Ana Sayfa > Seçki 2024 > Qalib xalqın Müzəffər Ordusunun bayramı bu il tam fərqli bir mühitdə keçirilir

Qalib xalqın Müzəffər Ordusunun bayramı bu il tam fərqli bir mühitdə keçirilir


30-06-2021, 10:22. Yazar: sevinc1
Qalib xalqın Müzəffər Ordusunun bayramı bu il tam fərqli bir mühitdə keçirilir


Azərbaycanda ordu quruculuğu prosesinin Azərbaycan xalqının Ümumilli lideri Heydər Əliyevin adı ilə bağlı şərəfli tarixi vardır. Hələ Azərbaycana rəhbərliyinin birinci dövründə Ulu öndər Bakıda Azərbaycanın milli hərb sənəti tarixinə adı qızıl hərflərlə yazılmış general Cəmşid Naxçıvanski adına hərbi lisey yaratmaqla ölkəmizdə hərbi sahənin inkişafında yeni mərhələnin əsasını qoymuşdur. 1993-cü ildə ölkənin ağır dönəmində xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələndə Heydər Əliyevin ilk işi qanunsuz silahlı birləşmələrin fəaliyyətinə son qoymaq və Ordunun idarəçiliyini vahid mərkəzdə birləşdirmək oldu. Məhz ulu öndərin yorulmaz fəaliyyəti, dövlətçilik təfəkkürü, siyasi uzaqgörənliyi, təşkilatçılıq qabiliyyətinin məntiqi və real nəticəsi müasir Azərbaycan Ordusunun əsasını qoydu. Beləliklə sabitlik, dinamik iqtisadi inkişafla yanaşı güclü ordu quruculuğu da müasir Azərbaycanı xarakterizə edən əsas amillərdən birinə çevrildi.

Ulu öndər Heydər Əliyevdən sonra bu missiyanı onun siyasi varisi İlham Əliyev uğurla davam etdirdi. Cənab İlham Əliyevin rəhbərliyi ilə hərbi arsenal ən müasir silahlarla təchiz olundu, hərbi sahədə əməkdaşlıq əlaqələri genişləndirildi. Ölkə başçımızın bu sahəyə xüsusi həssaslıqla yanaşması sayəsində Azərbaycan qüdrətli orduya sahib oldu. Bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordudan biri və Cənubi Qafqazın ən güclü Ordusudur. İkinci Qarabağ müharibəsində bu fakt özünü bir daha təsdiqləmiş və Ordumuzun gücü dosta, düşmənə bir daha nümayiş olunmuşdur. Qeyd etmək istərdim ki, 44 günlük müharibə sadəcə cəbhədə iki ölkənin əsgərlərinin iştirakı ilə keçmədi, eyni zamanda beynəlxalq müstəvidə, siyasi arenada, informasiya cəbhəsində də savaş davam etdi. Və əminliklə demək olar ki, cəbhədə olduğu kimi digər müstəvilərdə də Azərbaycan qeyd-şərtsiz qələbə qazandı. Bu isə əlbəttə ki, illərdir Azərbaycan dövləti tərəfindən aparılan düşünülmüş siyasətin nəticəsi idi. Rəsmi Bakı Qarabağın əzəli Azərbaycan torpağı olduğunu hüquqi müstəvidə də sübut etmək üçün uzun müddət diplomatik səylər göstərdi və sonda istəyinə nail oldu. Hətta daim anti-Azərbaycan mövqeyi ilə seçilən Avropa Şurası və Avropa Parlamenti kimi təşkilatlar belə Azərbaycanın ərazi bütövlüyünü tanımağa və Azərbaycanın haqq mövqeyini dəstəkləməyə məcbur oldu. Beləliklə, son illər ərzində aparıcı beynəlxalq təşkilatların Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etməsi münaqişənin tarixində mühüm dönüş hadisəsi oldu.

Məlumat üçün bildirək ki, 26 iyun tarixində Azərbaycan Ordusunun yaranması günü ilə əlaqədar Müzəffər Ali Baş Komandanımızın “Gülüstan” sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşü keçirilmişdir. Cənab prezident burada geniş nitqlə çıxış etmiş və qeyd etmişdir ki, biz bu il bu bayramı tam fərqli bir mühitdə keçiririk. Təbii ki, bu mühiti bizə yaşadan Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusudur. Bu gün hər bir azərbaycanlı Azərbaycan Ordusuna böyük minnətdarlıq hissi ilə, böyük bir rəğbət və hörmətlə münasibətini ortaya qoymaqdadır. Qeyd edək ki, çıxışı zamanı Prezident İlham Əliyev olduqca vacib və dəqiq mesajlar vermişdir.

Prezident İlham Əliyevin çıxışı zamanı vurğuladığı məsələlərdən biri Ermənistan siyasi dairələrinin Aprel döyüşlərindən, 2018-ci ilin uğurlu Günnüt əməliyyatlarından dərs çıxarmaması ilə bağlı oldu. Cənab İlham Əliyev bildirdi ki, “2016-cı ilin Aprel döyüşləri onlara vurulan ciddi zərbə idi”. Bəli, 2016-cı ilin aprel döyüşlərində işğalçı Ermənistana ilk xəbərdarlıq yumruğu endirildi. Aprel döyüşləri milli ordumuzun qüdrətini, hərbiçilərimizin peşəkarlıq və qəhrəmanlığını, əzmini, vətənpərvərliyini sübut edən tarixi hadisə idi. Eyni şəkildə 2018-ci ilin Günnüt əməliyyatı da düşmənə xəbərdarlıq mahiyyəti daşıyırdı. Ancaq onlar bunu da anlamadı. Və nəhayət 44 günlük Vətən müharibəsində düşmənə həlledici zərbə vuruldu. Düşmən ordusu darmadağın edildi. Beləliklə, Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən əməliyyatlarda hərb tarixinə yenilik kimi düşən strategiya ortaya qoydu. Ordumuz ən müasir silahlardan istifadə etməklə Ermənistanın Silahlı Qüvvələrini yerlə-yeksan etdi, düşmənin canlı qüvvəsinə ciddi zərbə vurdu,tarixi ədalət döyüş meydanında bərpa olundu. Ordumuz 30 illik işğala son qoymaqla yanaşı, beynəlxalq hüququ da bərpa etdi. BMT-nin 27 ildir ki, icra olunmayan qətnamələri döyüş meydanında Ordumuz tərəfindən təkbaşına icra olundu.

Ölkə başçımız çıxışında onu da vurğulamışdır ki, İkinci Qarabağ müharibəsi Azərbaycanın tam Qələbəsi ilə nəticələndi. Ancaq buna baxmayaraq həmin orduda bu gün də islahatlar aparılmaqdadır. Azərbaycan Ordusunun bu dərəcədə qüdrətli olması da aparılan islahatların nəticəsidir. Azərbaycanda Ordu quruculuğu prosesi təbii ki, yeni məqsədlər, yeni vəzifələr qarşıda durmaqla davam etdirilir. Vətən müharibəsi çərçivəsində aparılan analizlər, əldə olunan məlumatlar, əməliyyatların xarakteristikası ümumiyyətlə əldə olunmuş nəticələr bundan sonra Ordunu daha da təkmilləşdirməyə təşviq edir. Bu həm də bölgəmizdə sülh və sabitliyin davamlı olması nöqteyi nəzərindən çox böyük önəm daşıyır.

Beləliklə, aparılan islahatlar, təlimlər, yeni-müasir silahlar, ixtisaslı, vətənpərvər hərbiçilər və əlbəttə uzaqgörən Ali Baş Komandan 44 günlük müharibədə Azərbaycan Ordusunun zəfər əldə etməsini şərtləndirdi. İkinci Qarabağ müharibəsindən sonra bölgəmizdə yeni reallıqlar yaradan bu Ordu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında öz nüfuzunu, qüdrətini bütün dünyaya bir daha göstərdi. Bununla da Azərbaycan Ordusu əcdadımızdan miras aldığımız əsgəri adət-ənənələrimizi ən yüksək səviyyədə davam etdirməyi bacaran millət, xalq olduğumuzu sübut etdi. Türk dünyasında daima ifadə edilən “Hər türk əsgər doğular” deyiminin sözün həqiqi mənasında burada öz ifadəsini tapdığını da söyləyə bilərik.

Samir Hüseynov
Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin müdiri
aia.az

Geri dön