Ana Sayfa > Seçki 2024 > Rəşad Kərimov: Heydər Əliyev xalqını sonsuz məhəbbətlə sevən lider idi

Rəşad Kərimov: Heydər Əliyev xalqını sonsuz məhəbbətlə sevən lider idi


4-05-2021, 12:04. Yazar: sevinc1
Rəşad Kərimov: Heydər Əliyev xalqını sonsuz məhəbbətlə sevən lider idi[quote][/quote]

Bu il bütün dünya azərbaycanlıları xalqımızın xilaskar oğlu, müasir Azərbaycan dövlətinin qurucusu və banisi, ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünü sonsuz ehtiramla qeyd edirlər. Ölkəmizin milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti Azərbaycanın ən yeni tarixində müstəsna yer tutur.

Ulu öndər Heydər Əliyev Azərbaycanın iki fərqli siyasi formasiyaya malik olduğu ayrı-ayrı dövrlərdə, 1969-1982-ci illərdə Azərbaycan SSR-ə və 1993-2003-cü illərdə artıq müstəqil Azərbaycana rəhbərlik etmişdir. Birmənalı olaraq qeyd olunmalıdır ki, məhz Heydər Əliyevin fədakar əməyinin, səmərəli işgüzarlığının, uzaqgörən rəhbərlik və təşkilatçılıq istedadının sayəsində Azərbaycan hələ sovet dönəmində sürətlə və hərtərəfli inkişaf edərək keçmiş İttifaqın öncül respublikalarından birinə çevrilmişdir. 1969-1982-ci illərdə ölkə iqtisadiyyatının bütün sahələrində istehsalın sürətlə artması nəticəsində iqtisadi və sosial inkişafın ümumiləşdirici göstəricisi olan milli gəlir iki dəfədən çox artmışdı. Azərbaycanda bütün sahələrin - sənayenin, elmin, təhsilin, səhiyyənin sıçrayışlı inkişafı, elm tutumlu istehsal sahələrinin yaradılması məhz Heydər Əliyevin səyləri və məqsədyönlü fəaliyyəti ilə təmin olunmuş, respublikanın intellektual, elmi-texniki və iqtisadi potensialı ciddi dərəcədə yüksəlmişdi. Heydər Əliyev respublikaya rəhbərlik etdiyi dövrdə azərbaycanlı milli kadrların hazırlanması işinə də xüsusi diqqət yetirirdi. Məhz onun təşəbbüsünün nəticəsi idi ki, azərbaycanlı gənclər keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilirdi. 1969-1982-ci illərdə 10 mindən çox azərbaycanlı gənc Rusiya, Ukrayna və digər respublikaların nüfuzlu ali məktəblərində təhsil alaraq respublikaya qayıtmış, Azərbaycanın inkişafına dəyərli töhfələr vermişlər.

Heydər Əliyev xalqını sonsuz məhəbbətlə sevmiş, Azərbaycan xalqı isə öz xilaskar övladının sevgisini daim uca tutmuşdur. Məhz xalqına olan bu məhəbbəti ulu öndəri yenidən, ikinci dəfə Azərbaycanda ölkə rəhbərliyinə qaytarmışdır. XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə də üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Həmin il xalqın təkidli tələbi ilə ölkədə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev bu addımı atmaqla Azərbaycan dövlətini real yox olmaq təhlükəsindən xilas etdi. Məhz həmin çətin anlarda xalq müdrik bir liderə, xalqı və dövləti bu çətin vəziyyətdən xilas edəcək uzaqgörən siyasətçiyə inanır, güvənirdi. 1993-cü ilin iyun ayında Ali Sovetin sədri seçilən Heydər Əliyev millət qarşısında çıxış edərək, mövcud dövlət böhranının aradan qaldırılmasının yollarını, müstəqil Azərbaycan dövlətinin daxili və xarici siyasətinin əsas istiqamətlərini müəyyənləşdirdi. Beləliklə, uzun sürən daxili çəkişmələrdən sonra, ölkədə ilk dövrlərdə kövrək olsa da, ictimai-siyasi sabitlik yarandı. Heydər Əliyev uzaqgörənliyinin və müdrikliyinin növbəti göstəricisi Dağlıq Qarabağ müharibəsində atəşkəs istiqamətində danışıqlara başlaması oldu. Həmin dövrdə Azərbaycan ordusunun əks hücumlarından qorxuya düşən erməni tərəfi də danışıqlara getdi və 1994-cü ilin mayında Ermənistanla Azərbaycan arasında atəşkəs elan olundu. Cənubi Qafqaz regionunda müharibənin dayanması və sabitliyin yaranması xarici neft şirkətlərinin Azərbaycana inamını artırdı və həmin ilin sentyabrında ARDNŞ-lə dünyanın aparıcı neft şirkətləri arasında, respublikamızda iqtisadi tərəqqinin əsasını qoymuş “Əsrin müqaviləsi” imzalandı. Həmin beynəlxalq neft sazişi Azərbaycanın sonrakı uğurlu inkişafında əsaslı rol oynadı. Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın dövlət mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı. Azərbaycanda iqtisadi tənəzzülü cilovlamaq, ordu quruculuğu ilə məşğul olmaq üçün vaxt və imkan yarandı. Beləliklə, ulu öndər Heydər Əliyevin yenilməz siyasi iradəsi sayəsində ölkədə ictimai-siyasi sabitlik bərpa olundu, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində qanunun aliliyi, insan haqlarının qorunması kimi demokratik prinsiplər bərqərar edildi. Bütün bunlar da Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış və 1995-ci il noyabrın 12-də ümumxalq referendumunda qəbul olunmuş Azərbaycan Respublikasının ilk milli Konstitusiyasında öz əksini tapdı. Ulu öndərin əsasını qoyduğu Milli qurtuluş fəlsəfəsi, sözün geniş mənasında, Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi. Ulu öndər çox böyük real təhlükələri qarşısına alaraq, xalqın və dövlətçiliyimizin qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə illərdən bəri davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Həmin gündən ötən dövr ərzində ulu öndərimizin rəhbərliyi ilə ölkəmizdə möhtəşəm uğurlara imza atıldı, islahatlar həyata keçirildi, iqtisadi dirçəliş baş verdi, ordu gücləndirildi.

Ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar qısa bir zamanda uğurlu nəticələr verərək iqtisadi inkişafa səbəb olmuş, ölkəmizin qüdrətli iqtisadi dayaqları üçün əsaslar yaratmışdır. Bütün sahələrdə olduğu kimi, Azərbaycan iqtisadi sahədə də dünya iqtisadiyyatına inteqrasiya etmiş, dövlətlərarası münasibətlərin fəal subyektinə çevrilmiş, dünya miqyasında layiqli yerini tutmuşdur.

Ulu öndərin milli maraqlara əsaslanan çoxşaxəli inkişaf strategiyası bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Möhtərəm dövlət başçımızın rəhbərliyi ilə Azərbaycan ötən müddət ərzində qarşıya qoyduğu bütün strateji məqsədlərə nail olub. Bu dövrdə nəhəng transmilli enerji layihələri həyata keçirilib, ölkənin hər yerində möhtəşəm abadlıq-quruculuq işləri aparılıb, insanlarımızın rifah səviyyəsi qat-qat yüksəlib, Azərbaycanın dünyada tanınması və yüksək nüfuz sahibi olması istiqamətində fundamental addımlar atılıb. Eyni zamanda, ötən müddət ərzində Ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü rasional və praqmatik xarici siyasət, bütün sahələrdə sistemli, kompleks xarakterli, fundamental islahatların həyata keçirilməsi nəticəsində Azərbaycanın qüdrətinin daha da artması, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın strateji tərəfdaşlıq əlaqələrinin güclənməsi, dostlarının və tərəfdaşlarının sayının mütəmadi olaraq artması təmin edilib. Ən əsası, Azərbaycan Ordusu Vətən müharibəsində parlaq tarixi Qələbə əldə edərək ölkəmizin ərazi bütövlüyünü təmin edib

Rəşad Kərimov,
9 sayli Yol İstismar MMC-nin direktoru.
Geri dön