Ana Sayfa > Gündəm > Elçin Həsənzadə: “Heydər Əliyev Azərbaycan xalqının arzularını gerçəkləşdirən əbədiyaşar liderimizdir”

Elçin Həsənzadə: “Heydər Əliyev Azərbaycan xalqının arzularını gerçəkləşdirən əbədiyaşar liderimizdir”


6-05-2021, 11:53. Yazar: sevinc1
Elçin Həsənzadə: “Heydər Əliyev Azərbaycan xalqının arzularını gerçəkləşdirən əbədiyaşar liderimizdir”

Azərbaycan xalqının xilaskar oğlu, görkəmli dövlət xadimi Heydər Əliyev XX əsrin ikinci yarısından etibarən ölkəmizin və xalqımızın tarixində, dövləti müqəddaratımızın müəyyənləşməsində həlledici rol oynamışdır. Ümummilli lider hələ sovet hakimiyyəti illərində Azərbaycan xalqının milli mənafelərinin qorunub saxlanılması və inkişaf etdirilməsi üçün misilsiz addımlar atmışdır.

Müstəqilliyimizin iqtisadi əsasları ötən əsrin 70-ci illərində formalaşıb

Ulu öndər Heydər Əliyevin bacarıqlı dövlət xadimi, təcrübəli siyasətçi, Azərbaycan dövlətçiliyinin möhkəm təməlini yaradan və onu möhkəmləndirən, davamlı inkişaf yoluna çıxaran qüdrətli şəxsiyyət kimi həyat və fəaliyyəti müasir tariximizin mühüm mərhələsini təşkil edir. Müasir dövlətçilik tariximiz Heydər Əliyev dühasının çoxşaxəli və məhsuldar fəaliyyətinin canlı salnaməsidir. Ulu öndərimiz ictimai fikri hər zaman dövrün keyfiyyətcə yeni və pozitiv dəyişikliklərinə hazırlamaq, yaranmış tarixi şəraitə uyğun strateji qərarlar qəbul etməklə yanaşı, fəaliyyətində daim milli maraq və mənafeləri önə çəkmiş, uzaq hədəflərə hesablanmış inkişaf strategiyası işləyib-hazırlamış və həyata keçirmişdir. Ulu öndər Heydər Əliyev unikal keyfiyyətlərə sahib olan bir siyasətçi kimi bir-birilə ziddiyyət təşkil edən iki müxtəlif ictimai-siyasi quruluşda ölkəyə inamla rəhbərlik etmiş, hər iki mərhələdə Azərbaycan dövlətinin möhkəmlənməsinə, tərəqqisinə çalışmış, xalqın mənafeyini hər zaman üstün tutmuşdur. Keçən əsrin 70-ci illərindən başlayaraq, Azərbaycanın müasir tarixinin bütün mərhələləri, məhz Heydər Əliyevin adı ilə bağlıdır. Onun uzaqgörənliyi sayəsində Azərbaycan iqtisadiyyatının qurulması, respublikada hərbi kadrlar yetişdirən hərbi liseyin yaradılması məhz müstəqil Azərbaycanın bugünkü inkişafı üçün nəzərdə tutulmuş addımlar idi. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan bütün sahələr üzrə inkişafının yeni mərhələsinə qədəm qoyub, sözün əsl mənasında, öz intibah dövrünü yaşayıb. İqtisadi asılılığın aradan qaldırılmasının siyasi müstəqilliyin təməlində duran əsas amillərdən biri olduğunu aydın görən ulu öndər hələ sovet dönəmində respublikanın istehsal potensialının mühüm hissəsinin ittifaq şəbəkəsindən ayırıb və bununla da respublika iqtisadiyyatının əsaslı şəkildə müstəqilləşdirilməsinə, sənaye potensialının gücləndirilməsinə nail olub. Mənz həmin illərdə Heydər Əliyevin qətiyyəti, iradəsi və təşəbbüskarlığı sayəsində keçmiş sovetlər ittifaqının bir çox qabaqcıl texnologiyalara əsaslanan sənaye istehsal müəssisələri Azərbaycanda inşa olunub. Ulu öndərin atdığı bu taleyüklü addımlar sayəsindəAzərbaycanın gələcək müstəqilliyinin iqtisadi əsası formalaşdırılıb. Həmçinin neft sənayesinin iqtisadi inkişafdakı müstəsna rolunu düzgün qiymətləndirən ulu öndər Heydər Əliyev 70-ci illərdə bu sahənin dinamik inkişafına, neft-kimya sənayesinin tamamilə modernləşdirilməsinə nail olub.

Ana dilimizi rəsmi dövlət dili səviyyəsinə yüksəldən lider

Həm sovet dönəmində, həm də müstəqillik dövründə xalqımız tərəfindən möhtəşəm nailiyyətlərin qazanılmasına səbəb olmuş uğurlu daxili və xarici siyasət Heydər Əliyev dühasının formalaşdırdığı azərbaycançılıq konsepsiyasının tərkib hissəsidir. XX əsrin 30-cu illərində formalaşmağa başlayan azərbaycançılıq vətənpərvərlik, milli özünüdərk dünyagörüşünün təşəkkülü ilə bağlı olmuşdur. Bu mənada Heydər Əliyev ən böyük azərbaycanlıdır. Bu fikir, mütərrəqqi ideya əvəzolunmaz şəxsiyyətin siyasi nitqində də öz parlaq təzahürünü tapmışdır: “Hər bir kəsin milli mənsubiyyəti onun üçün qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam.” Ulu öndər azərbaycanlı olması ilə daim fəxarət duyurdu. Bu, Azərbaycan vətənpərvərliyinin ali zirvəsidir. Ən ali vətənpərvərlik hissi öz xalqına mənsubluqdan qürur hissi keçirməkdir. Azərbaycançılıq dünyagörüşü ulu öndərin siyasi fəaliyyətinin bütün sahələrində geniş kontekstdə öz ifadəsini tapmışdır. Hələ 1969-1982-ci illər ərzində Azərbaycana rəhbərlik etdiyi dövrdə Heydər Əliyev tərəfindən siyasi-ideoloji müstəvidə görülən işlər milli inkişaf və həmrəyliyimizin təminatçısı qismində çıxış etmişdir. Milli-ideoloji siyasətin tərkib hissəsi kimi, 1978-ci ildə ulu öndərin təşəbbüsü və gərgin səyləri sayəsində Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Bu, milli ideologiyamızın funksional vahidi olan milli dilimizin mühafizəsi və təbliği baxımından mühüm tarixi əhəmiyyətə malik addım oldu. Bunun ardınca milli-mənəvi dəyərlərin qorunması istiqamətində əhəmiyyətli tədbirlər görüldü. Musiqi, teatr, kino, təsviri incəsənət və digər sahələrdə xüsusi dəyişikliklər və inkişaf meyilləri qeydə alındı. Bütün ölkə üzrə kütləvi şəkildə mədəniyyət evləri inşa edildi, abidələr ucaldıldı, incəsənət xadimlərinə fəxri adlar, ordenlər, təqaüdlər ayrıldı. Bütün bunlar isə cəmiyyətin intellektual təbəqəsinin fəaliyyətinin səmərəlilik səviyyəsini daha da artırdı. Bütövlükdə, 1969-cu ildən başlayan böyük inkişaf və rifah yolu Azərbaycanın gələcək tərəqqisinin əsası oldu. Ulu öndər deyirdi: “Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini - Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir. Gənclərə tövsiyə edirəm ki, əgər kiminsə bu barədə çatışmazlığı varsa, çalışın bunu aradan qaldırın.” Azərbaycan ədəbiyyatının və dilinin inkişaf edib zənginləşməsi ulu öndərin siyasi-mədəni fəaliyyəti ilə möhkəm bağlıdır.

Ulu Öndərin siyasi kursu bugünkü uğurlarımızın əsasıdır

Bu gün gücü, qüdrəti və beynəlxalq nüfuzu getdikcə artan Azərbaycan ulu öndər Heydər Əliyevin ideyaları əsasında hər gün yeni zirvələr fəth edir. Birmənalı olaraq demək lazımdır ki, qazanılan bütün nailiyyətlərin əsasında ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs dayanır. 18 il bundan əvvəl Azərbaycan xalqının cənab İlham Əliyevə etimad göstərməsindən sonra həyata keçirilən son uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub.

Ötən il Azərbaycan ərazisinin 20 faizinin 30 ilə yaxın Ermənistan tərəfindən işğalına son qoyub. Belə ki, 2020-ci il sentyabrın 27-də Ermənistan Azərbaycanın Silahlı Qüvvələrini və dinc sakinləri ağır artilleriya atəşinə tutaraq ölkəmizə qarşı irimiqyaslı hərbi təcavüzə başlamışdı. Azərbaycan öz vətəndaşlarını qorumaq üçün əks-hücum əməliyyatına başlamaq məcburiyyətində qaldı. Nəticədə Azərbaycan dövləti BMT Təhlükəsizlik Şurasının qətnamələrini və beynəlxalq hüququn norma və prinsiplərini icra etdi, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tamamilə darmadağın olundu. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur edildi. Ermənistan-Azərbaycan münaqişəsi sona çatdı. Münaqişə tarixdə qaldı. Bu gün isə ölkəmizin qarşısında işğaldan azad olunmuş ərazilərdə tamamilə dağıdılmış şəhər və kəndlərin, bütün mədəni və dini abidələrin bərpası kimi nəhəng vəzifə dayanır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan regionda dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək arzusundadır.


Elçin Həsənzadə
9 Saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi

Geri dön