Ana Sayfa > Gündəm > Ülviyyə Əliyeva: “Şuşa Bəyannaməsi bütün Türk dünyasının gücünə güc qatacaq”

Ülviyyə Əliyeva: “Şuşa Bəyannaməsi bütün Türk dünyasının gücünə güc qatacaq”


17-06-2021, 08:21. Yazar: sevinc1
Ülviyyə Əliyeva: “Şuşa Bəyannaməsi bütün Türk dünyasının gücünə güc qatacaq”

“Artıq uzun müddətdir ki, Azərbaycan dünyanın diqqət mərkəzindədir. Ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində əldə olunmuş tarixi Qələbə bu diqqəti zirvə nöqtəyə yüksəltdi. Bu gün isə Azərbaycan-Türkiyə birliyi bu dəfə artıq işğaldan azad edilmiş qədim Şuşa şəhərindən dünyaya göndərdiyi önəmli mesajlarla yenidən diqqət mərkəzindədir.”

Bu fikirləri Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə Əliyeva deyib.

Müsahibimiz ilk növbədə belə bir məqamı vurğulayıb ki, Şuşada Azərbaycan və Türkiyə Prezidentlərinin imzaladıqları Müttəfiqlik Bəyannaməsi ölkələrimiz və xalqlarımız arasında olan sarsılmaz dostluq və qardaşlıq əlaqələrinin daha bir nümayişi olmaqla, eyni zamanda da hər iki dövlətin Cənubi Qafqazda gedən proseslərdə rolu və nüfuzunun yüksəlişini şərtləndirən bir tarixi sənəddir: “Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin də öz çıxışında dediyi kimi, Şuşa BəyannaməsiAzərbaycan və Türkiyə arasında strateji əhəmiyyət kəsb edən bütün əməkdaşlıq istiqamətlərini əhatə edir. O cümlədən beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti. Həmçinin Bəyannamədə enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi xüsusi olaraq qeyd olunub. Bütün bunlar isə ölkələrimiz arasında keyfiyyətcə daha yüksək işbirliyinin etibarlı əsasını təmin edir. Öz növbəsində yeni, daha yüksək mərhələyə keçid alan əməkdaşlıq əlaqələri hər iki qardaş ölkənin Cənubi Qafqazda rolunun və nüfuzunun artmasına səbəb olacaq.”

Daha sonra Ülviyyə Əliyeva Şuşa Bəyannaməsində müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin öz əksini tapmasının böyük əhəmiyyət kəsb edən məqamlar olduğunu vurğulayaraq bunları deyib: “Şuşa Bəyannaməsində müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapır. Bu, ayrıca bir tarixi nailiyyətdir. Möhtərəm dövlət başçımızın da dediyi kimi, bu, bir daha göstərir ki, ölkələrimiz bundan sonra da hər zaman bir yerdə olacaq və bir-birinin təhlükəsizliyini təmin edəcək. Həmçinin Bəyannamədə öz əksini tapmış hərbi sənaye sahəsindəki əməkdaşlıq məsələsi tərəfdaşlığın əhəmiyyətini və ölkələrin qüdrətini artıran bir məqamdır. Bilirik ki, İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatları böyük rol oynayıblar. Yeni əməkdaşlıq çərçivəsində Azərbaycan artıq bu prosesdə istehsal mərkəzi kimi inkişaf edəcək. Eyni zamanda da xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı bundan sonra sadəcə ölkələrimizin deyil, eyni zamanda da bütün Cənubi Qafqaz regionunda sülhün və sabitliyin qarantı olacaq.”

Sonda Ülviyyə Əliyeva Türkiyə Prezidentinin Şuşaya səfərinin bütün Türk dünyası üçün böyük əhəmiyyət kəsb edən hadisə olduğunu qeyd edib: “Heç şübhəsiz Şuşanın işğaldan azad edilməsi təkcə Azərbaycan üçün deyil, bütün müsəlman və Türk dünyası üçün olduqca əhəmiyyətli bir hadisə idi. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Şuşanı azad edən Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqaz regionunda kimin əsl söz sahibi olduğunu bütün dünyaya nümayiş etdirdi. Türkiyə Prezidentinin Şuşaya səfərin məhz 15 iyun tarixində baş tutması da ayrıca bir məna kəsb edən önəmli məqamdır. Belə ki, Ulu öndərin dühasından doğan Qurtuluş yolunun bu gün bütün Türk dünyasının yeni formatda birliyinə aparan bir başlanğıc olması Heydər Əliyev siyasi kursunun bundan sonra da bütün bəşəriyyətin rifahına, inkişafına misilsiz töhfələr verəcəyini göstərir. Heç şübhəsiz Azərbaycan və Türkiyə Prezidentlərinin bu gün Şuşada imzaladıqları Bəyannamə də bütün Türk dünyasının həm nüfuzunun, həm də qüdrətinin daha da artmasına səbəb olacaq.”

AİA.Az

Geri dön