Ana Sayfa > Ölkə > Məmmədəli Yusifov: “15 iyun Azərbaycan xalqının xilası tarixidir”
Məmmədəli Yusifov: “15 iyun Azərbaycan xalqının xilası tarixidir”13-06-2021, 14:30. Yazar: sevinc1 |
![]() Bu bir həqiqətdir ki, 1991-1993-cü illər Azərbaycanın müasir tarixinə hərc-mərclik, özbaşınalıq, xaos dövrü kimi daxil olub. O dövrkü naşı iqtidarın səbatsızlığı ucbatından xalqın nəhayət ki, reallaşmaq üzrə olan müstəqillik arzuları puça çıxmaq təhlükəsi ilə üz-üzə qalmışdı. O zaman bütün ölkə vətəndaşlarının nəzəri Azərbaycanın dövlət müstəqilliyi üçün böyük işlər həyata keçirilən Naxçıvana yönəlmişdi. Ulu Öndər Heydər Əliyevin Naxçıvanda başladığı milli qurtuluş savaşının zəfər yürüşünü səbirsizliklə gözləyirdi. Həmin illərdə Naxçıvan Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqillik hərəkatında bayraqdar rolunu öz üzərinə götürərək bu vəzifənin öhdəsindən ləyaqətlə gəlirdi. İttifaq rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra Naxçıvana qayıtmış Ulu Öndər Heydər Əliyev xalqının bu ağır günlərində onunla birlikdə olduğunu, onun yolunda bütün məhrumiyyətlərə hazır olduğunu bir daha sübut etdi. 1991-1993-cü illərdə müstəqil Azərbaycanın o dövrkü iqtidarının ölkənin iqtisadi-siyasi maraqları, təhlükəsizliyi, ərazi bütövlüyünün təmin olunması ilə bir araya sığmayan daxili və xarici siyasəti müstəqil dövlətçiliyə, onun sonrakı taleyinə ağır zərbələr vurdu. Azərbaycanda Ermənistanın təcavüzü ilə yanaşı, daxili ictimai sabitlik də pozulmuş, müxtəlif qanunsuz silahlı dəstələr yaradılmış və ölkənin daxilində qızğın hakimiyyət çəkişməsi başlanmışdı. Belə bir mürəkkəb şəraitdə Naxçıvanda yaşayan Ümummilli Lider Heydər Əliyev 1991-ci il sentyabrın 3-də muxtar respublikanın Ali Məclisinə Sədr seçildi. Heydər Əliyevin nüfuzu nəinki Naxçıvanda, bütün Azərbaycanda günbəgün artırdı. Bundan qorxuya düşən AXC-Müsavat hakimiyyətinin silahlı qüvvələri 1992-ci il oktyabrın 24-də Naxçıvanda çevriliş etməyə, Heydər Əliyevi tutduğu vəzifədən devirməyə cəhd göstərdilər. Lakin xalq öz böyük oğlunu müdafiə etdi, Onunla birlikdə olduğunu bir daha sübuta yetirdi. İlk dövlət çevrilişinə cəhdin qarşısı alındı. Lakin ölkədə vəziyyət getdikcə gərginləşməkdə idi. Xarici havadarları tərəfindən himayə olunan separatçı qüvvələr cənubda “Talış-Muğan Respublikası” elan etməyə səy göstərirdilər. Şimalda da bu cür qüvvələrin fəallığına təkan verilirdi. Belə bir şəraitdə Azərbaycanın dünyada tanınmış, dövlətçilik təcrübəsi olan liderə ehtiyacı var idi. Bu lider Heydər Əliyev idi və hamı bu həqiqəti bütün varlığı ilə dərk edirdi. Belə bir vaxtda Heydər Əliyevin Bakıya gəlişi respublika əhalisində gələcəyə böyük ümidlər yaratdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev ölkənin ali qanunvericilik orqanına Sədr seçildi. Həmin iclasda Ulu Öndər çıxış edərək, tarixi nitqini söylədi: "Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm". Bu tarixi qayıdış, sözün həqiqi mənasında, Azərbaycan dövlətçiliyinin və millətimizin qurtuluşu idi. Buna görə də xalqın müxtəlif təbəqələrinin arzu və istəyini nəzərə alaraq, 1997-ci il iyunun 27-də parlamentimiz tarixi qərar qəbul edərək, 15 iyunu Azərbaycan xalqının Milli Qurtuluş Günü elan etdi. ![]() Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu Öndər Heydər Əliyevin siyasi varisi, Ölkə Prezidenti cənab İlham Əliyevin əlindədir. Bu gün məhz möhtərəm Prezidentimizin müdrik rəhbərliyi altında Azərbaycan özünün ərazi bütövlüyünü bərpa edərək, milli dövlət quruculuğu və idarəçiliyinin ən şərəfli mərhələsini yaşayır. Artıq neçə müddətdir ki, Azərbaycan bütün əhəmiyyətli regional-transmilli layihələrin ən arzuolunan iştirakçılarından birinə çevrilib. Vətən müharibəsində əldə olunmuş parlaq tarixi Qələbədən sonra isə ölkəmizin bu mövqeyləri daha da güclənib. Dövlət başçısının da öz çıxışlarında qeyd etdiyi kimi, bu gün Azərbaycan Avrasiyada enerji təhlükəsizliyini təmin edən mühüm tərəfdaş ölkədir. Cənub Qaz Dəhlizi 2020-ci il dekabrın 31-də istismara verildi. Yeddi ölkəni birləşdirən 3500 kilometr uzunluğunda Cənub Qaz Dəhlizi dünyanın ən böyük enerji infrastrukturu layihələrindən biridir. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrində fəal iştirak edir və ölkəmiz Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Biz Ulu Öndər Heydər Əliyev ideyaları işığında müstəqil Azərbaycanımızın Prezident İlham Əliyevin rəhbərliyi altında bundan sonra daha yüksək zirvələr fəth edəcəyini görürük və buna qəlbən inanırıq! Məmmədəli Yusifov Bozdağ Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsinin rəisi , Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının üzvü. Geri dön |