Ana Sayfa > Səhiyyə > Bərdə, Göygöl, Mingəçevir və Gəncə şəhərlərində həkimlər üçün təlimlər keçirilib

Bərdə, Göygöl, Mingəçevir və Gəncə şəhərlərində həkimlər üçün təlimlər keçirilib


30-06-2021, 15:24. Yazar: sevinc1
Bərdə, Göygöl, Mingəçevir və Gəncə şəhərlərində həkimlər üçün təlimlər keçirilib

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Elmi-Tədqiqat, Mamalıq və Ginekologiya İnstitutu, İcbari Tibbi Sığorta Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) ilə birgə əməkdaşlıq çərçivəsində həkimlər çün “Reproduktiv sağlamlıq üzrə Minimal İlkin Xidmətlər Paketinin əlaqələndirilməsi və həyata keçirilməsi üçün milli potensialın artırılması” üzrə təlimlər təşkil olunub.

Mərkəzin mətbuat xidmətindən verilən məlumata görə, BMT-nin Əhali Fondunun dəstəyi ilə iyunun 8-dən 25-dək Bərdə, Göygöl, Mingəçevir və Gəncə şəhərlərində keçirilən təlimlər çərçivəsində, həmçinin müraciət edən yerli sakinlər müayinə olunub və onlara müvafiq məsləhətlər verilib.

Təlimləri İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə, Elmi-Tədqiqat, Mamalıq və Ginekologiya İnstitutunun Ambulator-diaqnostika şöbəsinin müdiri Gülnarə Rzayeva və mama-ginekoloq Tənzilə Ağayeva aparıblar.

Ekspertlər fövqəladə hallarda cinsi və reproduktiv sağlamlıq üzrə tədbirlər, həmçinin cinsi və gender zorakılığı zamanı yardım və dəstək üçün yaranan maneələr, zorakılıq qurbanları üçün təşkil olunan tibb xidmətləri, fövqəladə hallar zamanı İİV və cinsi yolla yoluxan infeksiyaların profilaktikası barədə ətraflı məlumat veriblər.

Təlimlər çərçivəsində tibb işçilərinin fövqəladə hallara hazırlığının yoxlanılması məqsədilə simulyasiyanın keçirilməsi nəzərdə tutulub.

AİA.Az
Geri dön