Ana Sayfa > Media > Azərbaycan pandemiya ilə mübarizədə qlobal çağırışlarla çıxış edən nadir ölkələrdəndir
Azərbaycan pandemiya ilə mübarizədə qlobal çağırışlarla çıxış edən nadir ölkələrdəndir3-06-2021, 12:23. Yazar: sevinc1 |
Koronavirusla mübarizəni bəzən müharibə ilə müqayisə edirlər. Hər bir müharibədə sərkərdənin döyüş strategiyası və dəqiq taktikası olur. İndiki halda isə bu çətindir: bir tərəfdən düşmən gözə görünmür, digər tərəfdən vəziyyət çox sürətlə dəyişir. Bu mürəkkəbliyə baxmayaraq, Prezident İlham Əliyevin problemə strateji baxışı və risklərin dəyərləndirilməsinə əsaslanan uzaqgörən qərarları əsas məqsədə - virusun yayılmasının qarşısının alınmasına və yoluxma zəncirinin qırılmasına gətirib çıxardı. "Bizim üçün prioritet məsələ insanların sağlamlığıdır, insanların həyatıdır və insanların sosial müdafiəsidir”, - deyən Azərbaycan Prezidentinin siyasəti pandemiyanın ilk günündən buna hədəflənmişdi. Sərt və qabaqlayıcı tədbirlər nəticəsində vəziyyəti çox keçmədən nəzarətə almaq mümkün oldu. Yoluxanlarla sağalanların say nisbətində müsbət dinamika yarandı. Azərbaycan səhiyyəsi, o cümlədən tibb işçiləri çətin sınaqdan çıxmaq iqtidarında olduqlarını nümayiş etdirdi. Koronavirus xəstələri əksəriyyəti son illərdə tikilmiş 20-dən çox dövlət xəstəxanasında mükəmməl müalicə alıb və almaqdadır. Epidemiyanın tüğyan etdiyi günlərdə 575 çarpayılıq ən müasir "Yeni klinika”nın açılması, Sumqayıt Kimya Sənayesi Parkında gündə 250 min tibbi maska istehsal edən müəssisənin işə salınması böyük üstünlüyümüz oldu. Hazırda Prezidentin göstərişi ilə modul tipli 10 xəstəxana inşa olunur. Bu xəstəxanaların işə düşməsi 2 min əlavə çarpayı deməkdir. Mart ayında istifadəyə verilmiş 1000 çarpayını, bu gün fəaliyyət göstərən 18 laboratoriyanı, həkimlərimizin yüksək peşəkarlığını və fədakarlığını da buraya əlavə etsək, səhiyyə sistemimizin bugünkü mənzərəsi və görülmüş işlərin miqyası tam aydınlaşar. Müharibə termini ilə desək, bu gün ön cəbhədə vuruşan səhiyyə işçiləridir - həkimlər, tibb bacıları, sanitarlar, laborantlar və başqalarıdır. İnsan həyatı uğrunda mübarizədə yüksəkixtisaslı səhiyyə işçilərindən ibarət böyük bir ordu iştirak edir. İxtisasca həkim olan Birinci vitse-prezident Mehriban Əliyevanın "Instagram” səhifəsində paylaşdığı fikirlər fədakar tibb işçilərinin əməyinə verilən yüksək qiymət kimi diqqət çəkir: "Bu günlərdə biz həkim peşəsinin niyə müqəddəs missiya adlandırıldığını yenidən dərk edirik. Bu peşə həqiqətən də həmişə dərin zəka və yüksək bacarıq tələb edib. Amma bu gün bizim tibb işçilərimizdən həm də böyük şəxsi cəsarət tələb edir. Onlar bu çətin sınaqdan şərəflə çıxırlar”. Azərbaycanın COVID-19 xəstəliyinin müalicəsinin öhdəsindən bacarıqla gəldiyini yoluxma və ölüm hallarının müqayisəsində aydın görmək olar: İndiyədək koronavirusa yoluxmuş 334288 nəfərin 325418-i sağalıb, cəmi 4926 ölüm halı qeydə alınıb. Hər iki göstərici üzrə istər ən yaxın qonşularımız - İran, Rusiya və Türkiyə, istərsə də ən çox inkişaf etmiş Avropa ölkələri - İtaliya, İspaniya, Fransa, Böyük Britaniya, Belçika ilə müqayisədə qat-qat yaxşı vəziyyətdəyik. Azərbaycan əhali sayına nisbətdə yoluxma və ölüm hallarının ən aşağı səviyyədə olduğu nadir ölkələrdən biridir. Prezidentimizin uzaqgörənliyi, müdrik qərarları, riskləri düzgün dəyərləndirməsi, xalqımızın həmrəyliyi hadisələrin ən pis yöndə inkişaf etməsinin qarşısının alınmasına vəsilə oldu və Azərbaycan həkiminə olan inamı qaytardı. Məleykə Ağayeva, YAP Sabiarbad rayon təşkilatının sədri aia.az Geri dön |