Ana Sayfa > Karusel / Siyasət > Ermənistan bütün mina xəritələrini ölkəmizə təhvil verməyə məcbur ediləcək
Ermənistan bütün mina xəritələrini ölkəmizə təhvil verməyə məcbur ediləcək7-07-2021, 09:54. Yazar: sevinc1 |
![]() Ermənistan Ağdamdan sonra Füzuli və Zəngilan rayonlarının da mina xəritələrini Azərbaycana təhvil verməsi Prezident İlham Əliyevin diplomatik məharəti və Azərbaycan diplomatiyasının növbəti uğurudur. İkinci mərhələdə 92 min mina xəritəsi respublikamıza təqdim edildi. Mina xəritələrinin təhvil verilməsi bu rayonlar üzrə təmizləmə prosesini böyük miqyasda asanlaşdırsa da, bu, hələ son deyil. Məlum olduğu kimi, müharibənin bitməsindən sonra qalib ölkə olaraq Azərbaycanın öhdəliyinə düşən ən mühüm məsələ işğaldan azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işlərinin həyata keçirilməsidir. Əlbəttə, II Qarabağ savaşının ardından ortaya çıxan, işğaldan azad edilmiş ərazilərdəki mövcud mənzərə ölkəmiz üçün böyük çətinlik yaradır. Burada infrastruktur tamamilə məhv edilib, binalar sökülüb. Postmüharibə dövrünün başlaması ilə həmin ərazilərdə Azərbaycan vətəndaşlarının normal yaşayışını bərpa etmək üçün intensiv işlər başlanıb və bu gün də sürətlə davam etdirilir. Bu mənada qarşımızdakı yeganə əngəl ərazilərin pərakəndə şəkildə minalanmasıdır. Təbii ki, ilk növbədə işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə işləri aparılmalı, təhlükəsizlik təmin edilməlidir. Vaxt itirilmədən respublikamızda minatəmizləmə əməliyyatları üzrə milli standartlar müəyyən edilib. Bu prosesin dünya standartlarında həyata keçirilməsi üçün lazımi tədbirlər görülür. Çünki bizim azad edilmiş ərazilərdə olan minalanmanın həcmi bəlkə də dünya miqyasında ən böyük dərəcələrdən biridir. Bundan əlavə, azad edilmiş ərazilərimizdə kifayət qədər partlamamış silah-sursat da var. Torpaqları minalardan təmizləmək də olduqca böyük zəhmət tələb edən işdir. Prezident İlham Əliyev müharibədən sonrakı çıxışında qeyd etmişdi ki, ərazilərdəki minatəmizləmə əməliyyatlarına ən müasir texnologiyanın cəlb edilməsi üçün artıq müvafiq addımlar atılıb. Həmçinin peyklərdən istifadə edilməsi burada həlledici məqamlardan biridir. Bildiyiniz kimi, peyk görüntüləri ölkəmizə əlavə imkanlar yaradır ki, biz bu imkanların müharibə vaxtı da şahidi olmuşuq. Belə ki, peyk görüntüləri ermənilər tərəfindən ərazilərimizə dəyən zərərin müəyyən edilməsində mühüm əhəmiyyətə malikdir. Habelə, minaların sıx olduğu sahələri də peyk vasitəsilə aşkar etmək mümkündür. Minatəmizləmə əməliyyatları üçün ölkəmizə xüsusi texnika da gətirilir. Bunlar arasında Türkiyənin “MEMATT” ( mexaniki minatəmizləmə təchizatı) zirehli minatəmizləmə aparatı proses zamanı insan tələfatını minimuma endirmək üçün ideal qurğulardan hesab edilir. Ümumiyyətlə, unutmamaq lazımdır ki, ərazilərin minadan təmizlənməsi prosesi hələ uzun müddət davam edəcək. Çünki bu işlər həyati önəm daşıyır və təhlükəsizlik tam təmin edilmədən bu torpaqlarda həyat da bərpa edilə bilməz. Mina xəritələrinin mərhələ-mərhələ təhvil verilməsi isə işin informasiya tərəfidir. Ekspertlərin dediyinə görə, ilkin olaraq bu informasiyanın dəqiqləşdirilməsi lazımdır. Yalnız bundan sonra xəritələrin nə dərəcədə düzgün olduğu müəyyənləşdiriləcək. İkinci mərhələdə xəritələrin əhəmiyyətlilik dərəcəsi hesablanacaq. Bu iki mərhələdən sonra verilən mina xəritələrinin bizə nə dərəcədə faydalı olduğunu söyləmək mümkün olacaq. Əlbəttə, ən yaxşı ssenaridə xəritələrin xətasız olduğu müəyyən edilsə belə, ərazilərin minadan təmizlənməsi üçün Azərbaycanın resurslarından istifadə ediləcək. Azərbaycan müharibənin ardından siyasi arenada haqqı olanı tələb etdi. Bu gün Ermənistan uzun müddət ayaq dirədiyi, verməkdən boyun qaçırdığı mina xəritələrini təhvil verirsə, bu, onların beynəlxalq aləmdə ciddi şəkildə sıxışdırıldıqlarını göstərir. Beynəlxalq konvensiyalara nəzər saldıqda görə bilərik ki, minaların basdırılması qanunsuz həyata keçirilib. İndiki mərhələdə ermənilər tərəfindən geri atılan addım isə Azərbaycanın siyasi arenadakı qələbəsinin məntiqi davamıdır. Bu gün regionda yaranan vəziyyəti strateji olaraq qiymətləndirsək, görərik ki, Azərbaycan istər diplomatik, istər informasiya, istər iqtisadi, istər hərbi cəhətdən özünü dünyaya sübut etmiş ölkədir. Ermənistana qarşı yürüdülən təcrid siyasəti davam edir. Artıq bütün dünyada Ermənistan terrorçu dövlət olaraq tanınır. Bu da Vətən müharibəsi dövründə, eləcə də müharibədən sonra Azərbaycanın həyata keçirdiyi uğurlu informasiya siyasətinin nəticəsidir. Yaranan vəziyyət isə onu deməyə əsas verir ki, mina xəritələrinin davamı mütləq surətdə gələcək. Bu ərazilərdə minalanmış sahələrin olması, sadəcə, Azərbaycan vətəndaşları üçün deyil, eyni zamanda, bölgədə xidmət edən sülhməramlı qüvvələrə də təhlükədir. Əgər söhbət kommunikasiyaların açılmasından gedirsə, minalar gələcəkdə müəyyən ölçüdə Ermənistan vətəndaşları üçün də real təhdidə çevrilir. Ümumiyyətlə, bu, hər kəs üçün fəsad törədir. Buna görə də, mina xəritələrinin bir qisminin Azərbaycanda olması prosesin gedişatını xeyli sürətləndirir. Ümid edirik ki, Ermənistan bütün mina xəritələrini ölkəmizə təhvil verməyə məcbur ediləcək. Turani Əliyev, YAP Göygöl rayon təşkilatının sədri AIA.Az Geri dön |