Ana Sayfa > Gündəm > Meydanəli Yolçuyev: “Şuşa Bəyannaməsi Cənubi Qafqazda yaranmış yeni reallıqların Azərbaycanın parlaq qələbəsi olduğunu təsdiq edir”

Meydanəli Yolçuyev: “Şuşa Bəyannaməsi Cənubi Qafqazda yaranmış yeni reallıqların Azərbaycanın parlaq qələbəsi olduğunu təsdiq edir”


21-06-2021, 10:08. Yazar: sevinc1
Meydanəli Yolçuyev: “Şuşa Bəyannaməsi Cənubi Qafqazda yaranmış yeni reallıqların Azərbaycanın parlaq qələbəsi olduğunu təsdiq edir”

“Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi bütün dünyanı inkar edə bilməyəcəkləri tarixi fakt qarşısında qoydu. Hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinə, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsinə yönəlmiş Bəyannamə iki qardaş ölkənin nəzarəti altında Cənubi Qafqazda yeni regional geosiyasi konfiqurasiyanın qurulmasının başlanğıcı deməkdir. Azərbaycanın Vətən müharibəsində parlaq Qələbəsi regionda artıq iki əsrə yaxın davam edən və mahiyyət etibarı ilə Azərbaycanın milli maraqlarına zidd olan geosiyasi konfiqurasiyaların tamamilə dağıdılmasına səbəb oldu. Qləbəmizin məntiqi davamı olaraq imzalanmış Şuşa Bəyannaməsi isə bundan sonra Cənubi Qafqazda birbaşa Azərbaycan-Türkiyə birliyinin sülh və sabitliyin təminatçısı kimi çıxış etməsini hüquqi cəhətdən əsaslandırdı.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev deyib.

Hakim partiya təmsilçisi bildirib ki, Şuşa Bəyannaməsində tərəflərin siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərinin təşviq edilməsi hər iki ölkənin istənilən xarici aqressiya cəhdlərinə qarşı müdafiə imkanlarının daha da artması deməkdir: “İlk növbədə Şuşa Bəyannaməsi müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən iki dost və qardaş ölkə, Azərbaycan və Türkiyə arasnda müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirir. Bəyannamədə xüsusilə diqqət çəkən məqamlardan biri də budur ki, sənəddə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi xüsusi yer tutur. Bu, o deməkdir ki, tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, ölkələrimizin yaranmış vəziyyətdə birgə məsləhətləşmələr aparılması, beynəlxalq hüquq kontekstində bu təhdid və ya təcavüzün aradan qaldırılması istiqamətində birgə fəaliyyət göstərilməsi nəzərdə tutulur. Həmçinin Şuşa Bəyannaməsində Silahlı Qüvvələrimizin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, hər iki ölkənin Təhlükəsizlik şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslarının keçirilməsi kimi müddəaların yer alması həm Azərbaycanın, həm də Türkiyənin hərbi-müdafiə qüdrətinin qrtmasına xidmət edir . Xüsusilə də Türkiyənin dünya miqyasında hərbi sənaye sahəsində qabaqcıl ölkələrdən biri olduğunu nəzərə alsaq, ölkəmizin bundan sonrakı ordu quruculuğu üçün bu cür əməkdaşlığın son dərəcə böyük əhəmiyyət kəsb etdiyini demək olar.”

Həmçinin Meydanəli Yolçuyev qeyd edib ki, ölkələrimiz arasında Milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılması, iqtisadi əlaqələrə böyük töhfələr verəcək: “Şuşa Bəyannaməsində əksini tapan diqqətəlayiq məqamlardan biri də ölkələrimiz tərəfindən bundan sonra ticarət-iqtisadi münasibətlərdə milli iqtisadiyyatlarının və ixracın şaxələndirilməsi, eləcə də perspektiv sahələrdə birgə istehsalın qurulması, investisiya əməkdaşlığının qarşılıqlı faydalı inkişafı üçün daha əlverişli şəraitin inkişaf etdirilməsi istiqamətində səylərin daha artırılacağını nəzərdə tutan müddəadır. Bu xüsusda Azərbaycan və Türkiyənin malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində tədbirlər görəcəklərinin təşviqi də xüsusi önəm kəsb edir. Və əlbəttə ki, Bəyannamədə əks olunmuş ən mühüm məqamlardan biri də məhz Zəngəzur dəhlizinin açılması istiqamətində görülən işlərin bu tarixi sənəddə öz əksini tapmasıdır. Heç şübhəsiz Naxçıvan Muxtar Respublikasını Azərbaycanın qərb rayonları ilə, eləcə də Azərbaycanı Türkiyə ilə birləşdirəcək bu nəqliyyat dəhlizinin açılması və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisinin iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə və bu əsasla da bölgənin ümumi iqtisadiyyatının inkişafına mühüm töhfələr verəcək. Digər tərəfdən isə, Şuşa Bəyannaməsində Zəngəzur dəhlizinin açılması istiqamətində görülən konkret işlərlə bağlı müddəaların yer alması Azərbaycanın əldə etdiyi tarixi Qələbə nəticəsində Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqların daha bir beynəlxalq təsdiqi anlamına gəlir.”

Daha sonra Meydanəli Yolçuyev Türkiyə Prezidentinin Şuşaya səfərinin bütün Türk dünyası üçün böyük əhəmiyyət kəsb edən hadisə olduğunu qeyd edib: “Heç şübhəsiz Şuşanın işğaldan azad edilməsi təkcə Azərbaycan üçün deyil, bütün müsəlman və Türk dünyası üçün olduqca əhəmiyyətli bir hadisə idi. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Şuşanı azad edən Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqaz regionunda kimin əsl söz sahibi olduğunu bütün dünyaya nümayiş etdirdi. Türkiyə Prezidentinin Şuşaya səfərin məhz 15 iyun tarixində baş tutması da ayrıca bir məna kəsb edən önəmli məqamdır. Belə ki, Ulu öndərin dühasından doğan Qurtuluş yolunun bu gün bütün Türk dünyasının yeni formatda birliyinə aparan bir başlanğıc olması Heydər Əliyev siyasi kursunun bundan sonra da bütün bəşəriyyətin rifahına, inkişafına misilsiz töhfələr verəcəyini göstərir. Heç şübhəsiz Azərbaycan və Türkiyə Prezidentlərinin bu gün Şuşada imzaladıqları Bəyannamə də bütün Türk dünyasının həm nüfuzunun, həm də qüdrətinin daha da artmasına səbəb olacaq.”

AİA.Az

Geri dön