Ana Sayfa > Cəmiyyət > Qalib Mirzəyev: “Heydər Əliyev Azərbaycan dövlətini onun varlığına birdəfəlik son qoyulma təhlükəsindən qurtardı”

Qalib Mirzəyev: “Heydər Əliyev Azərbaycan dövlətini onun varlığına birdəfəlik son qoyulma təhlükəsindən qurtardı”


14-06-2021, 16:30. Yazar: sevinc1
Qalib Mirzəyev: “Heydər Əliyev Azərbaycan dövlətini onun varlığına birdəfəlik son qoyulma təhlükəsindən qurtardı”

XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə də üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Həmin il xalqın təkidli tələbi ilə ölkədə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev bu addımı atmaqla Azərbaycan dövlətini real yox olmaq təhlükəsindən xilas etdi. Məhz həmin çətin anlarda xalq müdrik bir liderə, xalqı və dövləti bu çətin vəziyyətdən xilas edəcək uzaqgörən siyasətçiyə inanır, güvənirdi. Ulu öndərin əsasını qoyduğu Milli qurtuluş fəlsəfəsi, sözün geniş mənasında, Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi. Ulu öndər çox böyük real təhlükələri qarşısına alaraq, xalqın və dövlətçiliyimizin qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü.

Bununla da ölkədə illərdən bəri davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Həmin gündən ötən dövr ərzində ulu öndərimizin rəhbərliyi ilə ölkəmizdə möhtəşəm uğurlara imza atıldı, islahatlar həyata keçirildi, iqtisadi dirçəliş baş verdi, ordu gücləndirildi. Bu fikirlərin təsdiqi kimi, “Əsrin müqaviləsi”nin əhəmiyyətini vurğulamaq kifayət edər. Həmin beynəlxalq neft sazişi Azərbaycanın sonrakı uğurlu inkişafında əsaslı rol oynadı. Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın dövlət mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı, digər tərəfdən, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi. Atəşkəsin həyati əhəmiyyəti onda idi ki, məhz bu müqavilədən sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi, öz iqtisadi potensialından səmərəli istifadə edərək dünya bazarına daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr, razılaşmalar əldə edildi. Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da əhəmiyyətli dəyişikliklərin əsası qoyuldu. Ümummilli liderin rəhbərliyi ilə qısa müddət ərzində ölkədə bazar iqtisadiyyatının formalaşması məqsədilə qanunvericilik bazası yaradıldı, məqsədli dövlət proqramları qəbul edildi, institusional islahatlar aparıldı, mülkiyyət münasibətlərində köklü dəyişikliklər edilməsi üçün müvafiq addımlar atıldı. Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiyanın əsasını iqtisadiyyatın inkişafına, mövcud resurslardan səmərəli istifadəyə, dünya iqtisadiyyatına inteqrasiyaya və nəticə etibarilə vətəndaşların rifah halının yüksəldilməsinə hesablanan sosialyönümlü bazar iqtisadiyyatının yaradılması təşkil edirdi. Nəticədə iqtisadi sahədə islahatların ardıcıl və sistemli şəkildə həyata keçirilməsi məqsədilə ulu öndər beynəlxalq tələblərə uyğun qanunvericilik bazasının yaradılmasını təmin etdi. Azərbaycanın o zamankı məhdud imkanlarını nəzərə alan Heydər Əliyev iqtisadiyyatda ciddi dönüşə nail olmaq üçün respublikanın malik olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni vacib hesab edirdi. Ulu öndər neft və qaz hasilatının artımına ölkənin qarşıdakı iqtisadi və sosial çətinliklərinin aradan qaldırılmasında əsas vasitələrdən biri kimi baxırdı. Belə bir şəraitdə maliyyə vəsaitinin məhdudluğu xarici şirkətlərin və investorların cəlb olunmasını strateji zərurətə çevirmişdi. Heydər Əliyevin hakimiyyətə qayıdışından dərhal sonra xarici investorlarla neft müqavilələri üzrə fəal danışıqlara başlandı və çətin danışıqlar prosesindən sonra Azərbaycanın maraqlarına tamamilə cavab verən müqavilə şərtləri əldə edildi. Azərbaycan dinamik iqtisadi inkişaf mərhələsinə qədəm qoydu.


Xüsusi olaraq qeyd etmək lazımdır ki, ulu öndər ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə xüsusi diqqət verdiyi sahələrdən biri də məhz təhsil sahəsi idi. Artıq XX əsrin 70-80-ci illəri xalqımızın tarixində yalnız iqtisadiyyatın bütün sahələrinin inkişafı dövrü kimi deyil, həm də elmin, təhsilin, mədəniyyətin misilsiz tərəqqisi illəri kimi ayrıca mərhələ təşkil edir. Həmin dövrdə gələcək müstəqilliyimizin təməli qoyulmuş, iqtisadi, sosial və mədəni potensial formalaşdırılmışdır. Bu mərhələdə görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanın iqtisadi-mədəni inkişafı, sənayenin, kənd təsərrüfatının, mədəniyyət, elm, təhsil və digər prioritet sahələrin idarə edilməsi üçün bacarıqlı və yüksəkixtisaslı kadrların hazırlanmasının vacibliyini mühüm vəzifə kimi qarşıya qoyaraq təhsilin inkişafına xüsusi qayğı göstərirdi. Birmənalı olaraq demək lazımdır ki, ümummilli lider müasir Azərbaycan Respublikasında aparılan bütün islahatların təşəbbüskarı və müəllifidir. Həmin islahatlar bu gün də ölkədə möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Son 18 ildə Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, respublikanın hər yerində məktəb tikintisinin geniş vüsət alması bu günümüzün danılmaz reallıqlarıdır. Məhz bu illər ərzində dövlət başçısının Azərbaycanın müasirləşdirilməsi siyasətinin tərkib hissəsi olaraq təhsil sahəsində də ciddi islahatlar həyata keçirilib, respublikanın dövlət büdcəsində təhsil sahəsinə ayrılan xərclər bir neçə dəfələrlə artıb. Əminliklə demək olar ki, Azərbaycanda təhsil sisteminin daha da inkişafı üçün məqsədyönlü, irimiqyaslı işlər bundan sonra da yüksək dinamika ilə həyata keçiriləcək.

Qalib Mirzəyev
İmişli Peşə Məktəbinin direktor əvəzi,
YAP İmişli rayon təşkilatının üzvü

Geri dön