Ana Sayfa > Manşet / Təhsil > Namidə Abbasova: “Güclü Naxçıvan qüdrətli Azərbaycan deməkdir”
Namidə Abbasova: “Güclü Naxçıvan qüdrətli Azərbaycan deməkdir”19-05-2021, 16:54. Yazar: sevinc1 |
“Bu gün Azərbaycanda artıq nə Dağlıq Qarabağ münaqişəsi, nə də bu adda ərazi mövcud deyil və Azərbaycan hazırda işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işlərini həyata keçirməklə məşğuldur. Ən qısa zamanda Zəngilanı Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizi açılacaq. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirilməsi bizim Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında əldə edəcəyimiz növbəti tarixi nailiyyətimiz olacaq.” Bu sözləri mətbuata verdiyi müsahibəsində Yevlax Rayon Təhsil Şöbəsinin müdiri Namidə Abbasova deyib. Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına may ayının 10-da baş tutmuş səfərinin həm siyasi, həm də iqtisadi baxımdan xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan müsahibimiz bildirib ki, Naxçıvanın iqtisadi inkişafı və hərbi gücünün artması Azərbaycanın ərazi bütövlüyünün təmin olunması baxımından da böyük önəm daşıyan amildir: “Heç şübhəsiz Naxçıvan bu gün Azərbaycanın ən inkişaf etmiş və sürətlə inkişaf edən bölgələrindən biridir. Bu inkişaf davamlı olaraq bütün sahələr üzrə müşahidə olunur. Ölkə Prezidenti cənab İlham Əliyevin Muxtar Respublikaya son səfəri zamanı da bir neçə vacib infrastruktur layihəsinin açılışı baş tutub və dövlət başçımız həmin açılışlarda şəxsən iştirak edib. O cümlədən Ordubad şəhərində içməli su və kanalizasiya layihəsi istifadəyə verilib. Qazlaşdırmanın səviyyəsi artıq 100 faizə çatıb. Elektrik enerjisi ilə təchizat 100 faizə çatıb və Naxçıvanda çox böyük enerji potensialı yaradılıb. Muxtar Respublikanın bütün şəhərləri artıq magistral yollarla bir-birinə bağlanıb və bu yollar çox yüksək keyfiyyətlə tikilir. Bu gün Naxçıvanın sənaye potensialı sürətlə inkişaf edir. Muxtar Respublika son 20 il ərzində iqtisadi artımın templərinə görə rekord nəticələr əldə edib. Ümumi daxili məhsul 10 dəfədən çox artıb. Həmçinin kənd təsərrüfatı ilə bağlı görülmüş tədbirlər də öz müsbət nəticəsini verir. Naxçıvan özünü əsas ərzaq məhsulları ilə təmin edir. Təbii ki, son illər ərzində xüsusi diqqət mərkəzində saxlanılan məsələlərdən biri də Naxçıvanın müdafiəsi və hərbi potensialının gücləndirilməsidir. O cümlədən mayın 10-da dövlətimizin başçısı Naxçıvanda hərbi aerodromun və hərbi hospitalın açılışı mərasimlərində iştirak edib ki, Muxtar Respublikanın təhlükəsizliyinin təmin edilməsində, hərbçilərin xidmət və məişət şəraitinin yaxşılaşdırılmasında bu obyektlərin böyük önəmi vardır. Məxsusi olaraq hərbi aerodromun açılması Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinin təmin edilməsində xüsusi yer tutur. Ümumiyyətlə, qeyd olunmalıdır ki, Naxçıvanın müdafiə potensialının möhkəmlənməsinə hər zaman böyük diqqət göstərilib. O cümlədən möhtərəm Prezidentimizin 2013-cü il 18 dekabr tarixli Fərmanına əsasən Naxçıvanda Ümumqoşun Əlahiddə Ordusu yaradılıb və bu ordu ən müasir silah və texnika ilə təchiz edilib. Əlbəttə ki, Naxçıvan Ümumqoşun Əlahiddə Ordunun döyüş qabiliyyəti də yüksək səviyyədədir. Beləliklə, Naxçıvanın hərbi potensialının yüksəldilməsinin həm respublikanın hüdudlarının müdafiə edilməsi, həm də ölkənin ümumi ordu potensialının gücləndirilməsi baxımından çox böyük əhəmiyyəti vardır. Məhz buna görə də Naxçıvanın müdafiəsi və hərbi potensialının daha da gücləndirilməsi məsələsi daima ölkə rəhbərliyinin xüsusi diqqət mərkəzində saxlanır.” Daha sonra Namidə Abbasova qeyd edib ki, Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində səsləndirdiyi fikirlər əslində Ermənistanın özünü növbəti, daha böyük bəlalardan qoruması və regionda həyata keçirilən transmilli layihələrə qatıla bilməsi üçün yeganə doğru konsepsiyadır: “Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə, həm də ən mötəbər beynəlxalq kürsülərdən bəyan edib ki, ölkəmizin öz ərazi bütövlüyünü təmin etməsindən sonra Cənubi Qafqazda yaranmış yeni iqtisadi inkişaf perspektivləri bütün region ölkələri üçün, o cümlədən Ermənistan üçün açıqdır. Əgər Ermənistan işğalçı-separatist baxışlarından əl çəkərsə, Azərbaycana qarşı, Türkiyəyə qarşı təxribatlarına son qoyarsa bu zaman onun da öz iqtisadiyyatını dirçəltmək şansı olar. Lakin belə görünür ki, bu gün Ermənistan hələ də öz xeyrini ziyanından seçib-ayırmaq iqtidarında olmayan qüvvələr tərəfindən idarə olunur. Əgər belə olmasaydı, Ermənistanda bəzi iqtidar və müxalifət qüvvələri hələ də Şuşanın qaytarılması ilə bağlı cəfəng bəyanatlar verməz, revanşist fikirlər səsləndirməzdilər. Təbii ki, Ermənistanı buna təhrik edən xarici qüvvələrin də bu məsələdə təsiri yox deyil. O cümlədən Fransa və Kanada kimi ölkələrin xarici işlər nazirlikləri tərəfindən verilən bəyanatlar da Cənubi Qafqazda sülhün və əmin-amanlığın bərqərar olunması işinə xidmət etmir. Lakin onlar unudurlar ki, bu gün artıq 2020-ci il noyabrın 10-na qədərki dövr deyil və artıq heç bir dövlət Azərbaycanla təhdid dilində danışa bilməz. Fransa yaxşı olardı ki, öz tarixinin kirli səhifələri barədə düşünsün. Kanada kimi dövlətlərin tövsiyyələrinə isə bizim ümumiyyətlə heç zaman ehtiyacımız olmayıb. Bu gün Azərbaycanda nə Dağlıq Qarabağ münaqişəsi, nə də bu adda inzibati ərazi vahidi artıq mövcud deyil və Azərbaycan hazırda işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işlərini həyata keçirməklə məşğuldur. O cümlədən ən yaxın vaxtlarda Zəngilanı Naxçıvanla birləşdirəcək 40 kilometrlik Zəngəzur dəhlizi mütləq açılacaq. Möhtərəm dövlət başçımızın da dediyi kimi, Azərbaycan öz üzərinə düşən vəzifələri icra edəcək. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq. Ermənistanın revanşist əhval-ruhiyyəli davranış tərzi isə yalnız Ermənistanın özünə ziyan verəcək. Cənab Ali Baş Komandanımızın da qeyd etdiyi kimi, Azərbaycanın dəmir yumruğu hər zaman onların başı üzərindədir və hər an düşməni əzməyə hazırdır.” Həmçinin Namidə Abbasova öz müsahibəsində xüsusi olaraq vurğulayıb ki, bu gün Azərbaycanın suveren və güclü bir dövlət kimi öz mövqeylərini qorumaq imkanlarına sahib olması birbaşa Heydər Əliyev siyasi kursunun təntənəsidir. Müsahibimiz bildirib ki, ölkəmizdə əldə olunan bütün uğur və nailiyyətlərin təməli də bilavasitə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub: “Ölkə Prezidenti cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına son səfərinin məhz may ayının 10-da baş tutması əlbəttə ki, təsadüf deyildir. Həmin gün bütün dünya azərbaycanlıları ölkəmizin Vətən müharibəsində əldə etdiyi tarixi Qələbədən sonra ilk dəfə idi ki, Ulu Öndər Heydər Əliyevin doğum gününü qeyd edirdilər. Birmənalı olaraq qeyd olunmalıdır ki, bütün digər uğur və nailiyyətlərimiz kimi, bu möhtəşəm Qələbəmizin də təməli məhz Ulu Öndərimiz tərəfindən qoyulmuşdur. Ümummilli Lider Heydər Əliyevin irsi hələ uzun illər tədqiq olunacaq və bu dahi şəxsiyyətin Azərbaycan qarşısında olan xidmətlərinin əsl miqyası hələ bundan sonra müəyyən ediləcək. Bu gün isə Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən Heydər Əliyev siyasi kursu Azərbaycanı yeni-yeni qələbələrə doğru inamla aparır.” AİA.Az Geri dön |