Ana Sayfa > Gündəm > Lütvəli Şıxəliyev: “Silahlı Qüvvələrimizin yaradılmasının 103-cü ildönümünü Zəfər coşqusu ilə qeyd olundu”
Lütvəli Şıxəliyev: “Silahlı Qüvvələrimizin yaradılmasının 103-cü ildönümünü Zəfər coşqusu ilə qeyd olundu”30-06-2021, 14:00. Yazar: sevinc1 |
“Bu gün Azərbaycan bütün beynəlxalq regional layihələrdə, həmçinin Avropanın enerji təhlükəsizliyinin təminatı ilə bağlı layihələrdə əsas aparıcı mövqelərdə yer almışdır. Ölkə Prezidenti cənab İlham Əliyevin davamlı olaraq yürütdüyü daxili və xarici siyasət nəticəsində Azərbaycana dünyanın ən nəhəng şirkətləri investor və tərəfdaş qismində cəlb olunmuşlar. Hər kəs bizimlə çalışmaq, burada yaradılan imkanlardan bəhrələnmək istəyir. O cümlədən bizim bütün qonşularımız Azərbaycan üzərindən reallaşdırılan beynəlxalq iqtisadi layihələrdən bəhrələnirlər, qazanırlar. İstisna yalnız Ermənistandır. Çünki uzun illər boyu bu dövlətin başında duranlar öz xalqının rifahını, insanlarının mənafelərini düşünməklə deyil, hansısa utopik, qeyri-real, tarixdə heç bir zaman mövcud olmamış “böyük erməni dövləti” mövzusunda fantaziyalar qurmaqla məşğul olublar.” Bu fikirləri Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev deyib. Hakim partiya təmsilçisi vurğulayıb ki, otuz il ərzində işğal altında qalan doğma Vətən torpaqlarının həsrətilə yaşayan biz olsaq da, əslində bu münaqişədə daha çox uduzan məhz erməni tərəfi olmuşdur. Müsahibimiz daha sonra qeyd edib ki, Ermənistan 30 il ərzində işğal altında saxladığı torpaqlarda xalqımıza qarşı törətdiyi qanlı cinayətlərin layiqli cavabını döyüş meydanında aldı: “30 il ərzində erməni qəsbkarları xalqımıza qarşı olmazın qanlı cinayətlər törədiblər. O cümlədən 1992-ci ildə törədilən Xocalı soyqırımı nəticəsində 106 qadın, 63 uşaq olmaqla 600-dən çox günahsız, dinc insan vəhşicəsinə qətlə yetirilib. Əlbəttə ki, xalqımız bütün bu faciələri heç zaman unutmayacaq. Həmçinin müxtəlif addımlarla Ermənistan hər zaman Azərbaycanı təxribata çəkməyə can atıb. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, Ermənistanın təxribat xarakterli addımlarından biri də qədim Azərbaycan şəhəri, bizim mədəniyyət paytaxtımız olan Şuşada qanunsuz xunta rejiminin, keçmiş Dağlıq Qarabağ rejiminin başçısının andiçmə mərasiminin keçirilməsi idi. Bu, əlbəttə ki, Azərbaycan xalqına qarşı təhqir idi. Qondarma “Dağlıq Qarabağ respublikası”nın qondarma parlamentinin Şuşa şəhərinə köçürülməsi və parlament üçün binanın inşa edilməsi də təxribat xarakterli addım idi. Ermənistan keçən ilin yayında Azərbaycana qarşı növbəti hərbi təxribat törətdi. Ermənistan-Azərbaycan dövlət sərhədində bizim mövqelərimiz atəşə tutuldu. Nəhayət 2020-ci ilin sentyabr ayının 27-də Azərbaycan düşmən təxribatına son qoymaq və özünün ərazi bütövlüyünü bərpa etmək məqsədilə hərbi əməliyyatlara başladı. Cəmi 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın şanlı Qələbəsilə başa çatdı. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri Bəyanat imzaladılar. Bu Bəyanat əsasında bizim digər rayonlarımız artıq siyasi yollarla Azərbaycana qaytarıldı. Beləliklə, məsələ hərbi-siyasi yollarla həll olundu.” Həmçinin Lütvəli Şıxəliyev Cənubi Qafqazda yaranan yeni reallıqların həm region ölkələri qarşısında, həm də ümumilkdə Avrasiya məkanında böyük iqtisadi inkişaf perspektivləri açdığının xüsusi qeyd edərək bunları deyib: “Azərbaycanın tarixi qələbəsi nəticəsində Cənubi Qafqazda yaranan yeni reallıqlar həm region ölkələri qarşısında, həm də ümumilkdə Avrasiya məkanında böyük iqtisadi inkişaf perspektivləri açıb. Bu imkanlar regional əməkdaşlıqda maraqlı olan bütün ölklər tərəfindən çox yüksək qiymətləndirilir. Ölkə Prezidenti cənab İlham Əliyev də öz çıxışılarında bütün region ölkələrinin bu imkanlardan yararlana biləcəklərini dəfələrlə vurğulayıb. Xüsusilə qeyd olunmalıdır ki, Azərbaycanın tarixi əraziləri olan Zəngəzur mahalından keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək. Həmçinin bu layihələr digər ölkələr üçün də yeni, əlavə imkanlar yaradacaq. Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşir, Orta Asiya Avropa ilə birləşir. Yəni, Azərbaycan artıq yeni nəqliyyat dəhlizinin yaradılması istiqamətində iri həcmli işlərə start vermişdir. Lakin Azərbaycan hər zaman humanizm prinsiplərindən çıxış edib. Məhz buna görə bu gün Ermənistanın da yaranmış yeni iqtisadi inkişaf perspektivlərindən yararlanmaq şansı almaq imkanı var. Məlumdur ki, Ermənistanın hazırda onun müttəfiqi olan Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur. Bu dəmir yolu əlaqəsi Azərbaycan ərazisindən yarana bilər. Ermənistanın onun qonşusu olan İranla dəmir yolu əlaqəsi yoxdur. Naxçıvan vasitəsilə bu dəmir yolu təmin edilə bilər. Lakin bütün bunlar üçün Ermənistan rəhbərliyinin artıq reallıqları qəbul etməsi və qonşu dövlətlərlə, ilk növbədə əlbəttə ki, Azərbaycan və Türkiyə ilə münasibətlərini yenidən qurmağa səy göstərməsi vacibdir. Yalnız bu yolla Ermənistan ona təqdim olunan tarixi şansdan yararlanmaq imkanı əldə edə bilər. Əks halda isə, Azərbaycanın dəmir yumruğunu yenidən öz başı üzərində görmək Ermənistan üçün an məsələsi ola bilər.” Sonda hakim partiya təmsilçisi Vətən müharibəsində əldə olunmuş tarixi Qələbədən sonra Silahlı Qüvvələr Gününün də xalqımız üçün tamamilə yeni, daha möhtəşəm bir anlama gəldiyini qeyd edib: “26 iyun Silahlı Qüvvələr Günü ötən illərdə də hər zaman xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qeyd olunub. Lakin məhz bu ildən bu şərəfli tarix xalqımız üçün və ordumuz üçün tam yeni bir anlam, fərqli mahiyyət kəsb etməyə başladı. Bu il Azərbaycan xalqı Silahlı Qüvvələrin yaradılmasının 103-cü ildönümünü indiyədək müşahidə olunmamış bir ovqatla, tarixi Qələbə coşqusu ilə qeyd etdi. Ölkə Prezidenti cənab İlham Əliyevin də dediyi kimi, artıq bu ildən Azərbaycan bu tarixi hər zaman qalib ölkə, qalib xalq və Müzəffər ordu olaraq qeyd edəcək. AİA.Az Geri dön |