Ana Sayfa > Manşet / Siyasət > Səttar Möhbalıyev: “Azərbaycan Ordusu Cənubi Qafqazda sülh və əmin-amanlığın təminatçısıdır”
Səttar Möhbalıyev: “Azərbaycan Ordusu Cənubi Qafqazda sülh və əmin-amanlığın təminatçısıdır”28-06-2021, 18:00. Yazar: admen |
“Bu il Azərbaycan xalqı Silahlı Qüvvələrin yaradılmasının 103-cü ildönümünü böyük təntənə ilə qeyd etdi. Bu şərəfli tarix ötən illərdə də hər zaman böyük ruh yüksəkliyi ilə qeyd olunub. Lakin məhz bu ildən 26 iyun Silahlı Qüvvələr Günü xalqımız üçün və ordumuz üçün tam yeni bir mahiyyət kəsb etməyə başladı. Artıq bu ildən Azərbaycan bu tarixi qalib ölkə, qalib xalq və Müzəffər ordu olaraq qeyd edəcək.” Bu sözləri mətbuata verdiyi açıqlamada Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev deyib. İlk növbədə millət vəkili bildirib ki, Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəmizi 2003-2020-ci illər ərzində Prezident İlham Əliyev tərəfindən həyata keçirilmiş çoxşaxəli hazırlıq işləri sayəsində təmin edilib: “Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi Qələbədən danışarkən ilk növbədə qeyd etmək lazımdır ki, bu gün Azərbaycanın güclü bir dövlətə çevrilməsinə və nəticə etibarı ilə öz ərazi bütövlüyünü bərpa etməsinə zəmin yaratmış ən önəmli faktor ölkəmizdə xüsusilə son 17 ildə müşahidə olunan dinamik iqtisadi inkişaf amilidir. Ölkə Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, 2003-2020-ci illər ölkəmiz üçün zəruri və vacib bir hazırlıq dövrü idi. Bütün bu dövr ərzində Azərbaycan Prezidenti cənab İlham Əliyev daima deyirdi ki, sülh yolu ilə torpaqlarımız geri qayıtmasa, müharibə yolu ilə biz bu məsələni həll edəcəyik. Bütün xarici təzyiqlərə, ittihamlara baxmayaraq Azərbaycanın dövlət başçısı bu haqlı mövqeyindən heç zaman bir addım belə olsun geri çəkilmədi. Az qala bütün dünya deyirdi ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur. Hətta beynəlxalq təşkilatlar çalışırdılar ki, Ermənistan ilə hər hansı bir formada bir protokol imzalansın ki, ancaq məsələ sülh yolu ilə həll olunsun. Yəni, hərbi yol istisna edilsin. Yalnız Prezident İlham Əliyevin siyasi iradəsi buna yol vermədi. 17 il ərzində dövlətimizin başçısı bütün çıxışlarında, beynəlxalq müstəvidə keçirilən bütün tədbirlərdə bu məsələni dilə gətirdi, mövcud münaqişəni diqqət mərkəzinə çəkdi. Görülən tədbirlər sayəsində ilk növbədə daxili sabitlik təmin edildi, xalq-iqtidar birliyinə nail olundu. Daha sonra ölkənin iqtisadi inkişafı təmin edildi. Əlbəttə ki, güclü ordunun yaradılması güclü iqtisadiyyat tələb edir. Eyni zamanda həyata keçirilən düzgün xarici siyasət hesabına beynəlxalq vəziyyət bizim xeyrimizə çevrildi. 2005-ci ilə qədər Azərbaycan üçün əsas hüquqi bazanın yalnız BMT Təhlükəsizlik Şurasının qətnamələri olduğu halda, 2005-ci ildə Avropa Şurası Parlament Assambleyası uzun müzakirələrdən sonra ölkəmizi qane edən qətnamə qəbul etdi. Ardınca BMT Baş Assambleyası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digərləri buna oxşar qərar və qətnamələr qəbul etdilər. Bütün bunlarla yanaşı isə münaqişənin həlli üçün ən mühüm olan sahədə, ordu quruculuğunda möhtəşəm hazırlıq işləri həyata keçirildi. Sonda bütün bu hazırlıqlar sayəsində bizim qürur mənbəyimiz, Vətən müharibəsində tarixi Qələbəmiz əldə olundu. Bu, həqiqətən də əsl tarixi nailiyyətdir. Xalqımızın çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə hələ əldə olunmamışdı. Azərbaycan xalqı, Azərbaycan Ordusu öz Prezidentinin və Ali Baş Komandanının ətrafında bir Dəmir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdi, düşməni məğlub etdi, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi.” Daha sonra Səttar Möhbalıyev qeyd edib ki, Azərbaycanın müharibədən sonrakı dövrü əhatə edən inkişaf konsepsiyasında ordumuzun daha da gücləndirilməsi prinsipi xüsusi yer tutur. Millət vəkilinin sözlərinə görə işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək ki, bu da öz növbəsində bütün digər sahələr kimi, ordu quruculuğuna da yeni dinamika gətirəcək: “Azərbaycanın parlaq Qələbəsi nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına yenidən formalaşacaq qatqısı, logistik sahədə yeni perspektivlər respublikanın inkişaf potensialını artıracaq. Ərazi bütövlüyümüzün təmin olunması iqtisadi sferada böyük irəliləməyə gətirib çıxaracaq. Bu iqtisadi inkişafın dogru dəyərləndirilməsi ölkəmizin dünya səviyyəsində davamlı irəliləməsinə və dinamik inkişaf xəttinə malik olmasına səbəb olacaq. Təbii ki, iqtisadi potensialın müəyyən bir hissəsi yenə də ordu quruculuğu işlərinə yönəldiləcək. Çünki müasir dünyada iqtisadi və hərbi gücü olmayan dövlət nə özünün, nə də xalqının maraqlarını qoruya bilməz. Ölkə Prezidenti cənab İlham Əliyevin də öz çıxışında qeyd etdiyi kimi, bu gün beynəlxalq hüquq normaları işləmir. Böyük dövlətlər onlara sərf edən qərarları icra edirlər, sərf etməyən qərarları icra etmirlər. Əks təqdirdə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş və erməni silahlı qüvvələrinin torpaqlarımızdan dərhal çıxarılmasını tələb edən qətnamələr 30 il ərzində kağız üzərində qalmazdı. Beynəlxalq hüquq normaları elə bil kiçik ölkələr, orta səviyyəli, gücü o qədər olmayan ölkələr üçün yazılıb. Böyük ölkələr buna məhəl qoymaya bilərlər. Məhz belə bir vəziyyətdə olmamaq üçün də Azərbaycan öz hərbi qüdrətini bundan sonra da artırmalıdır. Eyni zamanda da Vətən müharibəsinin nəticələri olaraq Cənubi Qafqazda yaranmış yeni reallıqlar bu gün Azərbaycanla yanaşı digər region ölkələri və qonşu dövlətlər üçün də geniş inkişaf perspektivləri açır. Həmçinin Ermənistan da öz iqtisadiyyatını bərpa etmək və dirçəltmək üçün bir şans əldə edə bilər. Lakin bunun üçün ilk növbədə Ermənistan Türkiyə və Azərbaycanla tamamilə yeni formatda münasibətlər qurmağa ciddi səylər göstərməlidir. Təəssüflər olsun ki, biz hələ də bunu müşahidə etmirik. Amma bu, əlbəttə ki, Ermənistanın problemidir. Azərbaycan öz dinamik inkişafına bundan sonra da davam edəcək və hər an istənilən aqressiya cəhdinin qarşısını dərhal almağa hazır olacaq.” Geri dön |