Ana Sayfa > Seçki 2024 > Cümhuriyyətin yaranması xalqımızın müstəqil yaşamaq istəyinin nəticəsi idi

Cümhuriyyətin yaranması xalqımızın müstəqil yaşamaq istəyinin nəticəsi idi


28-05-2021, 17:24. Yazar: admen
Cümhuriyyətin yaranması xalqımızın müstəqil yaşamaq istəyinin nəticəsi idi

Xalqımızın milli dövlətçiliyə nail olmaq arzularının gerçək ifadəsi olan və ömrü cəmi 23 ay çəkən Azərbaycan Xalq Cümhuriyyəti ürəklərdə elə bir məşəl alovlandırdı ki, təqribən, 70 il ərzində hökmranlıq etmiş totalitar kommunist rejiminin amansız cəza-repressiya maşını belə bu məşəli söndürə bilmədi. Keçən əsrin 80-ci illərinin ortalarından etibarən Sovet imperiyasının dağılması ilə nəticələn milli oyanış dalğası Azərbaycanda əzəmətli xalq hərəkatına çevrildi və beləliklə, özünü AXC-nin varisi elan edən Azərbaycan Respublikası 1991-ci ildə yenidən dövlət müstəqilliyinə qovuşdu.

Əlverişli tarixi şəraitin və taleyin xalqımıza bəxş etdiyi imkanlardan yaranmış müstəqil dövlətimiz Azərbaycan tarixinin növbəti, keyfiyyətcə yeni bir mərhələsinin başlanğıcını qoymaqla, yeni cəmiyyət quruculuğu ilə bağlı çoxsaylı siyasi, iqtisadi, sosial və mədəni-mənəvi həyat məsələlərini və ərazi bütövlüyünü qorumaq, Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının faydalı həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək kimi ifadə olunmuş vəzifələrin həll edilməsini qarşıya məqsəd olaraq qoydu. Lakin bu bir faktdır ki, müstəqilliyimizin ilk illərində ölkədə hökm sürən hərc-mərclik, vətəndaş qarşıdurması, o dövrkü AXCP-Müsavat cütlüyündən ibarət hakimiyyətin siyasi səriştəsizliyi, iqtisadi böhran və digər tərəfdən xarici təzyiqlər, xalqımızın məcburi olaraq müharibəyə cəlb olunması, 20 % torpaqlarımızın işğalı müstəqilliyimizi təhlükə qarşısında qoydu. 1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi ilə müstəqilliyin itirilməsi təhlükəsi yarananda xalqın çağırışı ilə ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gətirildi və Azərbaycan müstəqilliyinin yeni mərhələsinə qədəm qoydu. Beləliklə, ölkəmiz üçün çiçəklənmə, iqtisadi inkişaf dövrü başlandı. Ulu Öndər Heydər Əliyevdən sonra hakimiyyətə onun siyasi varisi, “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” dediyi cənab İlham Əliyev gəldi. Prezident İlham Əliyevin hakimiyyəti illərində isə Azərbaycan bütün sahələrdə inkişafını davam etdirərək regionun ən güclü dövlətinə çevrildi. Azərbaycanın həyata keçirdiyi və iştirakçısı olduğu beynəlxalq layihələr onun dünyadakı nüfuzunu artırdı və onu regionda əsas söz sahibinə çevirdi. Bugün Azərbaycanın öz tarixinin ən güclü dövründədir. Xüsusilə də 44 günlük Vətən müharibəsindən sonra regionda yararan yeni reallıq Azərbaycanın dünyanın siyasi xəritəsində rolunun artmasında əhəmiyyətli rol oynadı.

Beləliklə, bugün Azərbaycan təkcə regionun deyil, bölgədə apardığı siyasət və iştirakçısı olduğu beynəlxalq layihələr nəticəsində dünyanın maraq dairəsindədir. Azərbaycanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən beynəlxalq layihələr böyük potensiala malik Azərbaycan- ABŞ münasibətlərində perspektivlərin artmasında, Çin dövləti ilə konstruktiv əməkdaşlığın inkişafında, qonşu Rusiya, İran, Gürcüstan, Türkiyə dövlətlərinin də regionun inkişafına töhfə verəcək layihələrə cəlb olunmasına şərait yaradaraq bölgəyə beynəlxalq marağın artmasında əhəmiyyətli rol oynayır.
Ölkəmizin beynəlxalq aləmdəki nüfuzu dünyanın ən inkişaf etmiş dövlətlərinin Azərbaycan ilə qarşılıqlı iqtisadi, siyasi, hərbi əməkdaşlıq qurmaq istəyində özünü göstərir. 28 May - Respublika Günü münasibətilə 60-dan artıq ölkə rəhbəri tərəfindən yazılmış təbrik məktubları Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun və genişlənən əməkdaşlığının göstəricisi olaraq ölkəmizə yüksək səviyyəli hörmətin və etimadın təzahürüdür.

Respublika Günü münasibətilə Azərbaycan Pezidenti İlham Əliyevə ünvanlanmış təbrik məktubları arasında ABŞ Prezidentinin təbrik məktubu ölkələrimiz arasında etibarlı münasibətlərin inkişafının göstəricisidir. ABŞ dövlətinin Azərbaycanın həyata keçirdiyi təhlükəsizlik, enerji və demokratik idarəetmə məsələlərində daim Azərbaycanı dəstəkləməsi barədə fikirlərinin təbrik məktubunda öz əksini tapması xalqlarımız arasında əlaqələrin daha da gücləndiyinin göstəricisidir. Azərbaycanın enerji layihələrinin və terrorla mübarizədə fəaliyyətinin Ağ Ev Administrasiyası tərəfindən dəstəklənməsi ölkələrimiz arasında münasibətlərin inkişafında yeni perspektivlər üçün rol açır. Bu isə ilk növbədə regionda sülhün bərqərar olunmasına ABŞ dövlətinin verə biləcəyi töhfədir.

Əldə olunan uğurlar nəticəsində ABŞ, Çin, Rusiya, Türkiyə və qonşu dövlətlərlə yanaşı bir çox ölkə rəhbərləri tərəfindən Azərbaycan strateji tərəfdaş kimi dəyərləndirilir. Azərbaycan Prezidenti İlham Əliyevə göndərilən təbrik məktublarında Çin Respublikasının Azərbaycan ilə əməkdaşlığın dərinləşməsində maraqlı olması, İran İslam Respublikasının Azərbaycanın ölkələrimizin iki səmimi qonşu kimi tarixi, mədəni və dini bağlara əsaslanaraq, yüksək səviyyəli qardaşlıq və mehriban qonşuluq münasibətləri nümayiş etdirdiyini ifadə etməsi, İtaliya Respublikası Prezidentinin xalqlarımızın gələcək rifahı naminə əməkdaşlıq əlaqələrinin perspektivlərindən bəhs etməsi Azərbaycanın beynəlxalq aləmdə durmadan artan nüfuzunun nəticəsidir.

Əli Kərimov
YAP Pirallahı rayon təşkilatının sədr əvəzi

Geri dön