Ana Sayfa > Seçki 2024 > İqtisadiyyatımızda qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin əsasını təşkil edir

İqtisadiyyatımızda qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin əsasını təşkil edir


4-07-2021, 12:53. Yazar: admen
İqtisadiyyatımızda qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin əsasını təşkil edir

Azərbaycanımızın açıq dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq indiyə qədər dövlətimizin düzgün və hədəfə hesablanmış siyasətinin bəhrəsi olaraq ölkəmiz çox mühüm iqtisadi divident gətirən layihələr icra etmiş, bölgəyə investorlar cəlb edə bilmişdir. Məlumat üçün qeyd olunmalıdır ki, ölkəmizə indiyə qədər 200 milyard dollardan çox investisiya cəlb olunmuşdur. Cəlb olunan investisiya isə daha çox təbii sərvətlərimiz olan neft-qaz sektoruna yönəlmişdir. Əlbəttə ki, bunun ölkəmiz üçün çox böyük əhəmiyyəti var. Xüsusilə də 1990-cı illərin əvvəllərində Azərbaycanın içində olduğu iqtisadi böhranı nəzərə alsaq o dövr üçün neft-qaz sektorunun bizim üçün həyati əhəmiyyətə malik olması yəqin ki, başa düşülən olardı. Ancaq bir reallıq da var ki, müasir dünyada ölkə iqtisadiyyatının bir sahədən asılılığı düzgün qəbul olunmur. Çünki bu, həmin sahə ilə bağlı ölkənin xaricdən gələn şoklara qarşı müdafiəsiz edir. Buna görə də hazırda ölkələr üçün iqtisadiyyatın çoxşaxəliliyi əsas prioritetdir. Yenidən ölkəmizə qayıtsaq, dövlətimizin bununla bağlı uzun müddətdir ki, apardığı qeyri-neft sektoruna xüsusi diqqəti özündə ehtiva edən siyasət həyata keçirdiyinin şahidi oluruq. "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də ölkəmizin qeyri-neft sektorunun inkişafının daha aydın şəkildə öz əksini tapdığını görürük.

Ölkəmizdə qeyri-neft sektorunun inkişafı və ixrac çeşitliliyinin yaradılması məqsədilə atılan addımlardan biri də Ələt Azad İqtisadi Zonanın yaradılmasıdır. Ötən gülərdə daha dəqiq-01 iyul tarixində ölkə başçımızın iştirakı ilə Ələt Azad İqtisadi da təməlqoyması həyata keçirilmişdir. Azad iqtisadi zonalarla bağlı qısa məlumat vermək istərdim. Belə ki, Azad iqtisadi zonalar kapitalın ölkə iqtisadiyyatına cəlb olunması ilə yanaşı ixrac səbətinin həm çeşidini, həm də coğrafiyasını genişləndirməyə şərait yaradır. İqtisadi zonada milli iqtisadiyyatdan ayrı, ancaq müəssisələrin, sahibkarların maraqlarına uyğun bir növ oazisin yaradılması nəzərdə tutulur. İqtisadi zonanın özünün də müəyyən dərəcədə tələbləri və şərtləri var. Belə ki, ilkin şərtlər olaraq Zonanın dənizkənarında, nəqliyyat baxımından əlverişli və paytaxta yaxın olan ərazidə yerləşməsi zəruridir. Ölkəmizdə isə bunların hamısını təmin edəcək yer müəyyənləşdirilmiş və bu prinsiplərə ən uyğun məkan olaraq Ələt seçilmişdir. Burada sənaye sektorunun və digər infrastrukturun formalaşması üçün geniş bir ərazinin mövcudluğu, eləcə də nəqliyyat xətlərinin, dəniz limanının orada olması azad iqtisadi zona üçün münbit bir şərait yaratmışdır. Qeyd edək ki, texniki şərtlərlə yanaşı xaricdən investor çəkməyin başqa vacib şərtləri də var. Məsələn: investor stabilliyi, dövlət səviyyəsində investora inam aşılayacaq addımlar, ölkədə davamlı ictimai-siyasi sabitlik və s. Əminliklə demək olar ki, ölkəmiz bu şərtlərin də hər birinə tam cavab verir.

Ələt iqtisadi zonasının yaradılması uğurunun əsas meyarlarından biri də güclü qanunvericilik bazasının yaradılmasıdır. 2018-ci ildə “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Fikir versək görərik ki, azad iqtisadi zonanın yaradılması ilə bağlı qəbul olunmuş qanun çox mütərəqqi qanundur. Bu qanunun məhz sözügedən iqtisadi zonaya şamil olunması səbəbindən bir çox hallarda özünün konstitusiyası kimi də səciyyələndirilə bilər. Yuxarıda qeyd edilənləri ümumiləşdirsək, yəni qanunvericilikdəki təkmilləşmə, ölkədəki stabillik, investoru cəlb edən, ölkənin inkişaf etdiyini göstərən (DAVOS Iqtisadi Forumunun, Dünya Bankının, BVF-nun göstəriciləri) amillər, ölkənin öz öhdəliyini yerinə yetirməsi kompleks şəkildə investoru cəlb edən faktorlardır. Ötən gün Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimində Prezident İlham Əliyevin

Azərbaycan Televiziyasına verdiyi müsahibədə də vurğulamışdır ki, “Azərbaycanda çox gözəl sərmayə iqlimi vardır. Biz bunu həm neft-qaz layihələrinin icrası zamanı nümayiş etdirmişik, həm də digər sahələrdə aparılan islahatlar nəticəsində çox gözəl investisiya iqlimi yaradılmışdır”. Beləliklə, ölkəmizdə Ələt Azad İqtisadi Zonasının uğurlu gələcəyinin təmini üçün bütün şərtlər mövcuddur. Hər birimiz əminik ki, bu layihə də daha əvvəl dövlətimiz tərəfindən icra edilən digər layihələr kimi uğurlu oacaq və dövlətimizin gələcəyində müstəsna rol oynayacaq.

Sonda bir daha qeyd etmək istərdim ki, ölkə iqtisadiyyatı, eləcə də region iqtisadiyyatı üçün Ələt Azad Iqtisadi Zonasının yaradılması çox mühüm hadisədir. Ələt Azad Iqtisadi Zonasının yaradılması Azərbaycana böyük iqtisadi dividentlər yaratmaqla yanaşı, şübhə yoxdur ki, ölkəmizin regionda mövqelərini daha da gücləndirən mühüm addım olacaqdır.

Şəbnəm Eldarova

Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının

Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması

şöbəsinin baş məsləhətçisi
Geri dön