Ana Sayfa > Manşet / Seçki 2024 > Əbədiyaşar lider

Əbədiyaşar lider


5-05-2021, 17:16. Yazar: sevinc1
Əbədiyaşar lider


Tarixdə şəxsiyyətin önəmli rolu və fövqəladə təsir imkanları zaman-zaman etiraf olunmuşdur. Böyük, qüdrətli şəxsiyyətlər xalqın sərvətidir. Bu gün unudulmaz xatirəsi böyük hörmət və ehtiramla yad edilən ümummilli lider Heydər Əliyevin həyatı və fəaliyyəti Azərbaycan xalqının və dövlətinin tam bir epoxası ilə qaynayıb qovuşmuşdur. Azərbaycan vətəndaşları üçün may ayı digər önəmli hadisələrlə yanaşı həm də ümummilli lider Heydər Əliyevin doğum günü ilə əlamətdardır.

Ulu öndər 98 il əvvəl mayın 10-da dünyaya göz açmışdır. Bu tarixi gün ərəfəsində böyük şəxsiyyətin əziz xatirəsi qədirbilən xalqımız tərəfindən minnətdarlıq hissi ilə yad edilir, onun misilsiz xidmətləri göz önünə gəlir, bütün məsələlər ətrafında düşünmək ehtiyacı yaranır. Heydər Əliyev hər şeydən əvvəl öz xalqını, böyük məhəbbətlə sevən vətənpərvər bir şəxsiyyət idi. Onun “Anam məni Azərbaycan üçün dünyaya gətirib” kəlamında bu hiss səmimi şəkildə ifadə olunub. Tarix dəfələrlə sübut etmişdir ki, Ulu öndər böyük iradə və qətiyyət sahibi, təkrarsız şəxsiyyət olmaqla ən çətin vəziyyətdən belə çıxmaq üçün düzgün yol tapmağı, hər bir zərurətdən fayda götürməyi bacarır, hətta şəraitin ən qorxunc axarını belə dövlətin xeyrinə dəyişə bilirdi.. Heydər Əliyevi zirvələrə qaldıran, ümummilli lider məqamına yüksəldən keyfiyyətlərdən birincisi onu xalqına bağlayan qırılmaz tellər idi. O, heç zaman özünün dediyi kimi, nə yüksək dövlət vəzifəsinin imkan verdiyi şəraitdə, nə də Naxçıvanda yaşadığı dövrdə xalqından uzaq düşmədi. Onunla birgə oldu, yaxşı günündə də, yaman günündə də. Azərbaycanlı olmağı ilə həmişə fəxr edən böyük öndərimiz bütün ömrünü xalqının rifahına, ölkəsinin tanınmasına, onun güclü dövlət olmasına sərf etdi, xalqa xidməti hər şeydən uca tutdu. Güclü və yenilməz bir dövlət qurdu. Azərbaycanda 1993-cü ildə yaşanan böhran, gənc Azərbaycan Respublikasının müstəqilliyinə son qoya bilərdi. Biz bu acı tarixi artıq bir dəfə 1920-ci ildə yaşamışdıq. O vaxt da Azərbaycan müstəqil respublika kimi cəmi iki il yaşaya bildi. 1993-cü ildə eyni vəziyyət təkrarlana bilərdi. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində bunun qarşısı alındı, böhrana son qoyuldu, bütün qanunsuz silahlı birləşmələr tərksilah olundu və ölkə inkişaf etməyə başladı. 1993-2003-cü illər bizim hamımızın yaxşı xatirindədir: sabitlik və inkişaf illəri, Azərbaycanın dirçəliş illəri, Azərbaycanın xarici mövqelərinin möhkəmlənməsi illəri, neft müqavilələrinin imzalanması illəri. Bu gün Azərbaycanın uğurlu inkişafında o vaxt Heydər Əliyev tərəfindən atılmış addımlar müstəsna rol oynayır. Heydər Əliyev qalib idi. O, bütün döyüşlərdən qalib kimi çıxıb, heç kim ona qalib gələ bilməmişdir. 1987-ci, 1990-cı və 1991-ci illərdəki müvəqqəti məğlubiyyət uğursuzluq deyildi. Əslində, o, yeni güclə, yeni enerji ilə siyasi mübarizəyə qoşuldu, yenidən qələbə qazandı və tarixdə qalib kimi qaldı. Heç kim və heç nə ona qalib gələ bilmədi. Nə xarici düşmənlər, nə də Azərbaycanda özünü ona rəqib qismində təqdim etməyə çalışan uğursuz siyasətçilər. Ulu Öndər diplomatiyasında da, idarəetmə təcrübəsində də geniş mənada tarixə – yaddaşa, mentalitetə, tarixi keçmişə, mənəviyyat tarixinə müdrikcəsinə istinad edirdi. Tarix onun üçün heç vaxt yaşanmış keçmiş qürrə, fəxr mənbəyi olmayıb, tarix bütün hallarda onun üçün gələcəyin məktəbi olubdur.


Tarixi kifayət qədər peşəkarcasına bilməsi sayəsində Heydər Əlirza oğlu tarixi yaşadan şəxsiyyətlər arasından çıxaraq, tarixi yaradan şəxsiyyətlər sırasına daxil olub. Ümummilli Liderin xalqı qarşısında daha bir müstəsna xidməti özündən sonra İlham Əliyev kimi layiqli varis qoymasıdır. Ulu Öndər həyatının son günlərində xalqa müraciətində ona özü qədər inandığını deyir və bildirirdi ki, İlham Əliyev Azərbaycanı daha parlaq gələcəyə aparacaq.Zaman Ulu Öndərin bu inamını təsdiqlədi. Yeni əsrin yeni lideri olan Prezident İlham Əliyev Azərbaycana uğurla rəhbərlik edir, öz praqmatik və müdrik siyasəti ilə ölkəmizi daim irəli aparır. Dövlətin sükanının etibarlı əllərdə olduğunu görən xalq öz Prezidentini hamılıqla dəstəkləyir. Heydər Əliyevin yaşayan və yaşadan ideyaları i.ığında Azərbaycan qələbədən-qələbəyə doğru inamla addımlayır. Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfər bunun ən yeni sübutudur. Bu gün Ulu Öndərimizin ruhu şaddır, xalqımız Qarabağına qovuşub.

Məzahir Bayramov.
YAP Tovuz rayon təşkilatı

Geri dön