Ana Sayfa > Seçki 2024 > Azərbaycan-Türkiyə: Əbədi qardaşlıq nümunəsi

Azərbaycan-Türkiyə: Əbədi qardaşlıq nümunəsi


18-06-2021, 17:07. Yazar: sevinc1
Azərbaycan-Türkiyə: Əbədi qardaşlıq nümunəsi

Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra dünyanın aparıcı dövlətləri ilə əlaqələrini genişləndirməyə başladı. Xüsusilə, 1993-cü ildən etibarən ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə beynəlxalq əlaqələr planlı şəkildə sürətlə inkişaf etməyə başladı.

Bu sahədə ilk seçilən dövlət Türkiyə oldu. Hər iki dövlətin dövlət başçılarının və digər rəsmilərinin görüşü ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynadı. İki dövlət arasında tərəfdaşlıq münasibətləri sürətlə inkişaf etməyə başladı. Bir az əvvələ nəzər salsaq, görərik ki, Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan dövlət məhz Türkiyə oldu. 1991-ci ilin noyabr ayının 9-da Türkiyə Azərbaycanın dövlət müstəqilliyini tanıdı və 1992-ci ilin ilk günlərindən diplomatik əlaqələr quruldu. Türkiyə dövləti Dağlıq Qarabağ münaqişəsində hər zaman Azərbaycanın ədalətli mənafeyini müdafiə etdi. Azərbaycanla Türkiyə arasında 2010-cu ilin avqust ayında strateji tərəfdaşlıq və qarşılıqlı yardım müqaviləsi imzalandı. XXI-ci əsrdə iki ölkənin bir-birinə dəstəyi daha da sürətlə inkişaf etməyə başladı. 44 günlük Vətən müharibəsində qardaş Türkiyənin dəstəyi hər birimizə məlumdur. Hələ XX-ci əsrin sonlarında dahi Heydər Əliyevin Azərbaycanlı gənclərin Türkiyənin ali hərbi məktəblərində təhsil almağa göndərilməsini razılaşdırması uzaqgörən siyasətin başlanğıcı idi. Azərbaycan Ordusu üçün kadrların hazırlanması, hərbi-texniki əməkdaşlıq, iki ölkənin hərbiçilərinin iştirakı ilə keçirilən təlimlər qələbəmizin təminatçısı oldu. Türkiyə Silahlı Qüvvələri dünyanın ən güclüləri siyahısındadır. Böyük hərbi potensiala malik qardaş ölkənin hərbi təcrübəsi Azərbaycan üçün əsl peşəkarlıq nümunəsi oldu. Türkiyə və Azərbaycan öndərləri Mustafa Kamal Atatürk və Heydər Əliyev ayrı-ayrı zamanlarda hakimiyyətdə olduqları dövr ərzində o qədər isti münasibətlər qurmuşdular ki, bu münasibətlərdən hər iki dövlət yararlanır. İki dost, iki müttəfiq ölkə anlayışı bu gün daha yüksəkdə-iki qardaş ölkə böyüklüyündədir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müasir Azərbaycan-Türkiyə münasibətlərinə çox məntiqli fikir səsləndirmişdir: “Azərbaycan bizim üçün sadəcə dövlətlərdən bir dövlət, azərbaycanlı qardaşlarımız da millətlərdən bir millət deyil. Biz eyni dili danışan, eyni inanca mənsub, ortaq bir tarixi keçmişi olan, sözdə deyil, əməldə qardaş, bir millət, iki dövlətik”. Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı barədə çox danışmaq olar. Fikrimi cari ilin 15 iyun tarixində qədim Azərbaycan şəhəri Şuşada imzalanmış tarixi Bəyannamə ilə yekunlaşdırmaq istəyirəm. Ölkələr arasında münasibətlərin gələcəyini əbədi olaraq müəyyən edən imzalanmış Bəyannamə keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır.

Bəylər Əliyev,
YAP Saatlı rayon təşkilatı, 12 saylı şəhər Ərazi İlk Partiya təşkilatının sədr müavini
aia.az

Geri dön