Ana Sayfa > Manşet / Siyasət > Manaf Manafov: “Azərbaycan və Türkiyə prezidentlərinin ən çətin anlarda bir-birlərinə arxa durmaları bütün Türk dünyasına bir örnəkdir”

Manaf Manafov: “Azərbaycan və Türkiyə prezidentlərinin ən çətin anlarda bir-birlərinə arxa durmaları bütün Türk dünyasına bir örnəkdir”


10-06-2021, 10:30. Yazar: sevinc1
Manaf Manafov: “Azərbaycan və Türkiyə prezidentlərinin ən çətin anlarda bir-birlərinə arxa durmaları bütün Türk dünyasına bir örnəkdir”

“Ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş xarici siyasət kursunun əsas istiqamətlərindən olan və “Bir millət, iki dövlət” konsepsiyası əsasında formalaşan Azərbaycan və Türkiyə arasında ikitərəfli əlaqələrin inkişaf xətti bu gün Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıl olaraq məqsədyönlü şəkildə inkişaf etdirilir. Birmənalı olaraq demək lazımdır ki, hazırda hər iki ölkənin dövlət başçılarının səyləri nəticəsində Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlığın son dərəcə dərinləşməsinə nail olunmuşdur.” Bu sözləri saytımıza verdiyi müsahibəsində Pirallahı Rayon Mənzil Kommunal Təsərrüfatları Birliyinin rəisi,YAP Pirallahı rayon təşkilatının üzvü Manaf Manafov deyib.

Öz müsahibəsində Manaf Manafov ilk növbədə qeyd edib ki, Azərbaycan və Türkiyə arasında əsl dostluq və qardaşlıq əlaqələrinin daha yüksək mərhələyə keçidi məhz ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlişindən sonra baş verib: “Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa etdikdən sonra həmin il noyabrın 9-da Türkiyə ölkəmizi ilk tanıyan dövlət olmuşdur. Müstəqilliyimizin ilk illərində Türkiyə iki qardaş ölkə arasında qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini əsas tutaraq dövlət quruculuğu yolunda Azərbaycanın səylərini daim dəstəkləməklə, hərtərəfli əlaqələrin inkişafına geniş yardım göstərmişdir. Xalqın təkidilə 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra ümummilli lider Heydər Əliyev Azərbaycanın dünya birliyinə inteqrasiyası, regional təhlükəsizliyin qorunması, ölkəmizin siyasi-iqtisadi və elmi-mədəni maraqlarının reallaşması kimi vacib istiqamətlərdə Türkiyə dövləti ilə hərtərəfli əməkdaşlığın genişlənməsini keyfiyyətcə yeni, daha yüksək mərhələyə çıxardı və münasibətlərin yüksələn xətt üzrə inkişafını təmin etdi. Azərbaycan Prezidenti kimi Heydər Əliyevin Türkiyəyə 1994-cü il fevralın 4-dən 11-dək davam edən ilk rəsmi səfəri ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafına yeni nəfəs verdi. Həmin tarixi səfər zamanı Azərbaycanla Türkiyə arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında protokol, iqtisadi, elmi-texniki və mədəni sahələrdə əməkdaşlıq haqqında saziş, dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə müqavilə və digər məsələlər haqqında 16 mühüm sənəd imzalandı. Həmçinin ulu öndərin müəllifi olduğu Azərbaycanın neft strategiyasının onurğa sütununu təşkil edən “Əsrin müqaviləsi”nin xarici neft şirkətlərinin konsorsiumunda “Türk petrolları” şirkətinin təmsil olunması ilə Türkiyə-Azərbaycan strateji əməkdaşlığının əsası qoyuldu. 1995-ci il dekabrın 7-9-da Türkiyə Prezidenti Süleyman Dəmirəlin Azərbaycana rəsmi səfəri zamanı imzalanmış iqtisadi əməkdaşlıq haqqında memorandum dostluq münasibətlərini müəyyənləşdirən prinsiplərin və əlaqələrin inkişaf istiqamətlərinin sarsılmaz olduğunu bir daha təsdiq etdi. Ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş xarici siyasət kursunun əsas istiqamətlərindən olan və “Bir millət, iki dövlət” konsepsiyası əsasında formalaşan Azərbaycan və Türkiyə arasında ikitərəfli əlaqələrin inkişaf xətti bu gün Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıl olaraq məqsədyönlü şəkildə inkişaf etdirilir. Bu gün hər iki ölkənin dövlət başçılarının səyləri nəticəsində Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlığın son dərəcə dərinləşməsinə nail olunmuşdur.”

Manaf Manafov iki qardaş ölkə arasında əlaqələrin daha da möhkəmlənməsində Azərbaycan və Türkiyə prezidentlərinin şəxsi münasibətlərinin də mühüm rol oynadığını qeyd edib. Müsahibimiz vurğulayıb ki, iki qardaş ölkənin başçıları arasında olan bu səmimi münasibətlər həm bizim xalqlarımız, həm də bütün Türk dünyası üçün nümunə olmalıdır: “Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan arasında olan şəxsi münasibətlər ölkələrimiz arasında qardaşlıq və dostluq əlaqələrinin güclənməsində son dərəcə böyük təsir gücünə malik olan əsas amil rolunu oynayır. Hər iki dövlətin başçıları ən çətin anlarda ölkələrinə və bir-birlərinə arxa durmaqla bütün millətə əsl ibrət verirlər. Azərbaycan və Türkiyə prezidentləri arasında olan bu birlik və həmrəylik, dövlət başçılarının bir-birinə “qardaşım” deyərək müraciət etmələri də xalqlarımız üçün və bütün Türk dünyası üçün ən dəyərli örnəkdir.”

Həmçinin Manaf Manafov ölkələrimiz arasında getdikcə dərinləşən strateji-iqtisadi əməkdaşlığın həm Türkiyəni, həm də Azərbaycanı getdincə daha da gücləndirən əsas amillərdən biri olduğunu qeyd edib: “Bu gün ölkələrimiz arasında iqtisadi sahədə əlaqələrin daha da gücləndirilməsi üçün geniş imkanlar yaranıb. Xüsusi olaraq bu istiqamətdə Azərbaycanın türkdilli ölkələr arasında bir körpü funksiyasını yerinə yetirmək gücünə malik olduğu diqqəti cəlb edir. Belə ki, Azərbaycan tranzit-loqistika funksiyasını yerinə yetirməklə ölkələrimizin həm iqtisadi, həm də turizm potensialını genişləndirə bilər. O cümlədən Zəngəzur dəhlizinin açılışı, tarixi Ələt-Culfa dəmiryolu xəttinin bərpası ilə gələcəkdə vahid nəqliyyat-logistika şəbəkəsi qurula bilər ki, bu da Azərbaycan və Türkiyəni Avropa və Asiya arasında fasiləsiz daşınmaların həyata keçirilməsinin əsas tərəfdaşlarına çevirər.”

Müsahibimiz Vətən müharibəsi dövründə qardaş Türkiyənin Azərbaycana verdiyi mənəvi-siyasi dəstəyin böyük önəm kəsb etdiyini də xüsusi olaraq vurğulayıb: “Azərbaycan-Türkiyə qardaşlığı öz möhtəşəmliyini və yenilməzliyini 44 günlük Vətən müharibəsinin gedişində ən qabarıq formada bir daha bütün dünyaya nümayiş etdirdi. Türkiyənin siyasi və mənəvi dəstəyi Azərbaycanın tarixi Qələbə qazanmasında çox böyük rol oynamışdır. Türkiyə Prezidentinin hərbi əməliyyatların başlandığı ilk saatlardan dediyi “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” sözləri bir çox xarici qüvvələrin bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Çünki biz həqiqətən də bir millət, iki dövlətik. Türkiyədən ölkəmizə olan dəstək və həmrəylik nümayişi Azərbaycan xalqı tərəfindən hər zaman yüksək qiymətləndirilir. Türkiyə dövlətinin və onun prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək sözün həqiqi mənasında təmənnasız qardaşlığın təntənəsi idi. Bu gün artıq bütün dünya bilir ki, Cənubi Qafqaz regionunda Türkiyə-Azərbaycan əməkdaşlığı, işbirliyi olmadan heç bir təşəbbüs, heç bir layihə həyata keçirilə bilməz.”

AİA.Az
Geri dön