Ana Sayfa > Seçki 2024 > Bəhram Bayramov: “Heydər Əliyev Azərbaycan səhiyyəsinin beynəlxalq miqyasda tanınmasını hələ sovet dönəmində təmin edib”

Bəhram Bayramov: “Heydər Əliyev Azərbaycan səhiyyəsinin beynəlxalq miqyasda tanınmasını hələ sovet dönəmində təmin edib”


14-06-2021, 08:30. Yazar: sevinc1
Bəhram Bayramov: “Heydər Əliyev Azərbaycan səhiyyəsinin beynəlxalq miqyasda tanınmasını hələ sovet dönəmində təmin edib”

Ulu öndər Heydər Əliyevin adı öz xalqına, millətinə misilsiz xidmətləri ilə yaddaşlara əbədi həkk olunmuşdur. Dahi rəhbərin milli maraqlara yönələn siyasəti, sosial, iqtisadi, mədəni və intellektual cəhətdən ölkəsini dirçəltmək, qədim xalqını öz torpaqlarının, tarixi irsinin və taleyinin həqiqi sahibinə çevirmək uğrunda mübarizəsi onun bitib-tükənməz ideyalarının inandırıcı potensialını daha da artırmışdır. Məhz xalqda olan bu inam böyük Azərbaycanlının ikinci dəfə hakimiyyətə gəlişinin istinadına çevrilmişdir. Böyük qayıdışdan sonra Azərbaycan cəmiyyətində müstəqil dövlətçilik ideyaları fundamental mahiyyət kəsb etməyə başlamış, mütərəqqi ənənələr əsasında yeni dövlətçilik konsepsiyası işlənib hazırlanmışdır.

Azərbaycan 1991-ci ildə müstəqillik əldə etsə də, növbəti iki il ərzində davam edən kəskin problemlər səbəbindən bir dövlət kimi yox olmaq təhlükəsi ilə qarşı-qarşıya idi. Həmin dövrdə ölkə ayrı-ayrı xarici qüvvələrin mübarizə meydanına çevrilmiş, ciddi sosial, iqtisadi problemlərin girdabıma düşmüşdü. Ölkədə separatizm meyilləri baş qaldırmağa başlamışdı. Artıq ölkənin bir sıra ərazilərində – Gəncədə, Lənkəranda, Qusarda və digər regionlarda qanunsuz silahlı birliklər bölücü iddialarla çıxış edərək mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər. Azərbaycan vətəndaş müharibəsi astanasında idi. Belə bir vəziyyətdə xalqımız 1993-cü ildə Azərbaycan dövlətini xilas etmək üçün ümummilli lider Heydər Əliyevə üz tutdu. O zaman ölkəyə “rəhbərlik” edən qüvvələr də Azərbaycanı məruz qoyduqları təhlükədən xilas etmək üçün ulu öndər Heydər Əliyevin Bakıya gəlməsini yeganə çıxış yolu kimi dəyərləndirirdilər. Beləliklə, iyunun 9-da Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi Azərbaycanın taleyi ilə bağlı narahatlıqlara son qoydu. Bu qayıdış xalqımızı fəlakətdən xilas etdi. Böyük xilaskarın Bakıya gəlməsi xəbəri xalq tərəfindən sevinclə qarşılandı. 1993-cü il iyunun 15-də isə Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il iyunun 15-i ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni mərhələnin başlanğıcı oldu.

Ulu öndər Heydər Əliyevə yaxşı bəlli idi ki, xarici dövlətlərdən hərtərəfli yardım alan Ermənistanın təcavüzünə qarşı aparılan qeyri-bərabər döyüşlər davam etdikcə respublika daha ağır vəziyyətə düşə bilər, transmilli neft şirkətlərini ölkəmizə dəvət etmək, onlarla müqavilələr bağlamaq və beləliklə, Azərbaycan neftini sərbəst təhlükəsiz marşrutla Qərbə ixrac etmək mümkün olmayacaq. Ona görə də ilk növbədə 1994-cü il mayın 14-də atəşkəsə nail olundu, həmin ilin sentyabr ayının 20-də isə “Əsrin müqaviləsi” imzalandı. Məhz Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində öz geostrateji mövqeyini möhkəmləndirə bildi. 1994-1995-ci illərin hadisələrində Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini faciələrdən və iflasdan xilas etdi. O, ictimai-siyasi sabitliyi təmin etməklə demokratik dövlət modeli konsepsiyasını həyata keçirməyə başladı.


Böyük rəhbərin dövlətçilik uğrunda apardığı fəal mübarizə, çoxşaxəli fəaliyyət ölkəmizin bütün sahələrində olduğu kimi, bu konsepsiyanın tərkib hissələrindən olan Azərbaycan səhiyyəsi, o cümlədən tibb elmi və tibb təhsili strukturlarının dinamik inkişafı və gələcək yüksəlişində də öz parlaq əksini tapdı. Ümummilli lider hələ keçmiş SSRİ dövründə Azərbaycanda xalq təsərrüfatının bütün sahələrinin inkişafına xüsusi diqqət yetirir, yeniliyə, tərəqqiyə sədd yaradan, keçmişdən miras qalan maneələri, lüzumsuz stereotipləri qətiyyətlə aradan qaldırırdı. Onun düşünən beyni sanki istirahət bilmədən daim fəaliyyət göstərərək Azərbaycanın gələcəyi naminə yeni layihələrin eskizlərini hazırlayır və dərhal da onların həyata keçirilməsi üçün şərait yaradırdı. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan qısa müddətdə mütərəqqi islahatların tətbiqi meydanına çevrildi. O vaxtlar Azərbaycanın SSRİ-nin tərkibində olmasına baxmayaraq, ulu öndər çəkinmədən, heç nədən və heç kimdən ehtiyat etmədən müstəqil addımlar ataraq, özünəməxsus bacarıqla respublikada demokratik ruhlu dəyişikliklərə daha çox yer verirdi. O, bunları xüsusi diplomatik məharətlə həyata keçirərək Moskvanın ona nəyi isə irad tuta biləcəyinə də heç bir əlyeri qoymurdu. Əksinə, Moskva da onun ideyalarının məhsulu olan yenilikləri, islahatları, Azərbaycanın inkişaf ritmini alqışlamaq məcburiyyətində qalırdı.

Heydər Əliyevin qətiyyəti, iradəsi və təşəbbüskarlığı ilə keçmiş SSRİ-nin bir sıra strateji əhəmiyyəli müəssisələri məhz Azərbaycanda inşa olunmuş, bununla da respublikamızın gələcək müstəqilliyinin iqtisadi əsasları formalaşdırılmışdır. Ulu öndər bütün sahələrdə olduğu kimi, Azərbaycan səhiyyəsini, tibb elmi və tibb təhsili sistemini də daim diqqət mərkəzində saxlayırdı. O, ilk növbədə tibb üzrə xarici mütəxəssislərin diqqətini respublikaya cəlb etməyə, onların yerli mütəxəssislərlə əməkdaşlıq əlaqələrini genişləndirməyə çalışırdı. Bununla da dahi rəhbər respublika səhiyyəsində mövcud olan durğunluğun aradan qaldırılmasına səy göstərirdi və buna müvəffəqiyyətlə nail olurdu. Keçən əsrin 60-cı illərinin sonu, 70-ci illərinin əvvəllərindən etibarən tibb üzrə beynəlxalq qurultay, simpozium, konqres və konfransların Bakıda keçirilməsini təşkil edən Heydər Əliyev ölkə səhiyyəsinin, o cümlədən tibb elmi və tibb təhsili sahələrinin beynəlxalq miqyasda tanınmasına, dayanıqlı və sabit inkişafının təmininə əlverişli şərait yaradırdı.

Bu gün Azərbaycanın milli tibb kadrları nəinki ölkəmizdə, hətta dünyanın bir sıra inkişaf etmiş xarici ölkələrinin məşhur tibb müəssisələrində müvəffəqiyyətlə fəaliyyət göstərirlər. Həkim və alimlərimizin xaricə göndərilməsi həm də müxtəlif ölkələrdə yaşayan və fəaliyyət göstərən dünya azərbaycanlılarının maddi və mənəvi dayağının artmasına, Azərbaycan diasporunun möhkəmlənməsinə zəmin yaradır. Ölkə səhiyyəsi, tibb elmi və tibb təhsili sistemi XX əsrin ikinci yarısı və XXI əsrin əvvəllərində 35 ilə yaxın bir dövrdə bilavasitə Heydər Əliyevin himayəsində olub, onun rəhbərliyi altında inkişaf edib, onun sayəsində indiki yüksək səviyyəyə çatıb.
Ümummilli liderin dövlətçilik siyasəti sayəsində Azərbaycanın özü ilə birlikdə onun səhiyyə sistemi də xilas edildi. Heydər Əliyevin o vaxtlar ölkəmizdəki siyasi-iqtisadi vəziyyəti yaxşılaşdırmaq naminə gördüyü işlər, yerinə yetirdiyi əvəzsiz xidmətlər tarixin səhifələrinə qızıl hərflərlə həkk olundu.

Bu gün ulu öndər Heydər Əliyevin siyasi kursu Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən böyük məharətlə inkişaf və davam etdirilir. Azərbaycan dövləti insanların sağlamlığını prioritet məsələ kimi daim diqqət mərkəzində saxlayır. Məhz bu diqqətin nəticəsidir ki, ölkəmiz bu gün COVİD-19 pandemiyası ilə mübarizədən də minimal itkilərlə çıxmaqdadır. Dövlət başçımızın inamla davam etdirdiyi siyasi kurs Azərbaycanın son illər ərzində möhtəşəm iqtisadi inkişafını təmin etmiş, ölkəmizi sözün əsl mənasında qüdrətli dövlətə çevirmişdir. Dövlət başçımızın müdrik rəhbərliyi altında Azərbaycan Vətən müharibəsində tarixi Qələbə əldə edərək öz ərazi bütövlüyünü bərpa etmiş, özünü bütün dünyaya Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallıqların şəriksiz müəllifi kimi bir daha təqdim etmişdir. Günümüzün reallıqları bir daha bunu deməyə əsas verir ki, Heydər Əliyev siyasi kursu Azərbaycanı parlaq gələcəyinə qovuşduracaq yeganə doğru yoldur.

Bəhram Bayramov,
6 nömrəli Uşaq Somatik Sanatoriyasının baş həkimi

Geri dön