Ana Sayfa > Ölkə > Akif Məlikov: “Müstəqil bir dövlətimizin varlığına görə biz ulu öndər Heydər Əliyevə borcluyuq”

Akif Məlikov: “Müstəqil bir dövlətimizin varlığına görə biz ulu öndər Heydər Əliyevə borcluyuq”


10-06-2021, 09:00. Yazar: sevinc1
Akif Məlikov: “Müstəqil bir dövlətimizin varlığına görə biz ulu öndər Heydər Əliyevə borcluyuq”

Müstəqilik hər bir xalq, hər bir millət üçün əvəz olunmaz nemətdir. Yer üzündə demək olar ki, bütün xalqlar tarix boyu müstəqillik uğrunda mübarizə aparmışlar. Azərbaycan xalqı da əsrlərdən bəri arzusunda olduğu, uğrunda mübarizə apardığı istiqlalı ötən əsrin əvvəllərində əldə etsə də, təəssüf ki, ilk demokratik respublikanın ömrü uzun sürmədi. Xarici təzyiqlər, daxili çəkişmələr Demokratik Respublikanı yavaş-yavaş tənəzzülə uğratdı və 1920-ci il aprelin 27-də Azərbaycan Demokratik Respublikası süqut etdi. Azərbaycan xalqı yenidən əlverişli tarixi şəraitin yetişməsini tam 70 il gözləməli oldu. Nə 70 illik siyasi quruluş, nə ideoloji sistem, nə rejim qadağaları Azərbaycan xalqının müstəqil olmaq arzusunu azalda bilmədi, öz ölkəsinə sahib çıxmaq əzmini qıra bilmədi. Sovetlər İttifaqında gedən proseslər və ittifaqın dağılması ilə əlaqədar cərəyan edən ictimai-siyasi vəziyyət xalqın öz müstəqillik istəyini əldə etməsinə şərait yaratdı. 1991-ci ilin 18 oktyabrında Azərbaycan yenidən öz müstəqilliyini bərpa etdikdən sonra siyasi mübarizənin yeni dövrü başladı. Azərbaycan öz müstəqilliyini qoruyub saxlamaq və möhkəmləndirmək uğrunda mübarizə etməli idi. Tarix sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq və əbədi etmək onu qazanmaqdan daha çətindir. Və təəssüf ki, müstəqilliyini yenicə qazanmış millət, elə ilk günlərdən onu itirmək təhlükəsi ilə üzləşdi. Azərbaycan ölkənin parçalanmaq, dövlətin yox olmaq təhlükəsi ilə üz-üzə qaldı. Ölkəmizin bir dövlət kimi faktiki olaraq dünya xəritəsindən silinmək təhlükəsinin yaşandığı bir zamanda xalqın çağırışına ulu öndər Heydər Əliyev səs verdi. Əgər bu baş verməsəydi Azərbaycanın nə 103 illik müstəqillik tarixi, nə 28 illik qurtuluş tarixi, nə də bu günə qədər yaşadığımız və bundan sonra yaşayacağımız bir çox əlamətdar günlər bizə nəsib olmayacaqdı. İnkaredilməz bir həqiqətdir ki, biz bu gün müstəqil bir dövlətimizin varlığına görə məhz ulu öndər Heydər Əliyevə borcluyuq.

Xalqımızın ümummilli lideri, ulu öndərimiz Heydər Əliyev XX əsrin ikinci yarısından başlayaraq Azərbaycanın ictimai-siyasi həyatına fəal dövlət rəhbəri kimi daxil olmuşdur. 1969-cu ildən başlayaraq bu böyük insanın keçdiyi həyat yolu, çoxşaxəli və məqsədyönlü fəaliyyəti Azərbaycanın sürətli inkişafına güclü təkan vermiş, ölkəmizi öz hüdudlarından kənarda tanıtmış, beynəlxalq miqyasda ölkəmizin nüfuzunu xeyli dərəcədə yüksəltmişdir.


Heydər Əliyev uzaqgörənliyi, qətiyyəti və cəsarəti, geniş dünyagörüşü ilə bir dövlət başçısı, bacarıqlı siyasətçi və diplomat kimi bütün dünyada özünü tanıtmış, dünya miqyaslı siyasətçilər siyahısında ön cərgələrdə öz layiqli yerini tutmuşdur. Dahi rəhbərimiz və ulu öndərimiz Heydər Əliyevin adı Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmışdır.

Ulu öndərimiz Azərbaycanın bütün sahələri üzrə dinamik inkişafa qədəm qoymaqla yanaşı, milli mədəniyyətimizin daha yüksək zirvələr fəth etməsi üçün də möhkəm zəmin yaratmışdır. Bunu statistik məlumatlara müraciət etdikdə görmək mümkündür. Belə ki, 1969-cu ildə respublikamızda cəmi 12 peşəkar teatr, 5 konsert müəssisəsi, 2312 kitabxana, 1535 klub müəssisəsi, 17 park, 29 muzey, 79 musiqi məktəbi vardı. Eyni zamanda da həmin dövrdə bir rəsm qalereyası belə fəaliyyət göstərmirdi. 2003-cü ildə isə Azərbaycanda artıq 27 peşəkar teatr, 13 konsert müəssisəsi, 4124 kitabxana, 3066 klub müəssisəsi, 210 mədəniyyət və istirahət parkı, 159 muzey, 30-dan çox dövlət rəsm qalereyası və bədii sərgi salonu, 232 uşaq musiqi və incəsənət məktəbi fəaliyyət göstərirdi. Ümummilli liderimiz Azərbaycan xalqının milli mədəniyyətinə, onun tarixi qaynaqlarına həmişə böyük diqqətlə yanaşmış, millətin qan yaddaşına hopmuş tarixi şəxsiyyətlərimizin zaman-zaman yaşaması üçün öz qayğısını əsirgəməmişdir.

Respublikaya rəhbərlik fəaliyyəti dövründə ulu öndərimiz Heydər Əliyev musiqi, balet, teatr, kino sahəsində uğur qazanan istedadların ölkədən kənarda tanınması üçün məqsədyönlü tədbirlər həyata keçirmişdir. Hələ Sovet İttifaqı dövründə Azərbaycan professional musiqi sənətinin baniləri Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin, SSRİ xalq artisti, professional vokal sənətimizin banisi kimi tanınan Bülbülün, SSRİ xalq artistləri Qara Qarayevin, Niyazinin, Fikrət Əmirovun, xalq şairi Səməd Vurğunun, xalq yazıçısı Mirzə İbrahimovun ayrı-ayrı yubiley tarixlərinin təkcə Bakıda deyil, başqa şəhərlərdə də təntənə ilə keçirilməsinə nail olmuşdur. Bununla yanaşı, dramaturgiyamızın banisi Mirzə Fətəli Axundovun, böyük dramaturq Cəfər Cabbarlının, SSRİ xalq artistləri Şövkət Məmmədovanın, Mirzağa Əliyevin və onlarla başqa istedadlı sənətkarlarımızın, eləcə də Azərbaycan mədəniyyətinin inkişafında xüsusi yer tutan ayrı-ayrı məbədlərin-Akademik Milli Dram Teatrının, Naxçıvan Dövlət Dram Teatrının, Azərbaycan Dövlət Rus Dram Teatrının, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin yubiley tarixləri respublikamızda təntənə ilə qeyd olunmuşdur. Demək olar ki, bütün bu və digər mədəniyyət tədbirlərinin hər birində ümummilli liderimiz Heydər Əliyevin şəxsən iştirak etməsi dövlət rəhbəri tərəfindən sənətə, sənətkara verilən yüksək qiymətdir.

Mədəniyyət və incəsənət xadimlərinin yaradıcı axtarışlarına mənəvi dayaq olmaq ümummilli liderimiz Heydər Əliyevin həyat tərzinə çevrilmişdir. Bəstəkar, yazıçı, şair, aktyor, müğənni, rəssam əməyinə verdiyi yüksək qiymət sahəsində ölkəmizin yüzlərlə sənətçisi xalq artisti, xalq rəssamı, xalq şairi, xalq yazıçısı, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi kimi müxtəlif fəxri adlara layiq görülmüşdür.


Sonsuz fəxarət hissi ilə deyə bilərəm ki, ulu öndər, müstəqil Azərbaycanımızın memarı, təkrarolunmaz şəxsiyyət Heydər Əliyevin layiqli davamçısı möhtərəm prezidentimiz İlham Əliyev bu gün ölkəmizin ictimai-siyasi, mədəni həyatında baş verən köklü dəyişikliklərin, böyük yüksəlişin müəllifidir. Müasir dövrdə sənətkarlar diyarı olan Azərbaycanımıza sənəti yüksək qiymətləndirməyi bacaran İlham Əliyevin rəhbərlik etməsi, həm də mədəniyyətimizin uğuru, xoşbəxtliyidir. Möhtərəm prezidentimiz xalqın milli xüsusiyyətlərinin qorunub saxlanılmasında ədəbiyyatın, mədəniyyətin böyük rolu olduğunu xüsusi vurğulayaraq demişdir: “Azərbaycan xalqının, bizim hamımızın xüsusiyyətlərini qoruyub saxlamaq üçün əlbəttə ki, ədəbiyyatımızın, mədəniyyətimizin böyük rolu olmuşdur”.

Azərbaycan Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında öz ərazi bütövlüyünü möhtəşəm tarixi Qələbə nəticəsində bərpa etdikdən sonra isə milli mədəniyyətimizin daha da çiçəklənməsi, zənginləşməsi və yeniləşməsi üçün tamamilə yeni imkanlar yarandı.
İşğaldan azad olunmasından az bir vaxt sonra Şuşanın ölkənin mədəniyyət paytaxtı elan edilməsi bütün Azərbaycan xalqı üçün ən sevindirici və qürur verici bir qərar oldu. Ulu öndərimizin “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə Azərbaycan yoxdur” vəsiyyətini özünün həyat amalına çevirmiş Prezident İlham Əliyev Azərbaycanın gücünü-qüdrətini bütün dünyaya nümayiş etdirdi. 30 illik fasilədən sonra artıq Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada “Xarıbülbül” musiqi festivalı keçirildi. Bu festival möhtəşəm musiqi bayramı olmaqla yanaşı, həm də işğaldan azad edilmiş rayon və bölgələrimizdə milli mədəniyyətimizin dirçəlişinin və yenidən yüksəlişinin başlanğıcı oldu. Bu yüksəlişi Azərbaycanda yaşayan bütün vətənsevər insanlar duyur, görür, alqışlayır və birmənalı olaraq dəstəkləyirlər.

Akif Məlikov
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru,
Azərbaycanın əməkdar incəsənət xadimi.

Geri dön