Ana Sayfa > Seçki 2024 > Qasım Qasımov: “Şuşa Bəyannaməsi strateji əhəmiyyət kəsb edən bütün əməkdaşlıq istiqamətlərini əhatə edir”

Qasım Qasımov: “Şuşa Bəyannaməsi strateji əhəmiyyət kəsb edən bütün əməkdaşlıq istiqamətlərini əhatə edir”


16-06-2021, 13:30. Yazar: sevinc1
Qasım Qasımov: “Şuşa Bəyannaməsi strateji əhəmiyyət kəsb edən bütün əməkdaşlıq istiqamətlərini əhatə edir”

“İyunun 15-də Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Müttəfiqlik haqqında Bəyannamə əlində nəinki təkcə regional, hətta beynəlxalq əhəmiyyət kəsb edən mühüm tarixi sənəddir. Məsələ bundadır ki, Bəyannamədə enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi xüsusi olaraq qeyd olunub. Bütün bunlar isə ölkələrimiz arasında keyfiyyətcə daha yüksək işbirliyinin etibarlı əsasını təmin edir və bu əməkdaşlığın eyni zamanda həm də digər dövlətlərin enerji təhlükəsizliyinin təmin olunmasına yönəldiyini vurğulamış olur.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Mərkəzi Muğan Kollektorunun İstismarı İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının sədr müavini Qasım Qasımov deyib.

Hakim partiya təmsilçisi bildirib ki, Şuşa Bəyannaməsində Geosiyasi əhəmiyyətə malik olan birgə nəqliyyat layihələri ilə bağlı konkret açıqlamaların yer alması Azərbaycanın və Türkiyənin Cənubi Qafqazda mövqeylərini daha da gücləndirir: “Şuşa Bəyannaməsində diqqəti cəlb edən mühüm cəhətlərdən biri də bu məqamdır ki, sənəddə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapmışdır. Bu, heç şübhəsiz İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi reallıqların təzahürlərindən biridir və Azərbaycan artıq bu reallıqların təhrif olunmasına qətiyyən tol verməyəcək. Ölkə Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, bu gün artıq Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizinin yaradılması istiqamətində konkret əməli işlər görülür. Müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamədə bu məsələnin əks olunması isə aparılan işlərin hər hansı bir qüvvələr tərəfindən əngəllənməsini artıq tamamilə qeyr-mümkün edir. Bundan sonra Azərbaycan-Türkiyə birliyi Cənubi Qafqazda sülhün və əmin-amanlığın ən etibarlı təminatçısı olacaq.”

Daha sonra Qasım Qasımov Şuşa Bəyannaməsində müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin öz əksini tapmasının xüsusi önəm kəsb etdiyini vurğulayıb: “Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapır. Bu, ayrıca bir tarixi nailiyyətdir. Bu, bir daha göstərir ki, ölkələrimiz bundan sonra da hər zaman bir yerdə olacaq və bir-birinin təhlükəsizliyini təmin edəcək. Həmçinin Bəyannamədə öz əksini tapmış hərbi sənaye sahəsindəki əməkdaşlıq məsələsi tərəfdaşlığın əhəmiyyətini və ölkələrin qüdrətini artıran bir məqamdır. Bilirik ki, İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatları böyük rol oynayıblar. Yeni əməkdaşlıq çərçivəsində Azərbaycan artıq bu prosesdə istehsal mərkəzi kimi inkişaf edəcək.”

Sonda müsahibimiz bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasiminin məhz Şuşada keçirilməsi işğaldan azad edilmiş ərazilərin, ümumilikdə bölgənin iqtisadi inkişafı və regionda uzunmüddətli sülhün təmin edilməsi baxımından böyük önəm daşıyır: “Bu mərasimin Şuşada, həm də məhz Azərbaycan xalqının Milli Qurtuluş Günündə keçirilməsinin həm siyasi, həm də mənəvi əhəmiyyəti çox böyükdür. 28 il bundan əvvəl, 1993-cü ilin məhz bu günündə ulu öndər Heydər Əliyev öz xilaskarlıq missiyasını yerinə yetirmək üçün Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Bundan sonra, iyunun 15-i həm də bütün Türk dünyasının ən yeni tarixinin bir başlanğıc nöqtəsi kimi də qeyd olunacaq. Bu səfər dünyaya, xüsusilə də bəzi dairələrə bir mesaj idi ki, Türkiyə və Azərbaycan qardaşlığı və dostluğu bundan sonra daha da möhkəmlənəcək. Şuşa Bəyannaməsinin müstəsna siyasi və tarixi əhəmiyyəti bundan ibarətdir ki, bu tarixi sənəd hər iki ölkənin regionda ümumi maraqlarının qorunması baxımından imkanlarını və səylərini birləşdirilməklə, eləcə də ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərini qarşılıqlı şəkildə əlaqələndirməklə ölkələrimizin regional və beynəlxalq proseslərdə rolunu və nüfuzunu daha da artıracaq.”

AİA.Az
Geri dön