Ana Sayfa > Təhsil > Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” həftəsinə start verilib
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” həftəsinə start verilib5-07-2021, 13:50. Yazar: sevinc1 |
İyulun 5-də Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” həftəsinə start verilib. Tədbirdə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru İdris Musayev burada təhsil almağın üstünlüklərindən, tələbələrə yaradılan şəraitdən danışıb. Peşə Təhsili üzrə Dövlət Agentliyinin İşəgötürənlərlə iş və innovativ layihələr şöbəsinin aparıcı məsləhətçisi Natəvan Ağayeva son illər ölkəmizdə peşə təhsilinin genişləndirilməsi istiqamətində görülən işlərdən söz açıb. O qeyd edib ki, peşə təhsili müəssisələrinə qəbul elektron qaydada aparılır. Bu isə qəbul prosesində şəffaflığın təmin olunmasına imkan yaradır. Natəvan Ağayeva diqqətə çatdırıb ki, peşə təhsili əmək bazarına sürətli çıxışı təmin edir. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşı Nurlana Mahmudova mərkəzin təqdimatını edib. Təqdimatda qeyd olunub ki, inzibati bina, 2 emalatxana və 2 yataqxanadan ibarət olan mərkəzdə 1000 tələbənin təhsil almasına imkan var. Mərkəzdə müasir tələblərə uyğun, qlobal sənaye ehtiyaclarına hazır olan rəqabətqabiliyyətli kadrlar hazırlanır. Dərslərin 60 faizini praktiki, 20 faizini nəzəri məşğələlər, 20 faizini isə baza modulları (biznes etikası, texniki ingilis dili, ünsiyyət bacarıqları ) təşkil edir. Mərkəz dövlət-özəl tərəfdaşlığı çərçivəsində 94 şirkətlə əməkdaşlıq qurub, 40-dan çox anlaşma memorandumu imzalayıb. Biznes təlimçisi Elçin Əzimli “Açıq qapı”da iştirak edənlərə karyera qurmaq üçün vacib olan məqamlardan danışıb, onlara öz tövsiyələrini verib. Sonra mərkəzin tələbələrinin uğur hekayələri təqdim olunub. Müzakirə sessiyasında valideynlərin, şagirdlərin peşələrlə bağlı sualları cavablandırılıb. Tədbirdə iştirak edən şagirdlər arasında ixtisas seçiminə dair sorğu keçirilib. Mərkəzin maddi-texniki bazası və emalatxanalarla tanış olmaq üçün infotur təşkil edilib. Qeyd edək ki, iyulun 8-dək davam edəcək “Açıq qapı” günlərinin məqsədi həftə ərzində şagirdlər, valideynlər, müəllimlər üçün peşəyönümü və maarifləndirmə tədbirləri təşkil etmək, peşə təhsilinin imkanları və düzgün karyera seçimi haqqında məlumat verməkdir. Tədbirdə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, burada tədris edilən ixtisaslar, təhsilin formatı, işəgötürənlərlə əlaqələr, uğurlu məzunlar və qəbul qaydaları haqqında təqdimat ediləcək. Cəmiyyətdə tanınan karyera planlaşdırılması üzrə mütəxəssislər əmək bazarındakı trendlər, peşə seçərkən vacib məqamlar, uğurlu karyera qurmağın yollarına dair çıxış edəcək və bu istiqamətdə müzakirə təşkil olunacaq. AİA.Az Geri dön |