Ana Sayfa > Seçki 2024 > Silahlı Qüvvələrimiz Azərbaycan torpaqlarını etibarlı şəkildə müdafiə etməyə qadirdir

Silahlı Qüvvələrimiz Azərbaycan torpaqlarını etibarlı şəkildə müdafiə etməyə qadirdir


30-06-2021, 17:49. Yazar: sevinc1
Silahlı Qüvvələrimiz Azərbaycan torpaqlarını etibarlı şəkildə müdafiə etməyə qadirdir

2020-ci ilin sonlarına doğru Azərbaycan xalqı dövlətçilik və müstəqillik tarixini möhtəşəm bir hadisə ilə şərəfləndirdi. 44 gün davam edən Vətən savaşında rəşadətli Ordumuz təcavüzkar Ermənistanı döyüş meydanında məğlub edərək işğala son qoydu, dövlətimizin ərazi bütövlüyünü bərpa etdi. 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciət edən Ulu Öndər Heydər Əliyev deyirdi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Ulu Öndər Heydər Əliyevin ən böyük arzuları işğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası, bütün məcburi köçkünlərin doğma yurdlarına qayıtması idi. Onun ən layiqli siyasi davamçı İlham Əliyev Azərbaycanı gücləndirərək elə bir səviyyəyə çatdırdı ki, Ordumuz Ermənistanın işğal siyasətinə son qoydu, torpaqlarımızı azad etdi. Bununla həm də Ulu Öndərin vəsiyyəti yerinə yetirildi. "Mən bu gün, eyni zamanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün!” - deyə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də Şəhidlər xiyabanından xalqa müraciətində işlətdiyi bunu sübut edir.

Bu qələbənin təməli illər əvvəl Heydər Əliyev tərəfindən dövlətçiliyimizin və müstəqilliyimizin əsasları möhkəmləndiriləndə, tənəzzülün qarşısı alınanda, xarici neft şirkətləri ilə tarixi müqavilələr imzalananda, ordu quruculuğuna başlananda qoyulmuşdu. Başlanğıcını 1993-cü il noyabrın 2-dən - Ulu Öndərin xalqa müraciətindən götürən və tarixə Heydər Əliyevin ordu quruculuğu kimi düşən bu dönəmin ilkin çağlarında yeni yaradılan və mərkəzi komandanlığa tabe olan hərbi birləşmələr nəinki Ermənistanın güclənən hücumlarının qarşısını böyük mətinliklə aldılar, 1993-cü ilin sonu, 1994-cü ilin əvvəllərində Füzuli istiqamətində, digər ərazilərdə uğurlu hərbi əməliyyatlar keçirərək çoxsaylı yaşayış məntəqələrini, strateji əhəmiyyət kəsb edən yüksəklikləri düşməndən azad etdilər. Ulu Öndər Heydər Əliyev deyirdi: "Artıq Azərbaycanın müasir tələblərə cavab verə biləcək nizami ordusu vardır. Orduda lazımi nizam-intizam, qanun-qayda var və Azərbaycanın bugünkü ordusu, Silahlı Qüvvələri Azərbaycan torpaqlarını etibarlı müdafiə etməyə qadirdir. Biz buna çətin yollardan keçərək nail olmuşuq. Ancaq əldə etdiyimiz nailiyyət bizi arxayınlaşdırmamalıdır. Azərbaycanda ordunun inkişaf etməsi, möhkəmlənməsi dövlətimizin və xalqımızın ən əsas vəzifəsidir”.

Ötən 18 ildə Ulu Öndər Heydər Əliyev siyasətini inamla davam etdirən Prezident İlham Əliyev ordu quruculuğu məsələlərini xüsusilə diqqət mərkəzində saxlayıb. Bu illərdə Azərbaycan Ordusu ən müasir standartlar səviyyəsində gücləndirilib, döyüş imkanlarını hərb sənayesinin yeniliklərinə uyğun artırıb. Yenilikçi rəhbər olan İlham Əliyev Ali Baş Komandan kimi ordumuzun da müasir çağırışlarla ayaqlaşmasını təmin edib. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi qələbəsini şərtləndirən amillər əsgərlərimizin vətənpərvərliyi və yüksək döyüş ruhu ilə yanaşı, həm də ordumuzun müasir hərbi imkanlara malik olmasıdır. Bu gün Silahlı Qüvvələrimiz Azərbaycan torpaqlarını etibarlı şəkildə müdafiə etməyə qadirdir.
Sonda bir daha qeyd edək ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan Ordusunu yaratdı, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev isə onu dünyanın ən güclüləri sırasına çıxardı. Ordumuz qarşısında duran tarixi missiyanı, yaradıcısı Ulu Öndər Heydər Əliyevin arzusunu və vəsiyyətini yerinə yetirdi. Bu gün Heydər Əliyevin ruhu rahatdır və bu qələbə həm də Ulu Öndərin ideyalarının təntənəsidir.

Sahil Babayev,
YAP Göygöl rayon təşkilatının Yeni Qızılca kənd İƏD-i üzrə nümayəndəliyi ərazi ilk partiya təşkilatının sədri
aia.az

Geri dön