Ana Sayfa > Gündəm > Ramiz Pirverdiyev: “Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə ölkədə səhiyyənin inkişafına xüsusi diqqət yetirilib”

Ramiz Pirverdiyev: “Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə ölkədə səhiyyənin inkişafına xüsusi diqqət yetirilib”


10-06-2021, 08:00. Yazar: sevinc1
Ramiz Pirverdiyev: “Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə ölkədə səhiyyənin inkişafına xüsusi diqqət yetirilib”

Heydər Əliyevin xarici ölkələrdə oxutdurduğu gənclər indi, XXI əsrdə Azərbaycanda aparıcı mütəxəssislərə çevriliblər. Bu gün tam əminliklə demək olar ki, ulu öndər Heydər Əliyevin və Onun layiqli davamçısı, Ölkə Prezidenti cənab İlham Əliyevin göstərdikləri qayğı sayəsində Azərbaycanda səhiyyənin digər bütün sahələri üzrə çox sanballı, yüksək səviyyəli milli kadrlar yetişib və onlar da öz peşəkarlıq məktəblərini yarada biliblər.

Ulu öndərimiz Heydər Əliyev xalqın sağlamlıq məsələlərinə daim taleyüklü məsələ kimi yanaşmış, bu sahənin cəmiyyət həyatında həlledici rol oynadığını dəfələrlə vurğulamışdır. Ümummilli lider səhiyyəni cəmiyyət və dövlət həyatında ən mühüm, prioritet sahə kimi qiymətləndirərək deyirdi: “Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir. Onun üçün zəruri tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir”. Heydər Əliyev səhiyyə sisteminin inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsinə mövcud tibbi obyektlərin abadlaşdırılması, yeni səhiyyə müəssisələrinin yaradılması, əhalinin kütləvi dispanser qeydiyyatına alınması və sahə həkimlərinin işinin fəallaşdırılması məsələlərindən başlayıb. Böyük öndər ölkəmizdə sağlamlıq zonaları və istirahət evlərinin yaradılmasına, abadlaşdırma işlərinin aparılmasına, mövcud səhiyyə ocaqlarının profilinin genişləndirilməsinə daim ciddi əhəmiyyət verirdi. Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk dövrdən rayonlarda, xüsusən ucqar dağlıq və dağətəyi bölgələrdə səhiyyənin inkişafına xüsusi diqqət yetirilirdi. Ötən əsrin 70-ci illərinin əvvəllərində həmin rayonlarda ixtisaslı həkimlərin, xüsusən kardioloq, onkoloq, ginekoloq, nevropatoloq, sanitar həkim və epidemioloqların, orta ixtisas təhsilli tibb işçilərinin və şəfqət bacılarının çatışmazlığı kəskin hiss olunurdu. Bu problemin həlli üçün, ilk növbədə, tibbi profilli ali və orta ixtisas məktəblərinə tələbə qəbulunun sayı artırıldı, ucqar yaşayış məntəqələrindən gələn abituriyentlər üçün güzəştlər tətbiq edildi. Məhz bu kompleks tədbirlər sayəsində bölgələrin səhiyyə müəssisələrində kadr çatışmazlığı aradan qaldırıldı.


Lakin Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk illərdə ölkədə bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də tənəzzül və geriləmə müşahidə olunmaqda idi. Ümumiyyətlə, 1991-1993-cü illər Azərbaycanın tarixinə hərc-mərclik, özbaşınalıq, xaos dövrü kimi daxil olub. O dövrkü naşı iqtidarın səbatsızlığı ucbatından xalqın arzuları puça çıxmaq təhlükəsi ilə üz-üzə qalmışdı. O zaman bütün ölkə vətəndaşlarının nəzəri Azərbaycanın dövlət müstəqilliyi üçün böyük işlər həyata keçirilən Naxçıvana yönəlmişdi. Ulu Öndər Heydər Əliyevin Naxçıvanda başladığı milli qurtuluş savaşının zəfər yürüşünü səbirsizliklə gözləyirdi. Həmin illərdə Naxçıvan Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqillik hərəkatında bayraqdar rolunu öz üzərinə götürərək bu vəzifənin öhdəsindən ləyaqətlə gəlirdi. İttifaq rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra Naxçıvana qayıtmış ulu öndər Heydər Əliyev xalqının bu ağır günlərində onunla birlikdə olduğunu, onun yolunda bütün məhrumiyyətlərə hazır olduğunu bir daha sübut etdi.

1991-1993-cü illərdə Azərbaycanda Ermənistanın təcavüzü ilə yanaşı, daxili ictimai sabitlik də pozulmuş, müxtəlif qanunsuz silahlı dəstələr yaradılmış və ölkənin daxilində qızğın hakimiyyət çəkişməsi başlanmışdı. Belə bir mürəkkəb şəraitdə Naxçıvanda yaşayan ümummilli lider Heydər Əliyev 1991-ci il sentyabrın 3-də muxtar respublikanın Ali Məclisinə Sədr seçildi. Heydər Əliyevin nüfuzu nəinki Naxçıvanda, bütün Azərbaycanda günbəgün artırdı. Bundan qorxuya düşən mərkəzi hakimiyyətin silahlı qüvvələri 1992-ci il oktyabrın 24-də Naxçıvanda çevriliş etməyə, Heydər Əliyevi tutduğu vəzifədən devirməyə cəhd göstərdilər. Lakin xalq öz böyük oğlunu müdafiə etdi, Onunla birlikdə olduğunu bir daha sübuta yetirdi. İlk dövlət çevrilişinə cəhdin qarşısı alındı. Lakin ölkədə vəziyyət getdikcə gərginləşməkdə idi. Xarici havadarları tərəfindən himayə olunan separatçı qüvvələr cənubda "Talış-Muğan Respublikası" elan etməyə səy göstərirdilər. Şimalda da bu cür qüvvələrin fəallığına təkan verilirdi. Belə bir şəraitdə Azərbaycanın dünyada tanınmış, dövlətçilik təcrübəsi olan liderə ehtiyacı var idi. Bu lider Heydər Əliyev idi və hamı bu həqiqəti bütün varlığı ilə dərk edirdi. Belə bir vaxtda Heydər Əliyevin Bakıya gəlişi respublika əhalisində gələcəyə böyük ümidlər yaratdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev ölkənin ali qanunvericilik orqanına Sədr seçildi. Həmin iclasda ulu öndər çıxış edərək, tarixi nitqini söylədi: “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm”. Bu tarixi qayıdış, sözün həqiqi mənasında, Azərbaycan dövlətçiliyinin və millətimizin qurtuluşu idi. Buna görə də xalqın müxtəlif təbəqələrinin arzu və istəyini nəzərə alaraq, 1997-ci il iyunun 27-də parlamentimiz tarixi qərar qəbul edərək, 15 iyunu Azərbaycan xalqının Milli Qurtuluş Günü elan etdi.

Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyə qayıdışından sonra Azərbaycan səhiyyəsinin, həmçinin Azərbaycan tibb elmi və tibb təhsili sisteminin inkişafının yeni mərhələsi başlandı. Ümummilli liderimizin müdrik dövlətçilik siyasəti sayəsində Azərbaycanda səhiyyə sistemi də xilas edildi. Heydər Əliyevin xüsusi diqqət və qayğısı sayəsində müstəqillik dövründə ölkəmizdə səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmək mümkün oldu. Onun bilavasitə rəhbərliyi ilə ölkənin səhiyyə sistemində ardıcıl və məqsədyönlü işlər görüldü, islahatlar aparıldı. Bu işdə ilk növbədə səhiyyənin hüquqi-normativ bazasının təkmilləşdirilməsi və dünya standartları səviyyəsinə qaldırılması daim diqqət mərkəzində saxlanılırdı. Həmin məqsədlə ölkəmizdə səhiyyənin qanunvericilik bazasını gücləndirən bir sıra qanunlar, o cümlədən “Əhalinin sağlamlığının qorunması haqqında”, “Qan və onun komponentlərinin donorluğu haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) yayılmasının qarşısının alınması haqqında”, “Əczaçılıq fəaliyyəti haqqında”, “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında”, “Tibbi sığorta haqqında” və s. qanunlar işlənib hazırlandı və Milli Məclis tərəfindən qəbul edildi. Azərbaycan ərazisində QİÇS və vərəm xəstəliklərinin yayılmasının qarşısını almaq üçün milli proqramlar işlənib hazırlandı.

Bu gün digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də Ulu öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı Ümummilli lider Heydər Əliyevin başlıca həyat prinsipi olan xalqa, millətə xidmət və sədaqət amalını yaşadır. Məhz onun rəhbərliyi altında Heydər Əliyev siyasəti, gələcəyə istiqamətlənmiş strateji inkişaf kursu davamlı surətdə irəliləyir və Azərbaycanın uğurlarının əsasını təşkil edir. Azərbaycan dövləti insanların sağlamlığını prioritet məsələ kimi daim diqqət mərkəzində saxlayır. Məhz bu diqqətin nəticəsidir ki, ölkəmiz bu gün COVİD-19 pandemiyası ilə mübarizədən də minimal itkilərlə çıxmaqdadır.

Möhtərən dövlət başçımızın səhiyyəmizə diqqət və qayğısı, Azərbaycan xalqının sağlamlığının qorunması yolunda atdığı mühüm addımlar, ümumiyyətlə, ölkədə həyata keçirilən sosialyönümlü siyasət ulu öndərin bu istiqamətdə müəyyən etdiyi strategiyanın uğurla davam etdirilməsinin parlaq təzahürüdür. Yeni tikilən, əsaslı təmir olunan, ən müasir avadanlıqlarla təchiz edilən tibb mərkəzləri, tibb işçilərinin təkmilləşməsinə verilən diqqət, gündən-günə yaxşılaşan sağlamlıq və demoqrafik göstəricilər Azərbaycan dövlətinin və Azərbaycan Prezidentinin əhalinin səhhətinin qorunmasına, gələcək nəsillərin sağlamlığına verdiyi əhəmiyyətin sübutudur.


Ramiz Pirverdiyev,
Akademik Z.Əliyeva adına Gədəbəy MRX-nın
Baş həkimi

Geri dön