Ana Sayfa > İqtisadiyyat > Bakı limanının bu layihələri yeni növ yüklərin cəlb olunmasına imkan yaradır

Bakı limanının bu layihələri yeni növ yüklərin cəlb olunmasına imkan yaradır


21-06-2021, 09:38. Yazar: sevinc1
Bakı limanının bu layihələri yeni növ yüklərin cəlb olunmasına imkan yaradır

Yeni layihələrin icrası yeni növ yüklərin cəlb olunmasına və limanın buraxılış gücünün artırılmasına imkan verəcək.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının strateji planlaşdırma və inkişaf departamentinin rəisi Xudayar Həsənli deyib.

Onun sözlərinə görə, 2021-ci ildə yük maşınlarının (TIR) aşırılması 16 faiz artaraq 13,6 min təşkil edib: "Son 3-4 il ərzində konteynerlər vasitəsilə yükdaşımalar artır. Limanımızdan konteyner yüklərinin aşırılmasının artımı limanın infrastrukturu və imkanları ilə əlaqədardır. 2020-ci ildə 40 mindən çox TEU-konteyner aşırılıbsa, bu ilin ilk beş ayı ərzində bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 17,7 faiz (17 232 konteyner) artıb".

X.Həsənli qeyd edib ki, proqnozlara əsasən, 2021-ci ildə aşırılan konteynerlərin sayı 42-43 minə çatacaq: "Bundan başqa, mineral gübrələrin daşınmasına tələbatın artmasının qeyd etmək lazımdır. Mərkəzi Asiya ölkələri, xüsusilə Türkmənistan, Qazaxıstan və Özbəkistan mineral gübrələrin istehsalı və ixracında böyük potensiala malikdir. Türkmənistanın yeni karbamid zavodu ildə 1,2 milyon ton məhsul istehsal etmək gücündədir".

Departament rəisi vurğulayıb ki, Türkmənistanda istehsal olunan kükürd və mineral gübrələr əsasən ixrac olunur və onların böyük əksəriyyəti Azərbaycandan tranzitlə keçir: "Biz 2020-ci ildə 630 min tondan çox mineral gübrə yola salmışıq. 2021-ci ilin yanvar-may ayları arasında bu göstərici 456 min təşkil edib. Proqnozlarımıza əsasən, bu il ərzində 800 min ton mineral gübrə yola salınacaq ki, bununla əlaqədar biz yeni yükaşırma terminalının tikintisinə başlamışıq. Bu terminalın 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılır".

X.Həsənli əlavə edib ki, bu terminalın buraxılış gücü ildə 2,5 milyon ton təşkil edəcək.

AİA.Az
Geri dön