Ana Sayfa > Ölkə > Deputat Musa Qasımlı: “Ağıllı kənd”in sakinləri müasir texnologiyanın verdiyi üstünlüklərdən yararlanacaqlar

Deputat Musa Qasımlı: “Ağıllı kənd”in sakinləri müasir texnologiyanın verdiyi üstünlüklərdən yararlanacaqlar


24-05-2021, 16:11. Yazar: sevinc1
Deputat Musa Qasımlı: “Ağıllı kənd”in sakinləri müasir texnologiyanın verdiyi üstünlüklərdən yararlanacaqlar

Uzun illərdən bəri işğal altında qalan torpaqlarımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən azad edilməsi xalqımızın tarixinin ən qürurverici səhifələrindən biridir. O torpaqlarımız şəhidlərimizin müqəddəs qanları ilə suvarılıb. Bizim hər birimiz buna görə şəhidlərimizə, qazilərimizə, ordumuza borcluyuq. Şəhidlərimizin ruhu bizləri o torpaqlara qayıtmağa, dirçəltməyə, qurub-yaratmağa çağırır.

Bu sözləri açıqlamasında Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, professor Musa Qasımlı deyib.

O bildirib ki, müharibənin başa çatmasından qısa müddət keçməsinə baxmayaraq, artıq dirçəliş, tikinti-quruculuq və bərpa işlərinə başlanılması dövlətimizin həm gücünü, həm qəti iradəsini, həm də o torpaqlara yeni nəfəs verməkdə aydın məqsədi olduğunu göstərir. Füzuli Beynəlxalq Hava Limanının, Şuşaya aparan avtomobil və dəmir yollarının tikintisinin, “ağıllı kənd” layihəsinin təməlinin qoyulması, Şuşada Vaqifin dağıdılmış məqbərəsinin yenidən inşası, “Xarıbülbül” musiqi festivalı və həyata keçirilən digər tədbirlər bunları sübut edir. Qısa müddətdə görülən bu işlər, su, külək və günəş enerjisi stansiyalarının inşasına başlanılması bölgədə nəinki Azərbaycanın, hətta region ölkələrinin heç birində indiyədək görünməyən ən yaxşı həyat şəraitinin qurulacağını göstərir.

Məlum olduğu kimi, Azərbaycanda “ağıllı şəhər” konsepsiyasının tətbiqi ilə bağlı araşdırma aparılması və pilot layihənin həyata keçirilməsi imkanlarının müəyyən edilməsi Prezident İlham Əliyevin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda öz əksini tapıb. Bu il aprelin 19-da isə dövlətimizin başçısı “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasının hazırlanması haqqında Sərəncam imzalayıb. Prezident İlham Əliyev tərəfindən Zəngilan rayonunun 1, 2 və 3-cü Ağalı kəndlərinin ərazisində “ağıllı kənd” layihəsinin təməli qoyulub və tikinti işləri davam etdirilir. “Ağıllı şəhər” və “ağıllı kənd” texnologiyaları vətəndaşların sağlamlığını və rifahını yaxşılaşdırmaq gücünə sahib olmaqla bərabər iqtisadi inkişaf üçün yeni yollar təqdim edir.

Professor Musa Qasımlı vurğulayıb: “Ağıllı kənd” layihəsinin tətbiqində əsas məqsədlərdən biri insanların kənd yerlərindən şəhər yerlərinə axınının qarşısını almaqdır. Eyni zamanda, insanlara kənddə pul qazanmaq imkanının yaradılması, kənd sakinlərinin də dövlət xidmətlərinə daha rahat çıxışının təmin edilməsidir.

Ümumiyyətlə, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası müasir texnologiyanın verdiyi üstünlüklərdən yararlanmağa hesablanıb. Mükəmməl əməkdaşlıq forması olan bu layihədə vətəndaş, məmur, iqtisadiyyat, elm və siyasət bir araya gəlir və səmərəli idarəçiliyə xidmət edir.

“Ağıllı kənd”də yaşayanlar, eyni zamanda, sanki ən müasir şəhərdə yaşamış olacaqlar. Bu işlərin dost ölkələrin şirkətləri tərəfindən görülməsi gücümüzə güc qatır. Artıq məcburi köçkün olmayan qardaşlarımızın böyük həvəslə tikinti-quruculuq işlərində iştirak etmələri və ocaqlarını yenidən yandırmaları vacibdir. Böyük Qayıdışın əsası qoyulub. O torpaqlar, yurd yerləri bizi çağırır. Tariximiz qarşısında bir daha alnıaçıq-üzüağ olmaqdan ötrü biz şəhərlərdəki dörd divar arasından, “kibrit qutusu”ndan çıxıb dədə-babalarımızın uyuduğu o yerlərə hamılıqla qayıtmalıyıq. Dünyasını dəyişənlərimizin məzarlarını daimi yurd yerlərimizdə yaşayaraq hər il Novruz, Ramazan və Qurban bayramlarında ziyarət etməklə ruhlarını şad etmiş olarıq. Digər tərəfdən, bütün dünya bizim azad edilmiş yurdlarımıza qayıtmağımızı da diqqətlə izləyəcək. Şanlı ordumuz döyüşdə öz sözünü dedi. İndi isə söz azad edilmiş torpaqlarda yaşamış bacı-qardaşlarımızındır. Onların doğma yerlərə qayıtmağa təşnə olduğu qənaətindəyəm. Böyük qayıdış bizim qeyrət, milli məsələmizdir. Bunu da bacaracağımıza inanıram”.

AİA.Az
Geri dön