Ana Sayfa > Seçki 2024 > Qasım Qasımov: Heydər Əliyevin adı və ideyaları əbədi yaşayacaqdır

Qasım Qasımov: Heydər Əliyevin adı və ideyaları əbədi yaşayacaqdır


4-05-2021, 15:30. Yazar: sevinc1
Qasım Qasımov: Heydər Əliyevin adı və ideyaları əbədi yaşayacaqdır

Tarixdə öz əməlləri ilə iz qoymuş şəxsiyyətlər sırasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı Vətənə və xalqa xidmət baxımından birincilər sırasında çəkilir. Dahi rəhbərin hakimiyyətdə olduğu qırx ilə yaxın bir dövr ərzində qazandığımız bütün nailiyyətlərin fövqündə məhz Heydər Əliyev fenomeni, qüdrəti və dühası, ulu öndərin uzaqgörənliklə yürütdüyü müdrik siyasi kurs dayanıb. Tariximizin ən çətin və keşməkeşli dönəmlərində Azərbaycanın nicatı və xoşbəxt gələcəyi naminə böyük siyasət meydanına atılan ulu öndərimiz Heydər Əliyevin adı və ideyaları əbədi yaşayacaqdır.

Xaosdan ictimai-siyasi sabitliyə aparan xilaskar yolu

1993-cü ilin iyununda baş verən hadisələr ölkəni dünya xəritəsindən silməyə hesablanmışdı. Həmin dövrdə ölkə hakimiyyətində olan insanların səriştəsizliyi, bəzilərinin isə aşkar xəyanətkar mövqe tutması, şəxsi ambisiyalarını irəli çəkməsi ölkəni yox olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Bir tərəfdən erməni işğalçıları xarici qüvvələrin dəstəyi ilə tarixi yurd yerlərimizi işğal edir, digər tərəfdən ölkə daxilində hakimiyyət uğrunda çəkişmələr vətəndaş müharibəsinə çevrilirdi. Xalqın ən çətin günündə ulu öndər Heydər Əliyev Bakıya gəldi. Bu, xalqın təkidli tələbi idi. Ulu öndərin Bakıya qayıdışı Azərbaycanı xilas etdi. Millətin sönməkdə olan müstəqillik arzuları yenidən canlandı, xalqımızda bu günə inam, sabaha ümid yarandı. 1993-cü ilin iyun ayında Ali Sovetin sədri seçilən Heydər Əliyev xalq qarşısında çıxış edərək, mövcud dövlət böhranının aradan qaldırılmasının yollarını, müstəqil Azərbaycan dövlətinin daxili və xarici siyasətinin əsas istiqamətlərini müəyyənləşdirdi. Ulu öndər çox böyük real təhlükələri qarşısına alaraq, xalqın və dövlətçiliyimizin qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə illərdən bəri davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Uzun sürən daxili çəkişmələrdən sonra, ölkədə ilk dövrlərdə kövrək olsa da, ictimai-siyasi sabitlik yarandı. Heydər Əliyev uzaqgörənliyinin və müdrikliyinin növbəti göstəricisi Dağlıq Qarabağ müharibəsində atəşkəs istiqamətində danışıqlara başlaması oldu. Həmin dövrdə Azərbaycan ordusunun əks hücumlarından qorxuya düşən erməni tərəfi də danışıqlara getdi və 1994-cü ilin mayında Ermənistanla Azərbaycan arasında atəşkəs elan olundu. Cənubi Qafqaz regionunda müharibənin dayanması və sabitliyin yaranması xarici neft şirkətlərinin Azərbaycana inamını artırdı və həmin ilin sentyabrında ARDNŞ-lə dünyanın aparıcı neft şirkətləri arasında, respublikamızda iqtisadi tərəqqinin əsasını qoymuş “Əsrin müqaviləsi” imzalandı. Azərbaycanda iqtisadi tənəzzülü cilovlamaq, ordu quruculuğu ilə məşğul olmaq üçün vaxt və imkan yarandı. Bu gün artıq hamıya aydındır ki, o zaman ulu öndər Heydər Əliyev tərəfindən bu taleyüklü addımlar atılmasaydı Azərbaycan dövlətini yaratmaq da, bu gün ölkəmizin ərazi bütövlüyünü erməni faşizmi üzərində əldə olunmuş möhtəşəm Qələbə ilə təmin etmək də mümkün olmayacaqdı. Beləliklə, ulu öndər Heydər Əliyevin yenilməz siyasi iradəsi sayəsində ölkədə ictimai-siyasi sabitlik bərpa olundu, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində qanunun aliliyi, insan haqlarının qorunması kimi demokratik prinsiplər bərqərar edildi. Həmin gündən ötən dövr ərzində ulu öndərimizin rəhbərliyi ilə ölkəmizdə möhtəşəm uğurlara imza atıldı, islahatlar həyata keçirildi, iqtisadi dirçəliş baş verdi, ordu gücləndirildi. Ulu öndər Heydər Əliyevin səyləri nəticəsində bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da əhəmiyyətli dəyişikliklərin əsası qoyuldu. Ümummilli liderin rəhbərliyi ilə qısa müddət ərzində ölkədə bazar iqtisadiyyatının formalaşması məqsədilə qanunvericilik bazası yaradıldı, məqsədli dövlət proqramları qəbul edildi, institusional islahatlar aparıldı, mülkiyyət münasibətlərində köklü dəyişikliklər edilməsi üçün müvafiq addımlar atıldı. Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiyanın əsasını iqtisadiyyatın inkişafına, mövcud resurslardan səmərəli istifadəyə, dünya iqtisadiyyatına inteqrasiyaya və nəticə etibarilə vətəndaşların rifah halının yüksəldilməsinə hesablanan sosialyönümlü bazar iqtisadiyyatının yaradılması təşkil edirdi. Nəticədə iqtisadi sahədə islahatların ardıcıl və sistemli şəkildə həyata keçirilməsi məqsədilə ulu öndər beynəlxalq tələblərə uyğun qanunvericilik bazasının yaradılmasını təmin etdi.


Azərbaycançılıq ideologiyasının banisi

Ulu öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasında və inkişafında müstəsna və misilsiz xidmətləri olmuşdur. Bu gün bütün dünya azərbaycanlıları üçün vahid birləşdirici faktor olan Azərbaycançılıq ideologiyasının əsasını qoymaqla, ulu öndər milli-mənəvi dəyərlər sistemimizi daha da gücləndirmiş, aşınmadan xilas etmişdir. Milli-mənəvi dəyərlərimizə qayıdışın və milli oyanışın xalqımız üçün gərəkliliyini nəzərə alan, hər zaman bu məsələni diqqət mərkəzində saxlayan ümummilli lideri Heydər Əliyev bu sahədə inqilabi addımların atılmasına zəmin yaratmışdır. Ulu öndər milli-mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın – dövlət quruculuğu prosesinin mühüm atributu hesab edirdi. Mənsub olduğu xalqın tarixi keçmişinə, mənəvi irsinə və milli dəyərlər sisteminə sönməz məhəbbət duyğularıyla yanaşan Ulu öndər deyirdi: “Hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək, xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhval-ruhiyyədə, saf əxlaqi əhval-ruhiyyədə tərbiyələndirməliyik”. Hələ 1969-1982-ci illər ərzində Azərbaycana rəhbərlik etdiyi dövrdə Heydər Əliyev tərəfindən siyasi-ideoloji müstəvidə görülən işlər milli inkişaf və həmrəyliyimizin təminatçısı qismində çıxış etmişdir. Milli-ideoloji siyasətin tərkib hissəsi kimi, 1978-ci ildə ulu öndərin təşəbbüsü və gərgin səyləri sayəsində Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Bu, milli ideologiyamızın funksional vahidi olan milli dilimizin mühafizəsi və təbliği baxımından mühüm tarixi əhəmiyyətə malik addım oldu. Bunun ardınca milli-mənəvi dəyərlərin qorunması istiqamətində əhəmiyyətli tədbirlər görüldü. Ulu Öndər Heydər Əliyev, eyni zamanda Azərbaycan multikulturalizminin də əsasını qoymuşdur. Azərbaycan xalqının təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn ümummilli lider ölkədə mövcud olan xaos və özbaşınalığa son qoymuş, ölkəmizi vətəndaş qarşıdurması kimi böyük bəlalardan xilas etmişdir. Belə bir dövrdə Azərbaycanda yaşayan bütün xalqların və dinlərin nümayəndələrinin ortaq dəyərlər ətrafında birləşməsinə ehtiyac var idi. Ulu öndər Azərbaycançılıq məfkurəsinin prinsiplərini bəyan etməklə ölkəmizin inkişafı və tərəqqisi üçün işıqlı yolun təməlini qoydu. Heydər Əliyev öz çıxışlarının birində deyirdi: “Azərbaycanda qədim dövrlərdən müxtəlif xalqların nümayəndələri yaşamış, bir çox xalqların dinləri mövcud olmuşdur. Azərbaycan və onun xalqı həmişə dini dözümlülüyü ilə fərqlənmişdir. Azərbaycanda heç vaxt dini zəmində heç bir münaqişə, heç bir toqquşma olmamışdır. Hətta ötən əsrin 80-ci illərinin axırı və 90-cı illərinin əvvəllərindəki ağır dövrdə belə heç bir mənfi fakt qeydə alınmamışdır. Bu gün də müstəqil Azərbaycanda biz hər bir insanın azadlığı üçün, o cümlədən dini mənsubiyyət azadlığı, vicdan azadlığı üçün hər cür şərait yaratmışıq. Hər kəs hansı dinə mənsubdursa, həmin dinə etiqad edir. Lakin bu, Azərbaycanda insanların mehriban, qarşılıqlı anlaşma şəraitində yaşamasına mane olmur, burada milli və dini mənsubiyyətlə əlaqədar heç bir ayrı-seçkilik yoxdur”. Məhz bu fikirlər dahi şəxsiyyətin uzaqgörən siyasətini ifadə etməyə kifayət edir. Ulu öndər Azərbaycançılıq ideologiyası ilə dilindən, dinindən, millətindən, irqindən, sosial mənsubiyyətindən asılı olmayaraq, bütün ölkə vətəndaşlarını ümumi vətən naminə həmrəyliyə dəvət etdi. Milli-dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın bu torpaq üçün milli yiyəlik hissini yaşaması isə tolerantlığın bariz təzahürünə çevrildi. Bu gün isə ölkəmizdə əsası ulu öndər tərəfindən qoyulmuş multikulturalizm öz bariz təzahürünü Vətən müharibəsinin gedişində göstərdi. Müxtəlif millətlərin, dinlərin nümayəndələri Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə vahid cəbhədə, çiyin-çiyinə verərək xalqımızın düşmənləri ilə ölüm-dirim savaşına girdilər. Budur əsl tolerantlığın, multikulturalizmin və ümumxalq birliyinin göstəricisi.

Ulu Öndərin siyasi kursu tarixi Qələbəmizi təmin etdi

Birmənalı olaraq demək lazımdır ki, 1993-2003-cü illər ərzində görülmüş və əsası qoyulmuş işlər hazırda Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Belə ki, Prezident İlham Əliyevin Azərbaycanda hakimiyyətə gəldiyi gündən keçən dövr ərzində Azərbaycanda dinamik sosial-iqtisadi inkişaf, demokratik və müasir dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə olmuşdur. Bu illər ərzində Azərbaycan istər siyasi, istər iqtisadi sahədə böyük uğurlara imza atmışdır. Bu uğurlar bugünkü Azərbaycan reallıqlarını əks etdirir. İqtisadi sahədə uğurlar mötəbər beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapmışdır. Ötən illərdə dünyada baş verən qlobal böhran fonunda, eləcə də son bir ildə bütün dünyanı cənginə almış koronavirus pandemiyası dövründə Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, bütün sosial proqramların vaxtında yerinə yetirilməsi əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş milli iqtisadi inkişaf modelinin möhkəm təməllər üzərində qurulmasının əyani göstəricisidir. Bu illər ərzində ölkəmizin təhlükəsizlik strategiyası uğurla həyata keçirilmiş, ilk növbədə, Azərbaycanın enerji təhlükəsizliyi tam təmin olunmuş, xarici enerji mənbələrindən asılılıq aradan qaldırılmışdır. Azərbaycan bu gün iqtisadi potensial baxımından regionun lider ölkəsidir. Cənubi Qafqaz iqtisadiyyatında onun payı 80 faizdən artıqdır. Bu gün gücü, qüdrəti və beynəlxalq nüfuzu getdikcə artan Azərbaycan hər gün yeni zirvələr fəth edir Heydər Əliyevin ideyaları əsasında dinamik inkişaf edir. Əlbəttə ki, qazanılan bütün nailiyyətlərin əsasında ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. 18 il bundan əvvəl Azərbaycan xalqının cənab İlham Əliyevə etimad göstərməsindən sonra həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ötən müddət ərzində qarşıya qoyduğu bütün strateji məqsədlərə nail olub. Bu dövrdə nəhəng transmilli enerji layihələri həyata keçirilib, ölkənin hər yerində möhtəşəm abadlıq-quruculuq işləri aparılıb, insanlarımızın rifah səviyyəsi qat-qat yüksəlib, Azərbaycanın dünyada tanınması və yüksək nüfuz sahibi olması istiqamətində fundamental addımlar atılıb. Eyni zamanda, ötən müddət ərzində dövlət başçısının siyasi iradəsi əsasında bütün sahələrdə sistemli, kompleks xarakterli, fundamental islahatların həyata keçirilməsi Azərbaycanın qüdrətinin daha da artmasını təmin edib.

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi kursun bütün bu illər ərzində Prezident İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə və uğurla inkişaf etdirilməsi bu gün dövlətimiz və xalqımız qarşısında uzun illərdən bəri duran ən vacib problemin həllini - işğal olunmuş torpaqlarımızın azad edilməsini təmin etmişdir. Azərbaycan artıq yeni reallıqlar yaradan ölkədir və bu reallıqlar xalqımızın daha firavan yaşamasına, dövlətimizin daha qüdrətli olmasına xidmət edəcək.

Qasım Qasımov,
Mərkəzi Muğan Kollektorunun İstismarı İdarəsinin rəisi,
Yeni Azərbaycan Partiyası İmişli Rayon Təşkilatı İdarə Heyətinin Üzvü.

Geri dön