Ana Sayfa > Təhsil > Mikayıl Cabbarovun "doğma" və "yad" rektorları - İki qruplaşmanın müdhiş oyunları

Mikayıl Cabbarovun "doğma" və "yad" rektorları - İki qruplaşmanın müdhiş oyunları


24-04-2016, 09:15. Yazar: admin
Mikayıl Cabbarovun "doğma" və "yad" rektorları - İki qruplaşmanın müdhiş oyunları




Mikayıl Cabbarov-Ceyhun Bayramov tandemi Maliyyə Nazirliyi ilə Hesablama Palatasınnı rəhbərliyi ilə rektorları "dizə gətirən” təsirli oyunu işə salıblar


Azərbaycan Tibb Universitetində, Texniki Universitetdə, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında qanuna zidd əməllər, maliyyə pozuntusu və dövlət vəsaitindən qeyri-qanuni istifadə hallarının aşkarlanması aprelin 15-də Milli Məclisdə müzakirəyə çıxarılan Hesablama Palatasının 2015-ci il üzrə hesabatında təsdiqlənib.

Mia.az xatırladır ki, hesabatda sözügedən universitetlərdə korrupsiyanın əsasən "Ali təhsil müəssisələrinin inşaat, maddi-texniki təchizat, kadr potensialı və strukturuna qoyulan minimum normalar”a əməl edilməməsi, həmçinin fəaliyyət göstərməyən struktur vahidlərinin və artıq ştatların saxlanılması nəticəsində ödənilmiş əmək haqqından, bir hissəsi isə tarif və ödəniş dərəcələrinin, habelə əlavələrin və saat hesabı haqların düzgün müəyyən olunmaması səbəbindən formalaşıb. Ali məktəblərdə 92,5 ştat vahidinin artıq saxlanıldığı müəyyən edilib.

Qeyd olunan müəssisələr üzrə əməkhaqqı xərclərinin təhlili kifayət qədər əsaslandırılmadan artıq ştat, kafedra, dekanlıq, laboratoriya saxlanıldığını göstərir və bu da vəsaitlərdən səmərəsiz istifadəyə şərait yaradıb. Ali təhsil müəssisələrində təhsil haqlarının yığılması istiqamətində bir sıra nöqsanlara yol verildiyi aşkar edilib.



Mikayıl Cabbarov

Bu və ya digər korrupsiya halları aşkarlandıqdan sonra Azərbaycan Tibb Universiteti tərəfindən 41,5 min manat vəsait büdcəyə bərpa edilib, 2 min manat məbləğində debitor borc bağlanıb, 75,8 min manat məbləğində kreditor borc azaldılıb. Universitetdə 2 mühasibə töhmət, 1 mühasibə xəbərdarlıq, prorektor və baş mühasibə ciddi xəbərdarlıq, həmçinin 2 əməkdaşa şiddətli töhmət verildiyi bildirilib.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən xarici tələbələrin təhsil haqları müvafiq icra hakimiyyəti ilə razılaşdırmaqla müəyyən olunub, lüzumsuz saxlanılan 15 ştat vahidi ləğv edilib, 3 əməkdaş aşağı vəzifəyə keçirilib və digər nöqsanların aradan qaldırılması ilə əlaqədar zəruri tədbirlər görülüb, baş mühasibə töhmət, 2 dekana və 1 əməkdaşa xəbərdarlıq edilib.

Azərbaycan Texniki Universiteti tərəfindən 4 nəfərlə bağlı intizam tənbeh tədbiri görülüb, o cümlədən 1 prorektor, 1 baş mühasib və 1 baş mühəndisə töhmət elan edilib, 1 prorektora xəbərdarlıq olunub.

Çox maraqlıdır ki, Hesablama Palatasının Milli Məclisə təqdim etdiyi hesabatda cəmi 3 universitetin adı hallanıb ki, bu universitetlərdən ikisinin rektoru da ötən ilib noyabrında deputat seçiliblər. Buna görə, Əhliman Əmiraslanov Tibb Universitetinin rektorluğundan, Ağacan Əbiyev isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası rəhbərliyindən istefa veriblər:

"Belə olan halda Azərbaycan Texniki Universitetinə 16 ildr rektorluq edən Havar Məmmədovun hədəfə gətirilməsinin özü də mararqlıdır. Yəni yuxarıda adıçəkilən hər iki təhsil ocağının rektorları yeni olduğundan palatanın korrupsiya iddiaları onların yaxalarını təhdid etmədiyi halda, bu gün Havar Məmmədovu "nişangah”a gətirib. Bu fakt cəmiyyətdə belə rəy yaradıb ki, Havar Məmmədovun 16 illik rektorluğuna son qoymaq istəyənlər var”.



Havar Məmmədov

Mia.az-a verilən məlumata görə, hələ Mikayıl Cabbarov təhsil nazir təyin edildiyi gündən sələfi Misir Mərdanovun dövründən rektor vəzifəsini tutan bütün universitet rəhbərləriylə yollarını ayırmaq və ali təhsil müəssisələrində də öz komandasını formalaşdırmaq istəyib. Lakin o, Gəncə Dövlət Universiteti, İqtisad Universiteti, Azərbaycan Müəllimlər Universiteti, ADNA və digər universitet və kolleclərin rəhbərliyində dəyişikliyə nail olsa da, nə BDU, nə Texniki Universitet, nə Memarlıq və İnşaat universitetlərinin rektorlarına "diş” batıra bilmədi.

Hətta nazir Gəncə Texnologiyalar Universitetinin rektoru Akif Süleymanovu 1-ci müavini və yaxın dostu Ceyhun Bayramovun (Bu adam həm də nurçu qalmaqalına görə vəzifəsini itirən Dini Komitəsinin sədri Elşad İsgəndərovun qaynıdır- redaksiya) yaxından dəstəyi ilə yoxlatdırıb, ciddi yeyinti faktları ilə üz-üzə qoyması da unudulmayıb. Bəli, Ceyhun Bayramovun maliyyə nazirinin müavini və "qara qutusu” sayılan qardaşı Azər Bayramovun vasitəsiylə Akif Süleymanovun rəhbərlik etdiyi universiteti dərindən yoxlatdırıb, milyonlarla manat dövlət vəsaitini mənimsədiklərini aşkarladıqları sirr deyil:

"Lakin sabiq rabitə naziri Əli Abbasovun qrup yoldaşı olan Akif Süleymanovu da devirib, Gəncədəki ali təhsil müəssisələrini tam şəkildə öz adamlarını yerləşdirə bilmədilər. Söz yox ki, bu gün Akif Süleymanovu Ceyhun Bayramov tam şəkildə ram etməyi bacarıb. Ancaq onların planı dediyim kimi, başqa idi. Onu da qovdurub, yerinə əvvəldən razılaşdıqları şəxsi təyin etdirmək idi. Ancaq bu, hələ ki iki nazirliyin güc qoymasına rəğmən, alınmayıb”.



Akif Süleymanov

Bizi məlumatlandıran mənbə deyir ki, Mikayıl Cabbarov onunla hesablaşmayan rektorları Maliyyə Nazirliyi ilə Hesablama Palatasının "əli” ilə hədəfə gətiməyi çox ustalıqla bacarır:

"Sözsüz ki, nazir və müavini Ceyhun Bayramovun "dikbaş rektor”lara qarşı başqa metodları da var. Məsələn, bir müddət əvvəl Gəncə dövlət Universitetinnin (GDU) rektoru Yadigar Əliyevin başına açdıqları oyunu xatırlayaq. Belə ki, həmin universietdə prorektor olan Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifovun qardaşı Yusif Yusifovu orada "qiyam” köklədilər. Nədən ki, Yadigar Əliyev Mikayıl Cabbarovun maraqlarına cavab verməyən, onun iradəsindən kənar rektor təyin olunmuşdu. Bundan əlavə, Cavanşir Yusifov da Azər Bayramov vasitəsi ilə Mikayıl Cabbarov-Ceyhun Bayramov tandemindən qardaşının rektor təyin edilməsini israrla xahiş edirdi. Yəni maraqlar üst-üstə düşdüyündən iki nazirlik Yadigar Əliyevə qarşı birləşib, nəhayət, onu səs-küylü formada devirdilər. Ancaq GDU-d baş verən bu çevrilişin səs-küyü bu günədək davam etdiyindən nazirlik daha bu metotdan yararlanmaq istəmir. Onunçün də Hesablama Palatası və Maliyyə Nazirliyinə müraciət edərək, universitetləri yoxladırlar. Alınan bəlli nəticələri də əsas tutub, rektorları "dalan”a sıxırlar. Məncə, Havar Məmmədov da bu plana uyğun gündəmə gətirilib”.



Yusif Yusifov

Mənbə deyir ki, Mikayil Cabbarovun xüsusi himayəsində olduğu bütün universitetlərdə korrupsiya haları pik həddə yetişib: "Ancaq bu universitetlər nəinki yoxlanır, heç adı da rəsmi qurumların hədəfinə gətirilmir. Misal olaraq GDU-da yaşanan və hələ də rüsvayçı formada davam edən rüşvətxorluq, korrupsiya və ən nəhayət, universitetin idarəolunmaz hala gəlməsinə rəsmi münasibət bildirilmir. Eyni halı İqtisad Universiteti haqda da söyləmək olar. Şəmsəddin Hacıyev rektor postunu itirdikdən sonra onunn yol verdiyi korrupsiyanı qısa zamanda aşkarlayan Təhsil və Maliyyə nazirlikləri nədənsə eyni münasibəti yeni rektor Ədalət Muradova göstərmir. Halbuki, hazırda deputat olan Şəmsəddin Hacıyevdən bu gün də universitetdən mənimsədikləri pulları geri tələb edirlər. Ancaq Ş.Hacıyevin dəfələlərə şişirdilmiş və milyonlar sərf edərək, yüksək səviyyədə təmir etdirdiyi universitetdə Ədalət Muradov təkcə ötən il guya bir neçə milyon manat dəyərində təmir-tikinti işləri aparıb. Sual olunur, niyə Yusif Yusifovla Ədalət Muradovun rəhbərlik etdiyi universitetlərdə yoxlama aparılmır və ya aparılıbsa, bunlar niyə gizlədilir?



Ədalət Muradov

Bu və ya digər faktlar isə onu göstərir ki, Azərbaycanda təhsil müəssisələri üzrə yoxlamalar da qruplaşmaların mövqeyinə görə tənzimlənir. Sözsüz ki, bu da təhsildə ciddi çöküşü şərtləndirən əsas məqamlardan başlıcasıdır”.

Məlumatlı şəxs İqtisad universiteti ilə GDU-da 2015-ci ildə təmir-tikinti, mal-materialların alınması və sair əməliyyatlarla sərf edilən vəsaitlərlə bağlı olduqca ciddi rezonas yaradacaq faktlar da təqdim edib.

Bunlarla bağlı araşıdırmalarımızı davam edəcək!

aia.az
Geri dön