Ana Sayfa > Seçki 2024 > Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi şəhərin tarixi kimliyinin özünə qaytarılmasında müstəsna rol oynayacaq

Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi şəhərin tarixi kimliyinin özünə qaytarılmasında müstəsna rol oynayacaq


16-05-2021, 10:28. Yazar: sevinc1
Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi şəhərin tarixi kimliyinin özünə qaytarılmasında müstəsna rol oynayacaq


Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir. Azərbaycan incəsənəti ölkəmizin təbiəti kimi rəngarəng, dolğun və zəngindir. Ölkəmizdə müxtəlif sənət növlərinin hər biri ayrı ayrılıqda uzun və mürəkkəb inkişaf yolu keçsə də, son nəticədə birlikdə vəhdət təşkil edərək Azərbaycan incəsənəti və mədəniyyəti haqqında tam təsəvvür yaratmağa imkan verir. Şübhəsiz ki, Azərbaycan mədəniyyətinin inkişafında, dünyada tanınmasında Şuşa şəhərinin XIX və XX əsrlərdə Azərbaycan musiqisinə, incəsənətinə, xalçaçılıq sənətinə, heykəltəraşlığa bəxş etdiyi nümunələri, dahi şəxsiyyətləri xüsusi rol oynamaqdadır.

Təbiidir ki, hər bir xalq öz mədəniyyəti və incəsənəti ilə dünyada tanınır və təbliğ olunur. Məhz bu baxımdan Şuşanın işğaldan azad edilməsi təkcə ərazi və coğrafi deyil, mənəvi dəyərlərimizin qorunması və təbliği kontekstində də xüsusi əhəmiyyətə malik idi. Şuşa Azərbaycanın mədəniyyət beşiyi, Qafqazın sənət məbədi, Zaqafqaziyanın musiqi konservatoriyasıdır. İllərdir düşmən işğalında qalan Şuşa Azərbaycan xalqının qəlbində sağalmaz yaraya çevrilmişdi. Ölkə başçımızın hələ müharibə dövründə xarici mediaya verdiyi müsahibələrində də dediyi kimi, Şuşasız bizim işimiz yarımçıq qalardı. Bəli, biz bu gün, nəhayət 28 ildən sonra yarımçıq qalan işimizi tamamladıq, Şuşanı azad etdik. Bu gün Şuşa azaddır, Şuşa əsl sahiblərinindir. Və indi dövlətimizin qarşısında duran ilk məsələ Şuşamızı və bütün işğaldan azad olunmuş torpaqlarımızı dirçəltmək, yenidən qurmaq, ona tarixi kimliyini qaytarmaq və əsl sahiblərinə qaytarmaqdır. Bu istiqamətdə artıq bir çox işlər görülmüş, layihələr icra olunmuşdur. Atılan addımlar içində mənəvi baxımdan ən əhəmiyyətlisi, yəqin ki, ötən günlərdə-daha dəqiq desək - 07 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən verilmiş, Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında Sərəncamdır. Qeyd edək ki, Sərəncamın Şuşanın işğalı tarixi olan 8 maydan bir gün öncə verilməsi də əlamətdardır. Belə ki, illərdir ki, qəlbimizdə ağrı-acı ilə xatırladığımız 8 may indi ancaq xoş günlərimizin başlanğıc günü kimi tarixə düşəcək.

Azərbaycan tarixində və mədəniyyətində, xüsusilə musiqisində xüsusi məqama sahib olan Şuşanın azad edilməsi XX əsr Azərbaycan musiqisinin inkişafında böyük xidmətləri olmuş Hacıbəylilər nəslinin, elmin, mədəniyyətin, maarifin inkişafında silinməz izlər qoyaraq adlarını tarixə yazan Bədəlbəylilər nəslinin, keçən əsrdə dünya şöhrətli musiqi xadimləri ilə tanınan Əmirovlar nəslinin, Bülbülün, Üzeyirin ruhunun şad olması deməkdir. Şuşanın azad edilməsi Azərbaycan mədəniyyətinin inkişafı deməkdir. Məhz buna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında" Sərəncamı Şuşa şəhərinin əvvəlki statusunun bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması, xalqımızın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin dünyaya tanıdılmasına xidmət edir.

O dövrkü hakimiyyətin xəyanətinin qurbanı olan Şuşa 1992-ci il mayın 8-də Ermənistan Respublikasının hərbi qüvvələri tərəfindən işğal edildikdən sonra vandalizmə məruz qalmışdır. 29 illik işğal dövrü zamanı mənfur Ermənistan şəhərdən tariximizin izlərini silmək üçün hər yola əl atmış, yüzlərlə illik tarixi olan abidələrimizi məhv etməyə çalışmışdır. Şuşanın hər biri tarixi memarlıq abidəsi sayılan yaşayış binaları, təhsil, səhiyyə, mədəniyyət və incəsənət binaları, sənaye müəssisələri dağıdılmış, məbədgah və məscidləri təhqir olunmuşdur. Ötən il 8 noyabr tarixində Azərbaycan əsgərinin qüdrəti və əzmi sayəsində Şuşanın işğaldan azad edilməsi erməni faşizminin törətdiyi vəhşiliklərin beynəlxalq ictimaiyyətə nümayiş olunması üçün şərait yaratdı. Müjdə xəbərini verməklə bu günü həyatının ən xoşbəxt günü hesab edən Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanı dirçəltmək barədə vəd verdi. Hakimiyyətə gəldiyi ilk gündən verdiyi bütün vədlərə əməl edən Prezident İlham Əliyevin bu vədinə əməl etməsi də özünü çox gözlətmədi. Azad edildikdən dərhal sonra şəhərin infrastruktur layihələrinin icrasına başlanılması ilə yanaşı, tarixi mədəniyyət abidələrinin də bərpasına başlanıldı. Bu isə müstəqil Azərbaycanın qurucusu olan ümummilli lider Heydər Əliyevin ruhu qarşısında Azərbaycan xalqının borcu idi. Çünki, Şuşanın daimi inkişafı, Azərbaycan mədəniyyətində layiqli yer tutması Ulu Öndərin ən böyük hədəflərindən idi. Hələ Azərbaycana birinci hakimiyyəti dövründə Şuşanın qorunmasını xüsusi diqqətində saxlayan Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1977-ci ildə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilmişdir. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır.

Sonda qeyd etmək istərdim ki, nəhayət, 32 ildən sonra yaxın günlərdə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada "Xarı bülbül" festivalı keçiriləcəkdir. Festival çərçivəsində Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda xalq mahnıları və klassik musiqidən ibarət proqram təşkil olunacaqdır. Şübhəsiz ki, bu addım da xalqımız üçün əlamətdardır. Çünki, bu bizim qayıtdığımızın, illər sonra mədəniyyət beşiyimizdə mədəniyyətimizin inkişafı istiqamətində çalışdığımızın təsdiqidir. Beləliklə, Azərbaycan xalqı Şuşaya qayıdıb və onu dirçəltmək üçün var gücü ilə çalışır. Şübhə yoxdur ki, çox da uzaq olmayan gələcəkdə Şuşa təkcə Azərbaycanın deyil, regionun mədəniyyət paytaxtına və əsas turizm məkanına çevriləcəkdir.




Müslümov Loğman
Pirallahı rayon İcra Hakimiyyəti Başçısı Aparatının
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin
müavini (dini qurumlarla işin təşkilatçısı)
aia.az





Geri dön