Ana Sayfa > Gündəm > Zöhrab Salayev: “Ələt Azad İqtisadi Zonasının yaradılması Azərbaycanın iqtisadi qüdrətini daha da artıracaq”

Zöhrab Salayev: “Ələt Azad İqtisadi Zonasının yaradılması Azərbaycanın iqtisadi qüdrətini daha da artıracaq”


6-07-2021, 12:00. Yazar: admen
Zöhrab Salayev: “Ələt Azad İqtisadi Zonasının yaradılması Azərbaycanın iqtisadi qüdrətini daha da artıracaq”

“Azad İqtisadi Zonanın yaradılması üçün məhz Ələt qəsəbəsinin ərazisinin seçilməsi son dərəcə uğurlu və bütün parametrlərə görə layihənin mahiyyətindən irəli gələn tələblərə cavab verən bir qərardır”.

Bu fikirləri Lerik Rayon Təhsil Şöbəsinin müdiri, YAP Lerik rayon təşkilatı Ağsaqqallar Şurasının üzvü Zöhrab Salayev deyib.

Əməkadşımızın suallarını cavablandıran Zöhrab Salayev bildirib ki, Ələt qəsəbəsinin yerləşdiyi Qaradağ rayonu coğrafi baxımdan həm ölkədaxili, həm də beynəlxalq tranzit logistika dəhlizlərinin qovşağı olduğundan məhz bu ərazidə Azad İqtisadi Zonanın yaradılması son dərəcə məqsədəuyğundur: “Azad İqtisadi Zonanın məhz Ələt ərazisində yaradılması sonadək düşünülmüş və hərtərəfli əsaslandırılmış bir qərardır. İlk növbədə Ələt qəsəbəsinin yerləşdiyi Qaradağ rayonu hazırda Azərbaycanın ən strateji logistika-nəqliyyat mərkəzlərindən biridir. Bu bölgə coğrafi baxımdan həm ölkədaxili, həm də beynəlxalq tranzit logistika dəhlizlərinin qovşağıdır. Ərazi respublikanın ərazisindən keçən avtomobil və dəmir yollarının kəsişməsində yerləşir. Təkcə Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin işə düşməsi bu ərazinin gələcəkdə çox böyük bir iqtisadi məkana çevrilməsi üçün zəmin yaradır. Bura su yollarının da əlavə olunmasından sonra həmin ərazinin geniş potensial ixrac imkanlarına malik beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün əlverişli zəmin yaradır. Həmçinin burada infrastruktur layihələrinin icrası üçün artıq bütün ilkin şərtlər mövcuddur. Belə ki, Səngəçalda 300 meqavat gücündə elektrik stansiyası vardır. Bu isə o deməkdir ki, infrastruktur layihələrinə qoyulan xərclər də nisbətən az olacaq. Həmçinin burada Beynəlxalq Dəniz Limanının yerləşməsi mühüm əhəmiyyət kəsb edən bir göctəricidir. Bu, iqtisadi zonanın fəaliyyəti üçün son dərəcə önəmli amillərdən biridir. Eyni zamanda da mühüm beynəlxalq logistik infrastrukturlar olan Şərq-Qərb dəhlizi və Şimal-Cənub dəhlizi də məhz Ələtin ərazisindən keçir ki, bu da logistika, nəqliyyat baxımından bu ərazini çox əlverişli edir. Bütün bu amillər də məhz Ələtin Azad İqtisadi Zonanın yerləşmə məkanı kimi seçilməsini şərtləndirib.”

Həmçinin hakim partiya təmsilçisi qeyd edib ki, Azərbaycanın bu gün dünyanın ən təhlükəsiz və ən stabil ölkələrindən biri olması faktı da Ələt Azad İqtisadi Zonasının yaradılmasını şərtləndirən əsas amillərdən biridir: “Azərbaycan Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə ilə eyni zamanda həm öz ərazi bütövlüyünü təmin etdi, həm də Dağlıq Qarabağ münaqişəsinə son qoymaqla regionda sabitlik yaratdı. Təbii ki, ən kiçik hərbi münaqişə ehtimalı belə istənilən bölgədən xarici investorların çıxıb getməsi üçün yetərli ola bilər. Hətta bütün digər iqtisadi və maliyyə şərtləri nə qədər cəlbedici olsa belə, investisiyanın təhlükəsizliyinin təminatı ən önəmli məsələlərdən biridir. Məhz bu baxımdan da Azərbaycanı bu gün bütün dünya etibarlı tərəfdaş kimi tanıyır. Azərbaycan öz gücünü, ordusunun qüdrətini Vətən müharibəsinin gedişində göstərdi və artıq bu xüsusda xarici sərmayəçiləri narahat edəcək heç bir məqam yoxdur. Digər tərəfdən, ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik də hər bir investor üçün əsas şərtlərdən biridir. Məsələ bundadır ki, investisiyaların təhlükəsizliyinin təminatı üçün təkcə ölkələrarası hərbi münaqişələrin istisna edilməsi kifayət deyil. İnvestisiya qoyuluşları ölkədaxili destabillik səbəbilə də itirilmə riskinə düşə bilərlər. Buna görə də sabitlik olmayan ölkələrə heç bir şirkət sərmayə qoymur. Məhz bu baxımdan da Azərbaycanda bu gün xarici investorlar üçün son dərəcə cəlbedici mühit formalaşıb. Bu gün ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik, xalq-iqtidar birliyi dünyanın heç bir ölkəsində müşahidə olunmur. Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən milli həmrəylik siyasəti və bu zəmində formalaşmış və son dövrlərdə daha da güclənmiş milli birlik Vətən müharibəsində Azərbaycanın parlaq Qələbəsini təmin edən əsas amillərdəndir və bu həqiqəti artıq bütün dünya bilir. Möhtərəm Prezidentimizin dediyi kimi, bütün bu amillər və əlbəttə ki, İkinci Qarabağ müharibəsində qazandığımız Qələbə və Dağlıq Qarabağ münaqişəsinin həlli artıq yeni bir vəziyyət yaradıb. Regionda uzunmüddətli sülh və sabitliyin bərqərar olması, eləcə də bu sülhün ən etibarlı qarantının da məhz Azərbaycan olduğu artıq investorlar üçün də gün kimi aydın məsələdir. Bütün bu amillərin mövcudluğu əlbəttə ki, xarici sərmayədarları Ələt Azad İqtisadi Zonasına cəlb edəcək və bu möhtəşəm layihə Azərbaycanın iqtisadi inkişafına böyük töhfələr verəcək.”

AİA.Az
Geri dön