Ana Sayfa > Gündəm > Şuşa bəyannaməsi Azərbaycan və Türkiyə dövlətləri arasında yeni mərhələnin başlanğıcıdır
Şuşa bəyannaməsi Azərbaycan və Türkiyə dövlətləri arasında yeni mərhələnin başlanğıcıdır17-06-2021, 17:58. Yazar: sevinc1 |
Bu gün dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın iki dövlət mövcud deyil. Hər iki qardaş dövlət bütün beynəlxalq təşkilatlarda, mühüm platformalarda bir-birilərinin maraqlarını müdafiə edib. Eyni kökə və tarixi dəyərlərə malik olan xalqların məhz bir mövqedən çıxış etməsi bölgədə sülhə və təhlükəsizliyə mühüm təminat yaradır. Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Türkiyə Cümhuriyyətinin böyük tarixi var. Böyük öndər, dahi Mustafa Kamal Atatürk demokratik Türkiyənin əsasını qoymuş, böyük dövlət yaratmışdır. Sonra gələn nəsillər onun işini davam etdirərək Türkiyəni bütün dünyada nüfuzlu, əzəmətli bir dövlətə çevirmişlər.” Tarixə nəzər salsaq görərik ki, Türkiyə və Azərbaycan xalqları daim bir-birinin yanında olmuşlar. Hər iki dövlətin müstəqillik tarixi ağır və qanlı müharibələrdən keçib, hər iki dövlətin qurucularının - ümummilli lider Heydər Əliyevin və Mustafa Kamal Atatürkün çox güclü siyasi iradəsi, xalqı irəliyə aparmaq əzmi məxsus olduqları xalqı və dövləti yaşadıb, bu gün də yaşadır. Ümummilli liderimiz Heydər Əliyevin "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir", Mustafa Kamal Atatürkün isə "Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir" kəlamlarına əsaslanan Azərbaycan-Türkiyə əməkdaşlığı ölkə Prezidenti cənab İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksək səviyyəsi ümumilikdə regionun tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. 44 günlük Vətən müharibəsi zamanı dünya bir daha bunun şahidi oldu. Müharibənin ilk günlərindən qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirdi. Bu, gücümüzə güc qatdı, Qarabağ Zəfərində mühüm rol oynadı. Xüsusən Rəcəb Tayyib Ərdoğanın Bakıda Azadlıq meydanında keçirilən Zəfər paradında Prezident İlham Əliyevlə yan-yana dayanması ölkələrimizin birliyini, xalqlarımızın qardaşlığını bir daha bütün dünyaya nümayiş etdirdi. 15 İyun tarixində Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında imzalanan Şuşa Bəyannaməsi hər şeydən öncə iki qardaş ölkə arasında münasibətlərin gələcəyini müəyyən edən bir yol xəritəsi kimi diqqət çəkir. Bu tarixi sənəd iki qardaş ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinin, eləcə də ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin məntiqi nəticəsi olaraq ölkələrimizin regional və beynəlxalq rolunu və çəkisini daha da artıracaq. Tarixi sənəd özündə Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, ümumi problemlərlə bağlı birgə addımların atılması, davamlı həmrəylik göstərilməsi, milli mənafelərin qorunmasına dair tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında diaspor fəaliyyətinin əlaqələndirilməsi və qarşılıqlı dəstəyin verilməsini də ehtiva edir. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin söylədikləri “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Bir millət, iki dövlət” ifadələrinin xalqlarımızın milli-mənəvi sərvəti kimi dəyərləndirildiyi bu bəyannamə iki qardaş ölkə arasındakı bütün strateji əlaqələri ən yüksək səviyyəyə qaldıracaq. Tarixi sənədlərin imzalandığı tarix və məkan hər zaman böyük əhəmiyyət kəsb edir. Çünki illər sonra gələcək nəsillər bu tarixi və məkanı tarix kitablarından oxuyarkən məsələnin mahiyyətini və əhəmiyyətini daha dərindən dərk edirlər. Bu mənada Şuşa Bəyannaməsinin siyasi və tarixi əhəmiyyətini izah edən məsələ sənədin imzalanma tarixi, yəni 15 iyun-Milli Qurtuluş günüdürsə, ikincisi onun bir tərəfdən Azərbaycanın mədəniyyət paytaxtı olaraq bilinən, eyni zamanda, da alınmaz qala hesab olunan, şəhərin bünövrəsinin əsirlər öncə azərbaycanlı, türk Pənahəli xan tərəfindən qoyulduğu məkanda-Şuşada imzalanmasıdır. Əgər 28 il öncə 15 iyun tarixində Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ümummilli lider Heydər Əliyev aldısa, illər sonra Qars müqaviləsinin imzalanmasından iki yüz il sonra eyni gündə Azərbaycanın torpaqlarını düşmən tapdağından azad edən Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa bəyannaməsini imzaladı. Şuşa Azərbaycanın mədəniyyət paytaxtı olmaqla yanaşı, artıq bölgə üçün də bir mərkəz rolunu oynayacaq. İki qardaş ölkə arasında Şuşada imzalanan tarixi bəyannamə bundan sonrakı münasibətlərin yeni spektorda inkişafına geniş imkanlar açacaq. aia.az Geri dön |