Ana Sayfa > Gündəm > Oktay Abdullayev: “Türkiyə - Azərbaycan strateji əməkdaşlığı Avrasiya məkanında enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır”
Oktay Abdullayev: “Türkiyə - Azərbaycan strateji əməkdaşlığı Avrasiya məkanında enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır”9-06-2021, 10:30. Yazar: sevinc1 |
![]() “Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Türkiyə ölkəmizi ilk tanıyan dövlət olmuşdur. Müstəqilliyimizin ilk illərindən Türkiyə iki qardaş ölkə arasında qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini əsas tutaraq dövlət quruculuğu yolunda Azərbaycanın səylərini daim dəstəkləmiş, bütün sahələrdə əlaqələrin inkişafına geniş yardım göstərmişdir. Bu gün də ölkəmizin ən etibarlı strateji tərəfdaşı olan qardaş Türkiyə ilə münasibətlərin möhkəmləndirilməsi və əlaqələrin daha da genişləndirilməsi Azərbaycan dövlətinin xarici siyasətində prioritet istiqamətlərdən biridir.” Bu sözləri saytımıza verdiyi açıqlamada Xızı rayon Təhsil şöbəsinin müdiri, Azərbaycan Respublikasının “Əməkdar müəllimi”, YAP Xızı rayon təşkilatı İdarə Heyətinin üzvü Oktay Abdullayev deyib. Hakim partiyanın təmsilçisi qeyd edib ki, ulu öndər Heydər Əliyev qardaş Türkiyə ilə dostluq və qardaşlıq əlaqələrinin genişlənməsini hər zaman xüsusi diqqət mərkəzində saxlayıb: “Ümummilli lider Heydər Əliyev özünün məşhur “Azərbaycan-Türkiyə, bir millət, iki dövlət” kəlamını qardaş ölkə ilə əlaqələrin genişləndirilməsi siyasətinin əsası kimi müəyyən etmişdi. Bu səbəbdən də ulu öndər ölkəmizin dünya birliyinə inteqrasiyası, regional təhlükəsizliyin qorunması, Azərbaycanın siyasi-iqtisadi və elmi-mədəni maraqlarının reallaşması kimi vacib istiqamətlərdə Türkiyə dövləti ilə hərtərəfli əməkdaşlığın genişlənməsini keyfiyyətcə yeni, daha yüksək mərhələyə çıxardı və münasibətlərin yüksələn xətt üzrə inkişafını təmin etdi. Ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş xarici siyasət kursunun əsas istiqamətlərindən biri olan Azərbaycan və Türkiyə arasında ikitərəfli əlaqələrin inkişaf xətti bu gün Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıl olaraq məqsədyönlü şəkildə inkişaf etdirilir. Birmənalı olaraq demək lazımdır ki, hazırda hər iki ölkənin dövlət başçılarının səyləri nəticəsində Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlığın son dərəcə dərinləşməsinə nail olunmuşdur.” Oktay Abdullayev iki qardaş ölkə arasında əlaqələrin daha da möhkəmlənməsində Azərbaycan və Türkiyə prezidentlərinin şəxsi münasibətlərinin də mühüm rol oynadığını vurğulayaraq bunları deyib: “Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca mühüm amildir. Dövlətimizin başçısı müxtəlif beynəlxalq tədbirlərdə həmişə qardaş ölkəyə birmənalı dəstək verməyin əsl örnəyini nümayiş etdirib. Hər iki dövlətin başçıları ən çətin anlarda ölkələrinə və bir-birlərinə arxa durmaqla bütün millətə əsl ibrət verirlər. Ölkə Prezidenti cənab İlham Əliyevin hələ 2014-cü ilin aprel ayının 24-də Praqada dövlət və hökumət başçılarının iştirakı ilə keçirilmiş və “Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunmuş sammitdə o vaxtkı Ermənistan prezidenti Serj Sərkisyana verdiyi sərt cavabı bu gün də dillər əzbəridir. Həmin vaxt Türkiyənin Sammitdə təmsil olunmamasından sui-istifadə edən Ermənistan prezidenti qondarma “soyqırımı” məsələsini yenidən gündəmə gətirmiş və Türkiyəni əsas tənqid hədəfi kimi seçmişdi. Buna cavab olaraq isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev plenar iclasda çıxış edərək belə demişdi: “Bu gün təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm.” Budur əsl dostluq nümunəsi. Əgər bir yerdə Azərbaycan varsa, deməli orda Türkiyə var, əgər bir yerdə Türkiyə varsa, deməli orda Azərbaycan var.” Həmçinin RTŞ müdiri 44 günlük Vətən müharibəsi dövründə qardaş Türkiyənin Azərbaycana verdiyi mənəvi-siyasi dəstəyin böyük önəm kəsb etdiyini də xüsusi olaraq vurğulayıb: “Azərbaycan-Türkiyə qardaşlığı öz yenilməzliyini Vətən müharibəsinin gedişində bir daha bütün dünyaya nümayiş etdirdi. Türkiyənin siyasi və mənəvi dəstəyi Azərbaycanın tarixi Qələbə qazanmasında çox böyük rol oynamışdır. Türkiyə Prezidentinin hərbi əməliyyatların başlandığı ilk saatlardan dediyi “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” sözləri bir çox xarici qüvvələrin bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Çünki biz həqiqətən də bir millət, iki dövlətik. Türkiyədən ölkəmizə olan dəstək və həmrəylik nümayişi Azərbaycan xalqı tərəfindən hər zaman yüksək qiymətləndirilir. Türkiyə dövlətinin və onun prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək sözün həqiqi mənasında təmənnasız qardaşlığın təntənəsi idi.” Daha sonra Oktay Abdullayev ölkələrimiz arasında getdikcə dərinləşən strateji-iqtisadi əməkdaşlıqdan danışıb. Hakim partiya təmsilçisi deyib ki, bu əməkdaşlıq hər iki ölkənin qüdrətini daha da artırır: “Bu gün Türkiyə və Azərbaycan özlərinin iqtisadi və enerji imkanlarından eləcə də, geosiyasi mövqeyindən ikitərəfli və regional əməkdaşlığın genişlənməsi istiqamətində səmərəli surətdə istifadə edir. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən sonra yaranmış yeni regional reallıqların fonunda ölkələrimiz arasında əməkdaşlıq potensialı daha da artıb. Azərbaycan və Türkiyənin də tərəfdaş olduğu Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP və TAP kimi nəhəng transmilli layihələr regionda iqtisadi inteqrasiyanın güclənməsi, enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Bu beynəlxalq nəqliyyat və enerji layihələri Azərbaycan və Türkiyənin regionda mövqeyinin güclənməsində, beynəlxalq daşınmalarda məsafə və daşınma müddətinin qısaldılmasında strateji əhəmiyyətinin artmasında, regional enerji təhlükəsizliyinin təminatında, bu ölkələrin tranzit və ticarət əməliyyatları ilə yanaşı digər sahələrdə gəlirlərin artımında, məşğulluğun həllində və əhalinin rifahının yüksəldilməsi baxımından da müstəsna əhəmiyyət kəsb edir. Həmçinin bu gün Azərbaycan-Türkiyə arasındakı investisiya qoyuluşlarının həcmini artırmaq üçün geniş potensial mövcuddur. Bu amillərdən biri Naxçıvanla quru yollarının açılmasıdır. Belə ki, Zəngəzur dəhlizinin, tarixi Ələt-Culfa dəmiryolu xəttinin bərpası və bu dəmiryolunun Azərbaycan və Türkiyə arasında imzalanan memorandumda nəzərdə tutulan Qars-İğdır-Culfa dəmir yolu xəttinə inteqrasiyası ilə gələcəkdə vahid nəqliyyat-logistika şəbəkəsi qurula bilər. Bu nəhəng layihə ilə Azərbaycan və Türkiyə Avropa və Asiya arasında fasiləsiz daşınmaların həyata keçirilməsinin əsas tərəfdaşları olacaq ki, bu da hər iki ölkəyə investisiya qoyuluşlarını artıra bilər.” Sonda Oktay Abdullayev Azərbaycan və Türkiyə arasında münasibətlərin daha da möhkəmlənməsində hər iki ölkənin hakim partiyalarının da rolunu vurğulayıb.: “Ölkələrimiz arasında siyasi müstəvidə əməkdaşlığın güclənməsi baxımından bir neçə gün əvvəl YAP nümayəndə heyətinin Türkiyəyə səfəri və səfər zamanı aparılan müzakirələr, əldə edilən razılaşmalar böyük əhəmiyyət kəsb edir. Belə ki, Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) dəvəti ilə iyunun 1-dən 3-ə qədər olan müddətdə YAP-ın nümayəndə heyəti Ankara şəhərində səfərdə olub. Nümayəndə heyətini qəbul edən Türkiyə Prezidenti Türkiyə-Azərbaycan əlaqələrinin hazırkı mərhələyə çatmasında Azərbaycan Prezidentinin rolunu yüksək qiymətləndirdiyini vurğulayıb, bundan sonra da bölgədə sülhün bərqərar olması və iki qardaş ölkənin münasibətlərinin daha da inkişaf etdirilməsi işinə Prezident İlham Əliyevin mühüm töhfələr verəcəyinə əmin olduğunu ifadə edib. Həmçinin Prezident Rəcəb Tayyib Ərdoğan hər iki tərəfdən hakim partiyaların aparıcı roluna toxunaraq partiya funksionerlərinin fəaliyyətlərini yeni çağırışlara uyğunlaşdıra bilmələrinin vacibliyini qeyd edib.” AİA.Az Geri dön |