Ana Sayfa > Qərbi Azərbaycan > Bakı və Sumqayıt şəhərlərinin tibb müəssisələrində struktur dəyişiklikləri aparılır

Bakı və Sumqayıt şəhərlərinin tibb müəssisələrində struktur dəyişiklikləri aparılır


4-06-2021, 14:15. Yazar: admen
Bakı və Sumqayıt şəhərlərinin tibb müəssisələrində struktur dəyişiklikləri aparılır

Səhiyyə sistemində həyata keçirilən islahatlar çərçivəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Bakı şəhərinin rayonları üzrə 11 tibb mərkəzi yaradılıb. Aparılmış struktur dəyişikliyinə əsasən paytaxtda çoxprofilli stasionar və ixtisaslaşdırılmış poliklinik xidmət göstərən tibb müəssisələri müvafiq ərazi üzrə tibb mərkəzlərinin tabeliyinə verilib.

Agentlikdən bildirilib ki, Nəsimi rayonu ərazisində fəaliyyət göstərən 1 saylı Kliniki Tibbi Mərkəzin bazasında Nəsimi, Yasamal və Səbail rayonları üzrə tibb müəssisələrini özündə birləşdirən Kliniki Tibbi Mərkəz yaradılıb. Digər inzibati ərazi vahidləri üzrə isə Nərimanov, Nizami, Sabunçu, Binəqədi, Suraxanı, Qaradağ (Lökbatan), Ələt (Qaradağ), Xətai, Pirallahı və Xəzər tibb mərkəzləri təsis olunub. Qaradağ rayonunun ərazisinin böyüklüyü ilə bağlı və sakinlərin tibbi xidmətlərə əlçatanlığını təmin etmək məqsədilə sözügedən rayon üzrə 2 tibb mərkəzi (Lökbatan, Qaradağ) yaradılıb.

Bundan başqa, Sumqayıt şəhər Səhiyyə Şöbəsinin bazasında yeddisi Ailə Sağlamlıq Mərkəzi və dördü şəhər xəstəxanası olmaqla 18 tibb müəssisəsindən ibarət Sumqayıt Tibb Mərkəzi yaradılıb.

Tibb mərkəzlərinin yaradılması zamanı müvafiq inzibati ərazi üzrə əhalinin sayı, əhaliyə düşən tibb işçilərinin sayı, tibb müəssisələrinin maddi-texniki bazasının vəziyyəti, nəqliyyat və digər infrastruktur imkanları nəzərə alınıb. Tibb mərkəzləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərəcəklər.

Bu struktur dəyişikliklərini həyata keçirməkdə əsas məqsəd Bakı və Sumqayıt şəhərləri üzrə fəaliyyət göstərən dövlət tibb müəssisələrinin fəaliyyətinin effektiv təşkili və idarə olunmasını təmin etməkdir. İdarəetmənin mərkəzləşdirilməsi, tibb müəssisələri şəbəkəsinin optimallaşdırılması və onların resurslarından səmərəli istifadə islahatın prioritet istiqamətlərindəndir. Eyni zamanda qeyd olunmalıdır ki, struktur dəyişiklikləri planı hazırlanarkən icbari tibbi sığortanın tətbiqi ilə bağlı həyata keçirilən pilot layihə və tibb müəssisələrinin potensialının qiymətləndirilməsi üzrə nəticələr nəzərə alınıb, mövcud vəziyyət araşdırılıb.

Yenilik haqqında məlumat verən agentliyin Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov bildirdi ki, yeni mərkəzlər, həmçinin əhatə etdikləri tibb müəssisələrinin kadr ehtiyaclarını müəyyənləşdirəcəklər: “Burada məqsəd tibb müəssisələrinin ixtisaslı və peşəkar heyətlə komplektləşdirilməsini həyata keçirməkdir. Əvvəllər hər hansı rayon üzrə tibb müəssisəsində ixtisaslaşmış tibb mütəxəssisinə ehtiyac yarandığında onun digər xəstəxanalardan konsultant kimi cəlb olunması çətinlik törədirdi. Struktur dəyişikliyi isə vətəndaşlara çoxprofilli xidmət göstərməyə imkan verir, tibb personalının tibb müəssisələri üzrə düzgün paylanılmasına şərait yaradır. Belə ki, müəssisələrin kadr ehtiyacı qiymətləndirilir və ehtiyac yarandığı təqdirdə ixtisaslı həkimlərin işə cəlb olunması təmin olunur. Əgər müəyyən ərazi üzrə bir tibb müəssisəsində ixtisaslı həkim digərindən çox olarsa, həmin şəxs ehtiyac olan yerə təyin olunur”.

A.Nəsirovun sözlərinə görə, tibb mərkəzlərinin yaradılması xəstələrə Bakının ətraf rayonlarından uzaq məsafə qət edib mərkəzə gəlmədən öz inzibati əraziləri üzrə yerlərdə xidmət almalarına şərait yaradacaq: “Vətəndaşlar bu zaman vaxt itirmədən yaxın məsafədə yerləşən tibb müəssisəsinə müraciət edib rahat şəkildə tibbi xidmətdən yararlana biləcəklər. Beləliklə, islahatlar nəticəsində həm tibbi xidmətin keyfiyyəti artacaq, həm də onun əhali üçün əlçatanlığı təmin olunacaq”.

AİA.Az


Geri dön