Ana Sayfa > Media > YAP Sabirabad Rayon Təşkilatı Milli Qurtuluş Günü münasibəti ilə tədbir keçirib

YAP Sabirabad Rayon Təşkilatı Milli Qurtuluş Günü münasibəti ilə tədbir keçirib


14-06-2021, 15:01. Yazar: sevinc1
YAP Sabirabad Rayon Təşkilatı Milli Qurtuluş Günü münasibəti ilə tədbir keçirib


Bu gün YAP Sabirabad Rayon Təşkilatı 15 İyun Milli Qurtuluş Günü münasibəti ilə “Milli Qurtuluş günü-Azərbaycan xalqının şərəf tarixidir” adlı onlayn videokonfrans təşkil etmişdir.

Tədbiri giriş sözü ilə açan YAP Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayeva çıxış edərək bildirib ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir.

Tale elə gətirdi ki, Azərbaycanın XX yüzillikdə ikinci dəfə qazandığı müstəqilliyin qorunması və möhkəmləndirilməsi kimi müstəsna əhəmiyyət daşıyan missiya da hələ Sovet dönəmində respublikamızın gələcək inkişafı üçün fundamental əsaslar yaradan Ulu Öndərin üzərinə düşdü. Heydər Əliyev xilaskarlıq missiyasına Naxçıvandan başladı.

İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü.

Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu.

Ulu öndər Heydər Əliyev Azərbaycanı qüdrətli, nüfuzlu, demokratik dövlət kimi görmək istəyirdi, onun hər addım və hərəkətləri məhz buna yönəlmişdi. Məhz Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində 1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən Konstitusiya qəbul olundu. Beləliklə, ölkədə daha genişmiqyaslı islahatlar aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına başlanıldı. Odur ki, Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür. Qurtuluş günü Azərbaycanın xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtulduğu, sabitliyə, əmin-amanlığa, demokratiyaya qovuşduğu gündür. Ümummilli Liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı. 15 İyun tarixi təkcə dövlətçiliyimizin xilası deyildi. Bu tarix həm də Azərbaycanın bu gününü, sabahını müəyyənləşdirdi.
Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri edib, ömür yolu doğma Vətənə xidmət
nümunəsinə çevrilib. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutub. Heydər Əliyev fenomeninə məxsus iti zəka, müdriklik, uzaqgörənlik və əzmkarlıq ona əvəzsiz ümummilli lider mövqeyi qazandırıb. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində o, zəmanəmizin əbədiyaşar dahisinə çevrilib. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.

Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin inkişaf strategiyası məhz ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.
Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı ulu öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir.

Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində 28 illik Qarabağ həsrətinə son qoyuldu, Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.

Tədbirdə çıxış edən YAP Sabirabad rayon təşkilatının məsləhətçisi İbrahim Kərimov Milli Qurtuluş Gününün Azərbaycanın müstəqillik tarixinin ən şərəfli səhifələrindən biri olduğunu, bu tarixin ölkəmizin dünya birliyinə inteqrasiyası, beynəlxalq aləmdə layiqli yer tutması ilə nəticələndiyini vurğulamışdır. Digər çıxış edənlər YAP Sabirabad rayon təşkilatının veteranı Əhəd Şükürov və YAP Sabirabad rayon təşkilatının gənc fəalı Vüqar Fərzəliyev Ulu Öndərin Azərbaycan xalqının tarixində əvəzsiz xidmətlərindən bəhs etmiş, bu gün əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş müdrik siyasətin respublikamızda bütün sahələri əhatə edən inkişafın, beynəlxalq arenada qazanılan yüksək nailiyyətlərin hazırda Ulu Öndərin siyasi kursunun ən layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bildirilmişdirlər.

Sonra YAP Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayeva rayon təşkilatının ictimai siyasi həyatında fəal iştirak edən bir qrup gəncə və Partiya veteranına 15 iyun Milli Qurtuluş günü münasibəti ilə Fəxri Fərman və Diplom təqdim etmişdir.

Sonda tədbir iştirakçılarına YAP Sabirabad Rayon Təşkilatının təşkilatçılığı ilə hazırlanmış Azərbaycan xalqının xilaskarı Ulu Öndər Heydər Əliyev haqqında qısa metrajlı film təqdim olunmuşdur.

aia.az


Geri dön