Ana Sayfa > Media > Uğurlarımızın əsasında güclü dövlət və müstəqil siyasət dayanır
Uğurlarımızın əsasında güclü dövlət və müstəqil siyasət dayanır31-05-2021, 11:02. Yazar: sevinc1 |
Vətən müharibəsində çalınmış Zəfər Azərbaycan Prezidentinin, xalqımızın və müzəffər ordumuzun qələbəsidir. Tarixi torpaqlarımızı 30 ildir işğal altında saxlayan Ermənistanın hərbi təxribatları müntəzəm xarakter alanda Azərbaycan cavab vermək məcburiyyətində qaldı. Şanlı Aprel döyüşlərindən sonra dərs almayan Ermənistan bu ilin iyul və avqust aylarında yenidən hərbi təxribatlara əl atdı, sentyabrın 27-də baş verənlər isə səbir kasamızı daşıran son damla oldu. Vətən müharibəsi başlamışdı və bütün Azərbaycan bir neçə dəqiqənin içində cəbhəyə kökləndi. Hamının qəlbi Vətən naminə döyündü. Xalq öz Prezidentinin ətrafında sıx birləşməklə bütün dünyaya sübut etdi ki, Qarabağ millətimizin milli ləyaqət rəmzidir və Azərbaycan xalqı Qarabağ arzusundan bir addım da geri çəkilməyib. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi milli quruculuq prosesi ona gətirib çıxardı ki, Prezident–Ordu-Xalq birliyi qalib gəldi, düşmən 30 ildə işğal altında saxladığı torpaqlarımızdan qovuldu. Vətən müharibəsində Azərbaycan xalqı da, dövləti də Qarabağın işğaldan azad olunması ilə bağlı var-qüvvəsini ortaya qoydu. İllərdir qurulan güclü ordu, yetişən vətənpərvər nəsil düşmən çəpərinə çevrildi. Prezident İlham Əliyev müharibənin gedişində dəfələrlə bəyan etmişdir ki, “dünyada heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq, biz qalib gəlirik, biz zəfər çalırıq və öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik.” Bu əminlik 44 günlük müharibədən Azərbaycanın qalib ayrılmasını şərtləndirdi. Prezident İlham Əliyev hər dəfə yeni kənd və şəhərlərimizin işğaldan azad olunması xəbərini xalqa çatdıranda bu, insanlarda qələbəyə böyük ümid yaradırdı. Cənab Ali Baş Komandanımız həmişə deyirdi ki, O nəyi nə vaxt edəcəyini yaxşı bilir. Bu gün döyüş meydanında baş verənlər Azərbaycan Prezidentinin uzaqgörənliyini, onun bacarığını ortaya qoydu. Bu həm də Xalqın öz liderinə sonsuz inamının, ona etimadının təntənəsi idi. Onun hakimiyyətdə olduğu 17 il ərzində ölkəmizin xarici siyasət kursunda yalnız bu prinsiplər üstünlük təşkil etmişdir-Azərbaycanın müstəqilliyini möhkəmləndirmək, müstəqil siyasətə sadiq olmaq və ölkənin ərazi bütövlüyünü bərpa etmək. Beləliklə, 44 gün davam edən Vətən müharibəsində Azərbaycan təkcə döyüş meydanında deyil, həm də diplomatiya sahəsində qalib gəldi. Bu qələbə istisnasız olaraq Ali Baş Komandanımızın diplomatiyasının ən böyük uğurudur. Bu qələbə bir xalq kimi dünyaya gücümüzü göstərdi, Azərbaycanın bir dövlət kimi potensialını nümayiş etdirdi. Bunu düşmən də, onun havadarları da gördü. Biz həm də Azərbaycan Xalqının Ümumilli Lideri Heydər Əliyev arzusunu, onun öz davamçısına vəsiyyətinin tarixi reallığa çevrilməsini gördük. Cənab İlham Əliyev ata vəsiyyətini yerinə yetirməklə Azərbaycan tarixinə şanlı səhifə yazdı. Böyük Sərkərdənin başçılıq etdiyi müzəffər ordu 1992-ci il may ayının 8-də əlimizdən zorla alınan Şuşa şəhərini də 2020-ci il noyabr ayının 8-də doğma nəfəslərlə isindirdi. Artıq həyatımızda yeni dövr başlayır. Bu dövrün özəllikləri olacaq, çünki, onun Xalqın maraqlarını üstün tutan, ölkənin bütün potensialını vətən naminə səfərbər edən Lideri var və Xalq- Lider vəhdəti Azərbaycanın xoşbəxt gələcəyinin qarantıdır. Tahir Gülnəzərov, Salyan rayon Qarabağlı-1 kənd tam orta məktəbin direktor əvəzi Geri dön |