Ana Sayfa > Gündəm > Fuad Bədəlov: “Ali Baş Komandan cənab İlham Əliyevin tətbiq etdiyi müasir döyüş strategiyası düşmənə qaçmaq və ya təslim olmaqdan başqa heç bir şans buraxmadı”
Fuad Bədəlov: “Ali Baş Komandan cənab İlham Əliyevin tətbiq etdiyi müasir döyüş strategiyası düşmənə qaçmaq və ya təslim olmaqdan başqa heç bir şans buraxmadı”2-07-2021, 11:00. Yazar: sevinc1 |
“Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun Vətən müharibəsində tətbiq etdiyi unikal döyüş strategiya və taktikası bu gün dünyanın əksər ölkələrində öyrənilir. Hətta bir çox inkişaf etmiş ölklərin hərbi ekspertləri də etiraf edirlər ki, Azərbaycanın 44 gün ərzində apardığı və möhtəşəm Qələbə ilə başa vurduğu Vətən müharibəsi dünya hərb sənətinə çox böyük yeniliklər gətirmiş oldu. Artıq bir çox dünya ölkələri öz ordularının silahlanma konsepsiyasına yenidən baxmağa başlayıblar. Eyni zamanda da bütün dünyada ötən əsrin sonlarına qədər dəyişilməz hesab olunan fundamental hərb nəzəriyyələri bu gün, məhz Azərbaycan Ordusunun döyüş taktikası fonunda sanki birdən-birə köhnələrək öz aktuallıqlarını itirdilər.” Bu sözləri Qubadlı rayon Təhsil Şöbəsinin müdiri, YAP Qubadlı rayon təşkilatının İdarə Heyətinin üzvü Fuad Bədəlov deyib. Hakim partiya təmsilçisi Silahlı Qüvvələrimizin güc və peşəkarlıq göstəricilərindən biri kimi hərbi əməliyyatların çox qısa müddətdə başa çatması faktını qeyd edərək bunları deyib: “Biz bu sözləri tez-tez deyirik və eşidirik: Azərbaycan Ordusu 5 ilə işğal edilmiş və 30 il ərzində çoxsaylı istehkamlarla möhkəmləndirilmiş əraziləri cəmi 44 günlük hərbi əməliyyatlar nəticəsində azad etdi. Ola bilsin ki, bu fakt artıq bizim üçün bir qədər adiləşib. Lakin əslində bu, həqiqətən də qeyri-mümkün bir işin mümkün edilməsidir. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan Ordusu zəif, vahid komandanlığı, müasir silahları, hətta yetərincə silahları, kifayət qədər peşəkar komandır kadrları olmayan bir ordu idi. Digər tərəfdən də respublikaya səriştəsiz insanların rəhbərlik etmələri səbəbindən ölkədə hərc-mərclik, anarxiya hökm sürürdü. Ermənistan isə bir çox xarici dövlətlərdən hər cür dəstək alırdı. Bununla belə erməni ordusu yenə də torpaqlarımızın işğalını istədiyi sürətlə həyata keçirə bilmirdi. Çünki Azərbaycan xalqının əzmkarlığı, fədakarlığı bütün dövrlərdə olub və olacaq. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra isə vəziyyət sürətlə dəyişməyə başladı. Qısa müddət ərzində vahid komandanlığa əsaslanan ordu yaradıldı. Bu ordu artıq 1994-cü ilin əvvəllərində Murov dağı və Füzuli rayonu istiqamətində uğurlu hərbi əməliyyatlar həyata keçirdi, işğal olunmuş ərazilərimizin bir qismini azad etdi. Lakin erməni qəsbkarları hər halda torpaqlarımızın 20%-ni 30 il işğal altında saxladılar. Bütün bu illər ərzində onlar gec-tez hücuma keçəcəyinə əmin olduqları Azərbaycan Ordusunun qarşısını almaq üçün üç, dörd, hətta beş səviyyəli hərbi-mühəndis istehkamları qurdular, uzunmüddətli avtonom atəş nöqtələri, mina sahələri yaratdılar. Lakin bütün bunların heç bir nəticəsi olmadı. Azərbaycan Ordusu artıq yeni taktikaya, yeni silahlara və ən müasir texnologiyalara sahib olan bir orduya çevrilmişdi. Qısa müddət ərzində erməni hərbi birləşmələri hətta silah-sursatlarını, hərbi texnikalarını belə qoyaraq qaçmağa başladılar. Çox maraqlıdır ki, 44 gün davam edən hərbi əməliyyatların gedişindən bizim hərbi hissələrdən heç biri hətta taktiki gediş naminə belə olsa, bircə metr də geri çəkilmədi. Ordumuzun gözlənilməz manevrləri, artilleriya və PUA-ların dəqiq zərbələri ilə düşmənin zirehli texnikası və ağır artilleriya qurğuları tez bir zamanda məhv edilir, döyüşlərin gedişinə təsir etmək imkanını itirirdi. Bir sözlə, Ali Baş Komandan cənab İlham Əliyevin tətbiq etdiyi müasir döyüş strategiyası düşmənə qaçmaq və ya təslim olmaqdan başqa heç bir şans buraxmadı.” Daha sonra Fuad Bədəlov Vətən müharibəsinin ən mühüm nəticələrindən biri kimi Cənubi Qafqazda yaranmış yeni reallıqların əhəmiyyətini vurğulayıb. Müsahibimiz bildirib ki, məhz bu baxımdan da regional inkişaf və əməkdaşlıq perspektivlərinin təşəbbüskarı və təminatçısı bu gün Azərbaycanın beynəlxalq nüfuzu getdikcə artır: “Vətən müharibəsinin məntiqi nəticəsi olaraq, bu gün Cənubi Qafqazda tamamilə yeni reallıqlar yaranıb. Əlbəttə ki, bu reallıqların müəllifi Vətən müharibəsində tarixi Qələbə qazanan Azərbaycandır. Bu səbəbdən regional inkişaf və əməkdaşlıq perspektivlərinin təşəbbüskarı və təminatçısı kimi də məhz Azərbaycan çıxış edir. Möhtərən dövlət başçımızın vurğuladığı kimi, yeni vəziyyət yeni yanaşmaları tələb edir. Dünya ictimaiyyəti, regionda maraqlı olan dövlətlər və beynəlxalq təşkilatlar da artıq belə bir həqiqəti qəbul edirlər ki, Cənubi Qafqazda sülh və əmin-amanlığın təmini, transmilli enerji və logistik layihələrin reallaşması yalnız Azərbaycanın iştirakı ilə mümkündür və eyni zamanda da Azərbaycan bu layihələrin uğurla həyata keçirilməsini təmin edə biləcək əsas regional oyunçudur. 30 il davam edən işğal faktı səbəbindən Azərbaycan birmənalı olaraq bəyan etmişdi ki, biz ərazilər azad olunmayana qədər Ermənistanla əməkdaşlıq etməyəcəyik. Buna görə də Ermənistan çox vaxt itirdi və böyük imkanlar əldən verdi. Bu gün Ermənistandakı vəziyyət bu ölkənin müstəqillik qazandığı dövrlə müqayisədə daha ağırdır. Dövlət başçımızın qeyd etdiyi kimi, bu gün Ermənistanın ordusu belə yoxdur. O, tamamilə məhv edilib. Ölkə səkkiz aydan çoxdur ki, daimi siyasi böhran içindədir. Cəmiyyətdə böyük dərəcədə inamsızlıq yaranıb, qarşılıqlı ittihamlar irəli sürülür. Bütün bunlarla yanaşı Azərbaycan Prezidenti yenə də öz insanpərvərlik ruhuna sadiq qalaraq, böyük humanistlik nümayiş etdirir. Ermənistana tarixi bir şansdan yararlanmaq imkanı verilir və əgər qarşı tərəf öz qonşuları ilə münasibətlərini düzgün formatda qura bilsə, o zaman Ermənistan regional layihələrdə iştirak etmək və öz iqtisadiyyatını dirçəltmək üçün unikal imkanlar əldə edə biləcək. Əlbəttə ki, Ermənistanın bu şansı nə dərəcədə düzgün dəyərləndirə biləcəyi yalnız bu ölkənin öz gələcək müqəddaratına təsir edəcək. Azərbaycan isə istənilən halda bundan sonra daha sürətlə inkişaf edəcək, getdikcə öz iqtisadi gücünü və hərbi qüdrətini daha da artıracaq.” AİA.Az Geri dön |