Ana Sayfa > Seçki 2024 > Azərbaycan əsgəri qəhrəmanlıq nümunəsidir

Azərbaycan əsgəri qəhrəmanlıq nümunəsidir


7-07-2021, 12:44. Yazar: sevinc1
Azərbaycan əsgəri qəhrəmanlıq nümunəsidir

Müstəqilliyi qoruyub saxlamaq üçün güclü ordu ən vacib şərtlərdəndir. Güclü ordusu olmayan dövlətin müstəqilliyi daim düşmənlərin, yadellilərin təhlükəsi altındadır. Müasir dövrdə Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuz zəngin maddi-texniki bazaya, ən yeni silahlara malikdir. Lakin ordunu yenilməz edən təkcə silah və texnikanın gücü deyil. Ən yeni raketlərin, güclü silahların, topların, döyüş maşınların ola bilər. Lakin sənin qorxmaz, mərd, cəsur əsgərlərin yoxdursa, məğlub olarsan. "Öncə Vətəndir!" deyən oğullardır bizi yenilməz edən. Azərbaycan əsgərinin ən güclü silahı vətənpərvərliyi, Vətən sevgisidir!... Şah İsmayıl Xətainin bir deyimini xatırlayıram: "Qılınc həmin qılıncdır, qol həmin qol deyil". Bəli, silah-texnika düşməndə də var, lakin əsgər həmin əsgər, ürək həmin ürək deyil. Onların əsgərləri silahını döyüş meydanında qoyub qaçır, bizim əsgərlər isə son damla qanına qədər döyüşü davam etdirir... Danılmaz faktdır ki, qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir. Müzəffər Azərbaycan Ordusu zəfər çaldı. Taleyimizin tarıxındən nişan verən bu günlərin bariz görüntülərindən biri də insanların görünməmiş birlik, həmrəylik nümayiş etdirməsidir. Dilindən, dinindən, siyasi fikirlərindən asılı olmayaraq, hər bir azərbaycanlının cənab Prezidentin ətrafında sıx birləşərək, həmrəylik göstərməsi Azərbaycan xalqının və onun rəhbərinin qüdrətindən xəbər verir. İllər uzunu torpaqlarımızın azad olunması üçün aparılan danışıqların fayda vermədiyini görən Azərbaycan Ordusu düşmənin 2020-ci il sentyabrın 27-dəki hücumunu adekvat cavablandıraraq məharətini göstərdi. Elə ilk gündən ordumuzun qalib olacağına böyük inam var idi. Əlbəttə ki, xalqımız müharibənin tərəfdarı deyildi, lakin çıxış yolu yox idi. Müharibə dövründə xalqa müraciətlərində öz qətiyyəti ilə əsgərlərimizə böyük əzmkarlıq və qorxmazlıq hissləri aşılayan dövlətimizin başçısı düşmənimizin himayədarlarına da öz dəmir yumruğunu göstərirdi. 44 günlük müharibə Azərbaycana böyük qələbə qazandırdı. Azərbaycan Ordusunun vətənpərvərliyi, peşəkarlığı dövlətimizin gücünü dünyaya göstərdi. Müzəffər Ordu onun qarşısında duran vəzifənin öhdəsindən məharətlə gəldi. 44 gün ərzində ərazilərin azad olunmasında xüsusi təyinatlıların böyük xidməti olub. Döyüş əməliyyatlarında sərhəd xidmətinin xüsusi təyinatlı qüvvələri, daxili qoşunlar, təhlükəsizlik xidməti, kəşfiyyat xidməti, Naxçıvan ordusunun xüsusi qüvvələri də iştirak edirdilər. Müharibə dövründə düşmən tərəf dəfələrlə məkrli planlara əl atsa da ordumuz geri durmadı. Yalnız irəli getdi. Düşmənin öz silah sursatlarını qoyaraq qaçması da onu göstərdi ki, Azərbaycan Ordusu yenilməzdir, fəxarət rəmzidir. Ordu korpusları ərazilərin azad edilməsində və mövqelərin əldə saxlanmasında böyük rol oynayıblar. Bundan başqa cəbhə aviasiyası, pilotsuz uçuş aparatları itkilərin minimuma endirilməsində böyük xidmətlər göstərib. Əlbəttə ki, qalib olmaq üçün bacarıqlı hərbçi olmaq, döyüş taktikalarını, düşmənin nələr düşündüyünü təhlil etmək lazım idi. Peşəkarlıq da elə budur. Düşmənin gözlədiyi yoldan deyil, daha çətin və doğru yolla irəliləmək və sonda qalib olmaq. Azərbaycan Ordusu heç bir çətinllikdən qorxmadı. Sonu ölüm, şəhidlik olsa belə torpaqlarımızı azad etmək, Azərbaycana əsrin qələbəsini qazandırmaq kimi missiyanı çəsarətlə yerinə yetirdi. Bu böyük qələbəni isə Dövlət Başçısının dediyi kimi, bizlərə qəhrəman Azərbaycan əsgərləri bəxş etdi. Bu gün əminliklə deyə bilərik ki, Şuşa zəfəri Azərbaycan əsgərinin ən yüksək qəhrəmanlıq nümunəsidir. Bu zəfərə gedən yolda isə minlərlə vətən övladlarının dillərə dastan olacaq çoxsaylı qəhrəmanlıq salnaməsi var. Qəhrəman Xudayarın dastanı kimi...

AQİF Hüseynov,
YAP Göygöl rayon təşkilatının Çaylı kənd tam orta məktəb ərazi ilk partiya təşkilatının sədri

AİA.Az

Geri dön