Ana Sayfa > Seçki 2024 > Qorxulu pandemiyadan yeganə xilas yolu vaksinasiyadır

Qorxulu pandemiyadan yeganə xilas yolu vaksinasiyadır


23-06-2021, 07:53. Yazar: sevinc1
Qorxulu pandemiyadan yeganə xilas yolu vaksinasiyadır

2019-cu ilin sonu, 2020-ci ilin əvvəllərindən etibarən bütün dünya “COVID-19” pandemiyasının cənginə keçib. Bu pandemiya ilə birgə dünyanın nə qədər inkişaf etmiş olsa da hələ də gözlənilməyən təbii vəziyyətlərdən sığortalanmadığı aşkar olundu. Son illərdə belə bir fikir var idi ki, artıq dünya ola biləcək hər cür təbii fəlakətə qarşı hazırlıqlıdır amma sadəcə aylar öncə dünyanın böyük şəhərlərinin ən məşhur meydanları, mərkəzi küçələri, bir gündə minlərlə insanı qəbul edən nəhəng mərkəzləri boş qaldı. Və bununla sübut olundu ki, dünya pandemiya qarşısında acizdir. Artıq ilk yoluxma halından demək olar ki, bir ildən artıq müddət keçib. Bu müddət ərzində dünya pandemiyanın təsirlərini demək olar ki, bütün sahələrdə hiss etdi. Səhiyyə sistemi başda olmaqla, təhsil və iqtisadiyyat ən çox təsirə məruz qalan sahələr idi. Yəqin ki, hər birimiz xatırlayırıq ki, təqribən ötən ilin aprel ayının sonunda neftin bir barelinin qiyməti tarixdə ilk dəfə olaraq tam dəyər itirərək sıfır səviyyəsinin belə altına düşüb. Beləliklə, iqtisadi olaraq alınan zərbələr göz qarşısındadır. Ancaq təhsil sahəsində aldığımız zərbəni yəqin ki, bir neçə illər sonra hiss edəcəyik. Aydındır ki, ən azından qısa müddət üçün ənənəvi təhsilin yerini online təhsilin alması mümkün deyil. Bu baxımdan ən böyük zərbənin təhsil sahəsinə vurulduğunu desək yəqin ki, yanılmarıq. Bu fikirlərin fonunda hazırda içində olduğumuz vəziyyətdən ən qısa müddətdə çıxmağın vacibliyi bir daha öz təsdiqini tapır.

Qeyd edək ki, ötən müddət müəyyən irəliləyişlərə səbəb olsa da əslində hələ də dünyanın pandemiyadan yaxa qurtarması üçün lazımi şərait formalaşmayıb. Bunun əsas səbəbi isə şübhəsiz ki, pandemiyadan qurtulmağın yeganə yolu olan peyvəndləmənin dünya miqyasında bütün ölkələri əhatə etməməsidir. Xüsusən, az inkişaf etmiş ölkələrdə peyvəndləmə prosesinin olduqca ləng getməsi yaxın müddətdə dünyanın normal vəziyyətinə qayıtmasını mümkünsüz edir.

Peyvəndlə bağlı bir fikri bildirmək kifayətdir ki, peyvənd vurdurmaq insanın sadəcə özünü qoruması üçün deyil, ümumilikdə ailəsini və yaxın ətrafını qoruması üçün də ilkin şərtdir. Əlbəttə düşünmək olar ki, xüsusilə gənclər pandemiyanı yüngül keçirir və onların peyvənd vurdurması şərt deyil. Ancaq burada da nəzərə almaq lazımdır ki, həmin gənc peyvənd olunmadığı təqdirdə ailəsi, yaxınları, iş kollektivi və hətta kütləvi nəqliyyat vasitələrində, alış-veriş mərkəzlərində qarşılaşdığı insanlar üçün belə təhlükə mənbəyi yaradır. Mümkündür ki, həmin gəncin yoluxdurma ehtimalı olan şəxslərdən biri həssas kateqoriyadan olsun və belə olan halda həmin şəxsin həyatı üçün ciddi təhlükə yaranır. Yəni, hər hansı bir şəxs peyvənd olunması halında sadəcə öz sağlamlığını yox, digər insanların da sağlamlığının qorunmasında əhəmiyyətli rol oynayır. Digər bir tərəfdən yuxarıda da qeyd etdiyimiz kimi dünya miqyasında normallaşma prosesinin getməsi üçün kütlə immuniteti yaranmalıdır. Bu da ölkə əhalisinin 70-80 faizinin peyvəndlənməsi deməkdir. Qısaca bu şəkildə ifadə etmək olar ki, peyvənd vurulması həm şəxsin özü və ailəsi üçün, həm də ölkəsinin normallaşması, iqtisadiyyatın dirçəlməsi və bununla da insanların rifah halının yüksəlməsi üçün lazımlıdır.

Qeyd etdiyimiz kimi, pandemiyanın ən böyük zərəri iqtisadiyyata və dolayı yolla insanların rifah halına dəymişdir. Bəzi ölkə rəhbərləri bir çox hallarda iqtisadiyyatı qorumaq üçün insanların rihahını düşünmədən qərarlar vermiş və addımlar atmışdır. Ancaq ölkəmiz bu mənada istisna təşkil edir. Azərbaycan hökuməti tərəfindən insan amili hər zaman əsas prioritet olaraq qəbul edilib. Ölkə başçımız dəfələrlə çıxışlarında görülən bütün işlərin mərkəzində insan amilinin, vətəndaş rifahının durduğunu elan etmişdir. Xüsusi karantin rejimi dövrü ərzində dövlət tərəfindən verilən qərarlar, özəl sektorun qorunması istiqamətində atılan addımlar, COVID-19-un əhaliyə mənfi təsirinin minimuma endirilməsi və vəziyyətin nəzarətdə saxlanılması ilə bağlı praktiki tədbirlərin həyata keçirilməsi, qısa zaman ərzində 13 modul tipli və 1 daimi xəstəxananın inşa edilməsi və digər atılan addımlar da bunun sübutudur. Bununla yanaşı Azərbaycan dövləti ölkə xaricində də “COVİD-19”-a qarşı ciddi mübarizə aparmışdır. Belə ki, Azərbaycan hər iki təşkilatın sədri olaraq Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının Zirvə görüşlərinin keçirilməsinə və bununla da dünyanın dörd bir yanından müxtəlif siyasi və ideoloji quruluşlara malik ölkələrin bir araya gətirilməsinə nail olmuşdur. Növbəti mərhələdə dövlət başçımız Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə qlobal həmrəyliyin nümunəsi kimi BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etmiş və təklif 130-dan çox ölkənin dəstəyi ilə qəbul edilmişdir. BMT Baş Asambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası dekabr ayında baş tutmuşdur. Bundan əlavə, Azərbaycan dövləti pandemiya ilə mübarizə çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində könüllü maliyyə ayırmaqla və 30-dan çox ölkəyə humanitar və maliyyə dəstəyi göstərməklə dünya həcmində pandemiya ilə mübarizəyə mühüm töhfələr verməyə davam etmişdir. Əlavə olaraq qeyd edək ki, ölkə başçımız müxtəlif zamanlarda “vaksin millətçiliyi”nə yol verilməməsi və bütün xalqların vaksindən bərabərhüquqlu istifadəsi üçün də çağırışlar etmişdir. Qısaca demək olar ki, Azərbaycan pandemiyaya qarşı mübarizədə daim effektiv rol oynamış və sözün əsl mənasında pandemiya ilə mübarizədə “Azərbaycan modeli”nin dünyaya təqdim edilməsinə nail olmuşdur.

Sonda bir daha xatırlatmağı borc bilirik ki, sağlam və firavan gələcək hər birimizin öz əlindədir. Bizlər tibbi maska taxmaq, sosial məsafə saxlamaq, gigiyenik qaydalara əməl etmək kimi sadə şərtlərə əməl edərək və əlbəttə ki, peyvənd olunaraq pandemiyaya qalib gələ bilərik. Hazırda ölkəmizdə insanların seçimlərinə təqdim olunmuş dörd növ vaksin vardır və onların hər biri tam effektivdir. Beləliklə, ölkə başçımızın bir şüarı ilə yazımızı yekunlaşdırmaq istərdim: “Biz birlikdə güclüyük!”. Bəli, biz hər birimiz qaydalara əməl edərək və peyvənd olunaraq pandemiyaya qalib gələcəyik. Vətən müharibəsində birlik olaraq 30 illik zülmə 44 gündə son qoyduğumuz kimi, pandemiyanın ölkəmizdəki varlığına da qısa müddətdə son qoyacağıq.


Xəyalə Cavanşirli
Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi

Geri dön