Ana Sayfa > Gündəm > “Nə üçün icra başçıları direktorların seçilməsi imtahanına “burun soxurlar?” -
“Nə üçün icra başçıları direktorların seçilməsi imtahanına “burun soxurlar?” -8-06-2021, 17:43. Yazar: sevinc1 |
Ucarda məktəb direktorunun azyaşlı şagirdə əxlaqsız təklif etməsi iddia olunur. Rayonun Pirkənd kənd orta məktəbinin 8-ci sinif şagirdi, 2007-ci il təvəllüdlü N.H-nın atası, üçüncü qrup gözdən əlil Elmin Həşimov çıxış edib. O bildirib ki, məktəbin direktoru 60 yaşlı Tapdıq İsayev qızını öz otağına çağırıb: “Birinci dəfə qızımı tənəffüsdə otağına çağırıb, getməyib. Sonra dərs vaxtı adam göndərib ki, qızım otağına getsin. Qızım otağına gedəndə isə deyib ki, sənin atan səni oxutdurmayacaq. Mən səni oxutduracam, qiymətlərinin yazılmasına kömək edəcəm. Sonra da onun sinəsinə baxıb və deyib ki, sinəni aç. Qızım qorxub, otağından çıxıb. Olanları da ağlaya-ağlaya anasına danışıb. Məndən gizlədib ki, birdən gedib direktoru öldürərəm”. Azyaşlının atası qeyd edib ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanları, prokurorluğa şikayət edib: “Qızımdan da bununla bağlı izahatlar alınıb”. Təhsil Nazirliyindən bildirilib ki, qeyd olunan məsələ ilə bağlı hazırda polis idarəsində və prokurorluqda araşdırma aparılır: “Bir şəxsin cinayəti sübut olunmayıbsa, araşdırılma aparılırsa, onunla bağlı hər hansısa bir addım atmaq olmur. Qərara uyğun olaraq Təhsil Nazirliyi tərəfindən adekvat addım atılacaq”. Baş verənləri “Sherg.az”a dəyərləndirən təhsil üzrə ekspert Nabatəli Qulamoğlu bildirib ki, yaşanan hadisə bütövlükdə cəmiyyətin problemidir: “Məsələyə konkret olaraq pedaqoji aspektdən yanaşmaq olmaz. Çünki belə hallar məktəbdə, küçədə və ya başqa ictimai yerlərdə baş verə bilər. Bu yaxınlarda Hüseynbala Mirələmovun yayılan videosu bütün cəmiyyətin gündəmini zəbt etmişdi. Azərbaycanda istənilən məmur belə hərəkətlər edir. Rusların belə bir məsəli var: “Nə qədər ki, tutulmamısan, oğru deyilsən”. Tam əminəm ki, məktəb direktorlarının böyük əksəriyyəti bu işlə məşğuldur. Onlar vəzifəyə gələndə xalqın dəstəyini almayıblar, onları xalq seçməyib. İcra başçıları onları pul müqabilində vəzifəyə təyin ediblər. Ona görə də direktorlar özlərini məktəbin padişahı sayırlar. Hesab edirlər ki, nə istəsələr, edə bilərlər. Bu, özbaşınalıq, cəmiyyətdəki biganəliklə əlaqədardır. Açığı baş verənlərin detalları ilə dəqiq tanış olmamışam. Lakin həmin məktəb direktoruna tez zamanda cəza verilməyin tərəfdarı deyiləm. Çünki məsələ araşdırılmalı, ictimai müzakirəyə çıxarılmalıdır”. Ekspert təəssüflə qeyd edib ki, Azərbaycanda ictimai qınaq yoxdur: “Görürlər ki, kimsə əxlaqsız hərəkət edir, göz yumub keçirlər. Bu, vətəndaş kompleksi deməkdir, vətəndaşlara belə davranışı heç cür bağışlamaq olmaz. Yəni harada əxlaqsızlıq baş verirsə, orada hər kəsin, o cümlədən mənim günahım var. Çünki cəmiyyəti quranlar bizik və belə eybəcər cəmiyyətin anormal hərəkətlərinə də təəccüblənməməliyik. Direktorun fəaliyyəti ciddi araşdırılmalıdır. Tam əminəm ki, onun işində başqa qanunsuzluqlar da olmamış deyil. Bütün məktəb direktorları rüşvətlə məşğuldur. Niyə normal müəllimlər məktəb direktoru ola bilmirlər? Nə üçün icra başçıları direktorların seçilməsi imtahanına “burun soxurlar?”. Çünki ölkədə hər şey icra başçılarının əlindədir”. aia.az Geri dön |