır ki, Azərbaycan Memarlıq və İnşaat Universitetində məhz bu istiqamətdə də kifayət qədər səmərəli iş aparılır. İyul ayının 6-da AzMİU-nun rektoru, professor Gülçohrə Məmmədova və Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının müdiri, professor Səbinə Hacıyeva Milan Politexnik Universitetinin əməkdaşları professor Nora Lombardini və doktorant Elena Fioretto tərəfindən təşkil olunmuş “Sərhədləri olmayan irs” adlı 3-cü beynəlxalq seminarda maraqlı məruzələrlə çıxış ediblər. İlk olaraq rektor G.Məmmədova “Azərbaycanın memarlıq irsi, bu günki vəziyyəti və qorunma problemləri” mövzusunda məruzə edib. Məruzədə beynəlxalq seminar iştirakçılarına Azərbaycanın əsas memarlıq məktəblərinə xas olan memarlıq abidələrinin tarixi, memarlıq xüsusiyyətləri barədə məlumat verilib, Qarabağda böyük dağıntılara məruz qalmış memarlıq irsimizin günümüzə çatmış vəziyyəti və qorunma problemlərindən ətraflı danışılıb, yarıdağılmış abidələrimizin indiki görüntüləri, işğal zamanı düşmənlərimiz tərəfindən İslam abidələrinin silinməsi, xristian abidələrimizin isə erməniləşdirilməsi cəhdləri barəsində sübutlar təqdim edilib. Professor Səbinə Hacıyeva isə “Azərbaycanın şimal-qərb bölgəsinin memarlıq irsi” adlı məruzəsində Azərbaycanın şimal-qərb ərazisindəki mövcud olan günümüzə qədər gəlib çatmış abidələri təhlil edib, bölgənin zəngin memarlıq irsi, inşaat və dekorativ sənətinin çoxəsrlik, mürəkkəb inkişaf yolunu əks etdirən abidələri barəsində məlumat verib. Məruzədə qeyd edilib ki, bu ərazilərdəki müdafiə, dini, mülki və müxtəlif tipli memarlıq abidələri Azərbaycanın memarlıq abidələri siyahısına daxildir və daha ətraflı tədqiq olunmalı və qorunub saxlanılmalıdır. Hər iki məruzə böyük maraqla qarşılanıb, məruzəçilərə çoxsaylı suallar ünvanlanıb. Məlumat üçün qeyd edək ki, tədbir Avropa Birliyinin Erasmus + KA 107 “Sərhədləri olmayan irs” layihəsi çərçivəsində təşkil edilib. Tədbirdə Azərbaycan Memarlıq və İnşaat Universiteti, Gürcüstan Texniki Universiteti, Serbiyanın Novi Sad Universiteti və Yaponiyanın Tokio İncəsənət Universiteti iştirak ediblər. Bir maraqlı faktı da qeyd edək ki, memarlıq abidələrinin qorunmasına dair Milan Politexnik Universitetində tədris alan tələbələrin birgə işlədikləri layihələrdən biri də Azərbaycanın şimal-qərb bölgəsində, Qax rayonunda yerləşən Yeddi kilsə monastır kompleksidir. Bütün bu deyilənlərdən belə nəticə çıxarmaq olur ki, professor Gülçöhrə Məmmədovanın rəhbərliyi ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin fəaliyyəti pandemiya dövründə də tam dolğunluğu və effektivliyi ilə davam etməkdədir. Universitetin professor-müəllim heyəti istər tələbələrin yaranmış şəraitdə də keyfiyyətli təhsil almaları və gələcək həyata tam hazırlıqlı olmaları, istərsə də AzMİU-da aparılan elmi araşdırmaların səmərəliliyinin yüksəldilməsi üçün bütün imkanları düzgün şəkildə səfərbər ediblər. Lakin təəssüflər olsun ki, bütün bu görülən işlərə rəğmən bu gün yenə də bəzi saytlarda Azərbaycan Memarlıq və İnşaat Universitetində gedən proseslərə dair həqiqətə uyğun olmayan yazılara rast gəlinir. Təbii ki, bu qeyri-obyektiv materialların AzMİU-nun fəaliyyətinə hər-hansı bir təsiri ola bilməz. Bununla belə həmkarlarımızdan bir daha xahiş edərdik ki, milli birliyimizə yaraşmayan belə materialları öz saytlarında dərc etməkdən çəkinsinlər. Elbrus Bağırov Abbas Abbasov aia.az Geri dön |